Yaşasaydı bu gün 65 yaşını qeyd edəcəkdi…
Deyirdi ki;- “Toy elin adətidir, mədəni abidəmizdir. Milli Məclisin də aparıcısı var, ölkəmizin də. Hər işin öz aparıcısı olur. Görürsən ki, bir aktyor məclisdədir, dəvət edirsən, çıxıb iki kəlmə danışmaq istəmir. Qardaş, səhnədə danışa bilmirsən, heç olmasa burda danış da. Telekanallarda imkan vermirlər sözünü deyəsən. Gedirsən çəkilişə, verilişə baxanda görürsən ki, dediyin bütün şeirləri yarımçıq veriblər. Şair yazıq qulaq asır, deyir sözlərimi niyə yarımçıq dedin? Deyirəm, mənlik deyil, orda kəsiblər. Savadsızlar işləyir orda. Bir dənə təmiz yerimiz teatrdır. Teatrı da az qalıb korlasınlar. Filmləri, telekanalları görürəm də nə vəziyyətdədir. Dərdimiz böyükdür. Ona görə də ən kasıbın da məclisinə uça-uça gedirəm. Çünki bilirəm ki, məni ürəkdən istəyirlər.”
Xalq artisti Firəngiz Mütəllimova onu belə xatırlayır: "Zemfira Nərimanova, İlham Əsgərov və mən universitetdə bir qrupda oxumuşuq. Hətta İlhamla mən bir partada da əyləşmişik. İlham çox mədəni, çox alicənab, qayğıkeş, namuslu, qeyrətli, üzündən nur yağan bir insan idi. Onun gözəl bədii qiraəti, rolları var. İlham Azərbaycan xalqı, milləti üçün dəyərli bir sənətkar idi."
Əməkdar artist Sənubər İsgəndərli isə:- "Onun insanlığı, mədəniyyəti, sənətkarlığı haqqında heç kim fərqli bir söz deməyəcək. Sözün əsl mənasında İlham çox abırlı insan idi. O, uşaqla uşaq, böyüklə böyük ola bilirdi. Sonuncu dəfə onunla ölümündən üç gün öncə görüşmüşdük. Uzun illərdir ki, hər dəfə məni görəndə gülərək "Boyu boyumdan, soyu soyumdan..." deyə müraciət edirdi. Deyirdi ki, bizim boyumuz da yaraşır, amma heç vaxt tərəf müqabili olmamışıq. Doğrudan da, onunla səhnədə tərəf müqabili olmaq mənə qismət olmadı. Eyni tamaşada oynadıq, amma oynadığımız personajların bir-birinə aidiyyəti olmadı, bir sözlə, eyni tamaşada olsaq da, eyni səhnəni paylaşmadıq. Elə son dəfə bunu dedi, qucaqlaşdıq. Mən bilmədim ki, bu, bizim sonuncu görüşümüz olacaq. Allah ona rəhmət eləsin!"- deyir.
Bəli, xalq artisti, mərhum İlham Əsgərov gözəl insan idi. Yaşasaydı, bu gün 65 yaşını qeyd edəcəkdi. O, 16 iyul 1958-ci ildə Masallı rayonu Xoşçobanlı kəndində dünyaya gəmişdi. Azərbaycan Dövlət İncəsənət Universitetini bitirmişdi. Çalışdığı Azərbaycan Dövlət Milli Dram Teatrında bir çox yadda qalan obrazlar yaradıb. 2015-ci ildə 57 yaşında ikən vəfat edib.
Ruhu şad olsun!
Elman Eldaroğlu