"Allaha rüşvət"i kim verib?

 

"Yağışdan çıxdıq, yağmura düşdük"

Təəssüflər olsun ki, bu gün - 21-ci əsrdə Azərbaycan fermeri Seyid Əzim Şirvaninin 150 il əvvəl "Allaha rüşvət" şeirində təsvir etdiyi Azərbaycan kəndlisinin durumuna düşüb. Müasir fermerlər Allaha rüşvər təklif edəcək qədər cahil olmasa da, kifayət qədər oxşar məqamlar var. Belə ki, son illər ərzində Azərbaycan fermeri su probleminin həlli üçün üz tutacağı Allahdan başqa doğru-dürüst bir ünvan tapa bilmir. Aran camaatı yalnız suyu Allahdan istəyir. Çünki müraciət etdikləri ünvanların heç biri illərdir yığılıb qalan su problemini həll edə bilmir. İldən-ilə isə problem daha da kəskinləşir. Axır ki, bu il erkən yayda Allah "qara camaat"ın da dualarını diləklərimi eşitdi - kəndlilərə "su göndərdi". Amma deyəsən susuzluqdan dodaqları çatlayan "qara camaat" ifrata vararaq, həddən artıq su istəyib. Nəticədə Yaradanın aciz bəndəsinə göndərdiyi bol su selə çevrilərək onun varidatını dalğalara, ləpələrə qərq edib. Tam olaraq Seyid Əzim Şirvaninin "Allaha rüşvər" əsərinin kluminasiyasında təsvir edilən mənzərə bu il Azərbaycanda yaşandı. Əsrlərlə sel görməyən İmişli Biləsuvar rayonunda belə sel əhaliyə ciddi ziyan vurdu.

Əslində isə Azərbaycan ərazisində illik su dövriyyəsinin həcmi son 50 ildə ciddi kənarlaşmaya məruz qalmayıb. Hər il təxminən çaylarımızdan eyni həcmdə su dövr edir. Baxmayaraq ki, yağıntının əksər hissəsi yay aylarına düşdü, bu il ölkəmizin ərazisində su dövriyyəsi illik normadan ciddi kənarlaşma nümayiş etdirməyəcək. Sadəcə olaraq, bu il yayın əvvəlində intensiv yağışlar su dövriyyəsinin həcmini bir neçə dəfə artırdı nəticədə bölgələrimizdə dağıdıcı sel müşahidə edildi. Buna bənzər hadisələr qarşıdakı günlərdə gözləniləndir. Lakin 21-ci əsrdə Azərbaycan xalqı hökuməti bu selin qarşısında aciz durumda qaldı. Çünki onların bu təbiət hadisəsinə qarşı heç bir qabaqlayıcı tədbiri nəzərdə tutulmayıb. Məsələyə cavabdeh olan məmurlarımız dünyanın digər regionlarında baş verən oxşar bədbəxt təbiət hadisələrini misal gətirərək, əhaliyə təskinlik verməkdən başqa heç edə bilmədi. Əslində isə ölkəmizin ərazisinin əsas hissəsi düzənlik olduğundan çox nadir hallarda sel sularına şahidlik edib. Relyef səbəbindən bu il Aran rayonlarında baş verən daşqınların həcmi heç kritik deyildi. Yəni normal suvarma infrastrukturu olsaydı bu sel dağlıq dağətəyi rayonlarda indikindən bir neçə dəfə az ziyan verərdi, Aran bölgələrində isə heç hiss edilməzdi.

Belə ki, Azərbaycandakı bol sulu çaylar üzərində ehtiyat su anbarlarının tikilməsinin, mövcud olan anbarların isə lildən təmizlənərək işlək vəziyyətə gətirilməsinin vaxtı artıq çoxdan çatıb. Əvvəla ona görə ki, dünyada gedən iqlim dəyişiklikləri, əsasən ilin orta temperatur göstəricisinin yüksəlməsi yüksəkliklərdə suyun qar-buz şəklində ehtiyatlarının toplanmasına imkan vermir. Bu səbəbdən ölkə ərazisində su dövriyyəsinin həcmi erkən yazda, bəzən isə builki kimi, yayın əvvəlində sürətlənir. Nəticədə bəzən illik su dövriyyəsinin böyük əksəriyyəti bir neçə gün ya bir həftə ərzində çaylardan keçərək mənsəbə doğru hərəkət edir. Bu həm sel yaradaraq xalq təsərrüfatına ciddi ziyan vurur, həm sonrakı dövrdə su qıtlığı yaradır ki, bu da kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını aşağı salır. Biz ölkə ərazisində kifayət sayda həcmdə su anbarları tikməklə həm sel sularının təzyiqini aşağı sala, həm sonrakı dövrlərdə bu anbarlarda yığılan su ehtiyatları hesabına su qıtlığını aradan qaldıra bilərik. Belə ki, hava şəraitinə uyğun olaraq, hansısa çayda sel təhlükəsi ya su bolluğu hiss edilən kimi həmin çay üzərində yerləşən anbarların qapıları açılir. Anbarlara axın həm çayda suyun səviyyəsini nizamlayır - suyun səviyyəsini aşaği salır, həm gələcək dövr üçün anbarlara su ehtiyatı toplanır. Azərbaycan kimi kiçik ölkə ərazisində su ehtiyatlarını bu üsulla idarə etmək çox asandır. Sadəcə olaraq lazım olan su ehtiyatlarının həcmi ona uyğun olaraq anbar həcmləri hesablanaraq müəyyənləsdirilməlidir. Bunun ardınca isə müəyyənləşdirilmiş həcmdə anbar tikintisi aparılmalıdır.

Eyni zamanda, su anbarlarının yerləşdirilməsi tərtib edilən hesabata uyğun aparılmalıdır. Su anbarlarının yerləşdirilməsi əsasən sel təhlükəsinə uyğun həyata keçrilməlidir. Hansı ərazidə ənənəvi olaraq daha çox su formalaşırsa anbarların yerləşmə intensivliyi həmin ərazilərdə daha sıx olmalıdır ki, anbarlar sel təhlükəsinin önlənməsində səmərəli operativ şəkildə istifadə edə bilsin.

Respublikada irili-xırdalı 140 su anbarı mövcuddur. Onlardan 6 əsas böyük su anbarları bunlardır: Mingəçevir, Şəmkir, Araz, Yenikənd, Varvara, Ceyranbatan Sərsəng su anbarları. Azərbaycanda hər birinin həcmi 1 mln. kubametrdən çox 61 su anbarı mövcuddur. Su anbarlarının ümümi tam həcmi 21,5 km3 təşkil edir. Su anbarları həm çayın məcrasında (məcra su anbarları) həm ondan kənarda (məcradan kənar su anbarları) yaradılıb. Lakin bəla burasındadır ki, birincisi, bu anbarların həcmi su resurslarının səmərəli idarə edilməsinə imkan vermir. Yəni ölkənin suvarılan torpaqlarını ilboyu müntəzəm suvarma suyu ilə təchiz etmək üçün gərəkən su ehtiyatlarının toplanması bu həcmində anbarlara mümkün deyil. Təxmini hesablamalara görə, bunun üçün ən azı daha 10 km3 anbar həcminə ehtiyac duyulur.

Məsələnin ikinci tərəfi ondan ibarətdir ki, mövcud anbarların böyük əksəriyyəti tam gücü ilə işləmir. Anbarların 60-70 faizi tam gücünün heç yarısı qədər su tutumuna malik deyil. İllərdir təmizlənməyən su anbarları lillə dolub. Məsələn, Hacıqabulda Pirsaat çayı üzərində tikilmiş su anbarının dərinliyi 18 metr olsa da, onun 11 metri lillə dolub. Sovetlər dönəmində həmin anbar hesabına normal su ilə təmin edilən Hacıqabul rayonunda su qıtlığı səbəbindən 50 min hektardan çox torpaq sahəsi əkilmir. 50 min hektar sahədə 30 sentiner məhsuldarlıqla buğda becərilsə, bu 150 min ton taxıl deməkdir. Bu isə ölkənin illik buğdaya tələbatının 7,5 faizini təşkil edir. Yəni hər il Bakının 100 kilometrliyində bir su anbarının lillənməsi səbəbi ilə biz 150 min ton buğda itiririk. Bu hesabla bölgələrimizdə itirilən məhsul potensialı on dəfələrlə çoxdur.

Nəticə olaraq qeyd edək ki, ölkədə su anbarları həcmini bərpa etmək artırmaqla biz həm su qıtlığından, həm sel təhlükəsindən tamamilə xilas ola bilərik.

 

0.2479259967804