"Bu danışıqlar prosesini Ermənistan üçün son şans hesab etmək olar” - Ekspert

 

“Vaşinqton və Brüssel görüşlərində əldə olunan nəticələrdən sonra biz hər dəfə Rusiyanın qısqanclığı ilə iki ölkənin şərti sərhəd boyunca pozuculuq əməllərinin şahidi olmuşuq. İndiki görüşün keçirilməsini müsbət addım hesab etmək lazımdır. Çünki bu yol Azərbaycan üçün ən məqbul hesab olunur”.

Bu fikirləri siyasi ekspert Çingiz Şahbazi Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə gözlənilən görüşü ərəfəsində artan erməni təxribatlarından danışarkən bildirib. O, qeyd edib  ki, bunu münaqişənin həlli istiqamətində iştirak edən bütün ölkələr görür və onlara olub bitənlər aydındır:

“Məhz bu səbəbdən Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Qarabağ məsələsində “Dağlıq Qarabağ” sözünü işlətməməsi və heç bir statusdan söz açmaması bizə əsas verir ki, Qərb siyasi dairələrində münaqişənin həllini tezliklə həll olunmasını istəkləri var, deyək. Çünki, Rusiya ilə Ukrayna arasında gedən acımasız müharibə ilə paralel Cənubi Qafqazda yeni bir müharibənin baş verməsi və onun acı nəticələri heç kimə fayda verə bilməyəcəyini anlayırlar”.

Ekspert deyib ki, Azərbaycan bütün dönəmlərdə postmünaqişə mərhələsində belə Cənubi Qafqazın inkişafı ilə bağlı ilk öncə bölgədə sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri addımların atılmasının lazımlığını önə çəkib:

“Bunun üçün Azərbaycan prezidentinin konkret təklifləri olub. Ermənistan tərəfinin bu təkliflər fonunda Rusiyanın sifarişlərini yerinə yetirməsi və sülh danışıqlarına ciddi yanaşmaması və buna həvəs göstərməməsi sonda Azərbaycan tərəfini növbəti dəfə antiterror əməliyyatları həyata keçirməsinə səbəb olacağına gətirə bilər. Məhz bu danışıqlar prosesini Ermənistan üçün son şans hesab etmək olar”.

Çingiz Şahbazi deyib ki, ABŞ və Avropa İttifaqının siyasi dairələrində Ermənistanın sabit qalmayan siyasətini artıq hər kəsə məlumdur və burada Rusiyanın xüsusi rolunun olduğunu heç kim inkar etmir:

“Rusiya öz hərbi gücünü Qarabağda saxlamağa çalışır və ona elə gəlir ki, əgər Qarabağdan hərbi kontingenti çıxararsa, ardınca Ermənistanda olan hərbi hissələri və ümumilikdə hərbi bazasının çıxarılması prosesi başlaya bilər. Əslində bu Qərb dairələrinin planıdır və məhz bu səbəbdən lazım gələrsə, Azərbaycan tərəfinin bölgədə keçirəcəyi hər hansı antiterror əməliyyatlarına ABŞ və Avropa İttifaqı göz yumaraq öz dəstəyini verəcək”.

 

0.018668174743652