Ən yüksək nəticə göstərən tələbə: “Xaricdə təhsil almağı düşünmürəm” - AÇIQLAMA

Ən yüksək nəticə göstərən tələbə: “Xaricdə təhsil almağı düşünmürəm” - AÇIQLAMA
 

“Qarşıma qoyduğum məqsədimə çatmaq üçün əzm və həvəslə çalışdım”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycan Texniki Universitetini (AZTU) 99,36 bal ilə başa vuran Mirnizam Tağızadə deyib.

Xatırladaq ki, AZTU-nun  Xüsusi texnika və texnologiya fakültəsinin, Silah və silah sistemlərinin istehsal texnologiyası ixtisasının məzunu Mirnizam Tağızadə universiteti ölkə üzrə ən yüksək 99, 36 bal ilə başa vurub.

Onun sözlərinə görə, müəyyən çətinliklərin öhdəsindən gələrək bu yüksək nəticəni əldə edib:

“Qarşıma qoyduğum məqsədə çatmaq üçün əzm və həvəslə çalışdım. İstədiyim nailiyyəti əldə etdim. Hər bir uğura gedən yol müəyyən çətinliklərdən keçir. Hər birinin öhdəsindən gələrək bu yüksək nəticəni əldə etdim. Təhsilimi davam etdirmək üçün magistraturaya sənəd vermişəm”.

M.Tağızadə xaricdə təhsil almağı düşünmədiyini qeyd edib:
“Xaricdə təhsil almağı düşünmürəm. Oxumaq istəyən üçün ölkəmizdə də gözəl şərait var. Magistr təhsilimi Azərbaycan Texniki Universitetində davam etdirəcəyəm. Artıq ixtisaslaşma seçimi də etmişəm. Arzum magistraturanı da yüksək nəticə ilə başa vurmaqdır. Xalqıma ixtisaslı kadr olaraq xidmət etməyi düşünürəm.

Bu nəticəni gözləmirdim. Çünki həmişə fikirləşirdim ki məndən yüksək nəticə toplayan kimsə ola bilər və buna görə də hər semestr daha əzmlə çalışırdım. Əlbəttə ki, ailəmin sevincinin həddi-hüdudu yox idi. Bu ixtisası seçməkdə mənə yol göstərən atama öz təşəkkürümü  bildirirəm. Öz ixtisasım üzrə işləməyi düşünürəm”.

Mirnizam Tağızadə ölkə üzrə ən yüksək nəticə göstərdiyini dilə gətirib:

“Nəinki AZTU-da, mənim nəticəm bütün ölkə üzrə bu il üçün ən yüksək göstəricidir. Nəticəm bəlkə də illər əvvəl AZTU üçün gözlənilməz sayıla bilərdi. Son 3 ildə burada gedən inkişaf göz önündədir. Deyərdim ki, rektorumuz Vilayət müəllim universitetə təyin olunduqdan sonra AZTU sürətlə inkişaf edir. Qəbulda yüksək bal toplayanlar Texniki Universiteti seçir. Keçmişlə müqayisə aparmağı düzgün hesab etmirəm. Düşünürəm ki, nə yaxşı AZTU-nu seçmişəm.

Uşaqlıqda müəhəndis olmaq istəyirdim. Böyüdüm və atamın da məsləhəti ilə istədiyim sahədə təhsil aldım. Atam mənim idealımdı. Onun məsləhətinə hər zaman qulaq asmışam.Düşünürəm ki, atam sağ olsaydı, o da mənlə fəxr edərdi. Məqsədim isə ölkəmizə layiq mütəxəssis olmaq və Azərbaycanın adını dünyada tanıtmaqdır”.

0.017940044403076