Bağ evləri bahalaşıb - Tələb necədir?

Bağ evləri bahalaşıb - Tələb necədir?
 

İstirahətlə bağlı olaraq yay mövsümündə bağ evlərinə üz tutanların sayı kifayət qədər olur. Xüsusilə quru sərhədlərinin bağlı olması, ölkədaxili turizmə marağı daha da artırır.

Daşınmaz əmlak sahəsi üzrə ekspert Elnur FərzəliyevParalel.az ”a açıqlamasında bildirdi ki, əvvəllər bağ evi almaq istəyən şəxslər daha çox dənizkənarı ərazilərə, Abşeron yarımadasına üz tuturdular: 

“Bu da dəzinə yaxınlıqla bağlı idi. Lakin 2020-ci ildə baş vermiş pandemiya səbəbindən sərhədlərin bağlanması, çölə çıxma qadağaları insanların istirahət aylarını daha çox Azərbaycanın turistik zonalarında keçirməsinə səbəb oldu. Bu da yerli turizmin inkişafına gətirib çıxardı”. 

Ekspertin sözlərinə görə, artıq bağ evi almaq istəyən vətəndaşlar ölkəmizin müxtəlif regionlarına üz tuturlar: “Hazırda müxtəlif regionlara bağ evlərinin istər kirayəsi, istərsə də satışı ilə bağlı axınlar var. İnsanlar təkcə ev, torpaq sahəsi deyil, həm də əlavə gəlir üçün qeyri-yaşayış obyektləri alırlar. Turizmin inkişafı oranın əmlak bazarına da təsir edir, buradakı fərdi evlərə marağı artırır”. 

E. Fərzəliyev paytaxt Bakıda bağ evlərinə tələbin azalmasını daha çox dənizkənarı ərazilərdə torpaq sahələrinin qalmaması, qalan torpaqların qiymətlərinin kəskin baha olması ilə əlaqələndirib: “Bəzi ərazilərdə isə dənizə çıxış məhdudlaşdırılıb ki, buradan ev alsalar da, dəniz kənarına getməkdə çətinlik çəkirlər”. 

“Həyət evlərində mövsümi olaraq qiymət artımları olur”, - deyə ekspert əlavə edib. 

Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin sədri Elnur Əsədov isə “Paralel.az ”a açıqlamasında vətəndaşlarımızın istirahət üçün daha çox bölgələrə üz tutduğunu deyib:

“Çünki dənizətrafı bağ evləri bahadır və kifayət qədər qiymət artımı müşahidə olunur. Bakı ətrafında yerləşən bağ evlərinin kirayə qiymətlərində təqribən 5% artım var”. 

E. Əsədov bildirib ki, regionlarda yerləşən istirahət mərkəzlərində də ötən il ilə müqayisədə qiymət artımı var və bu təqribən 2-3% təşkil edir. Yay aylarında isə əmlak bazarında alqı-satqı əməliyyatlarında durğunluq yaşanır.

Könül
Paralel.az

0.021352052688599