Axşamkı məclisin davamı
(hekayə)
Namizəd müəllim ölkənin təhsil sisteminin ən böyük şöbəsində çalışırdı. Hamıya yarınmaq, kiminsə işinin aşırılmasına köməyi dəyəcəksə, onu mütləq edən, imkanı daxilində əlindən gələn köməyi heç kimdən əsirgəməyən birisiydi Namizəd müəllim. Şöbə müdirinin göstərişi ilə o, hansı məktəbə gedirsə-getsin, orada hər şeyin yüksək səviyyədə təşkil edildiyi barədə hesabat hazırlayar və yuxarı instansiyaya təqdim edərdi. Onun tərəfindən hazırlanmış hesabat isə heç vaxt geri qaytarılmaz, düzgün sayılardı. Çox böyük vəzifə daşımasa da həmişə ön cərgədə görünməyi xoşlayardı. Hamı da onu bu cür qəbul edirdi.
Yüzlərlə məktəbə yoxlamağa gedən Namizəd müəllim təhsil müəssisəsinin iclaslarında bülbül kimi ötürdü: direktor və onun müavinlərini tərif atəşinə tuturdu. Təbii ki, təriflərin gücü, bir qayda olaraq, şəxsin tutduğu vəzifə pilləsinin ölçüsü ilə həmahəng gəlməsinə çalışırdı ki, hamı razı qalsın. Namizəd müəllimin “kar”, “kor” olması, yəni məktəblərdə baş verən nöqsanları, qanunsuzluqları “görməməsi”, “bilməməsi” direktorların ürəyincə idi. Ona görə də Namizəd müəllimə bütün direktorlar hörmətlə yanaşırdılar. Namizəd müəllimə direktorlar tərəfindən qonaqlıqlar verilir, şəninə sağlıqlar söylənilir, habelə cibinə pul qoyub yola salırdılar.
Bu arada qəhrəmanımızın xarici görkəmini də qeyd etmək yerinə düşərdi. Təsəvvürünüzdə belə bir adamı canlandırın: ortaboydan azacıq hündür, əndazə daxilində dolu bədən, azacıq çallaşmış, lakin sahibinə sədaqət nümunəsi göstərərək hələ də tökülməyən uzun saç, daim gülümsəyən ağ, dolu çöhrə, səliqə ilə ütülənmiş, bir-birini tamamlayan geyim dəsti... Bir də ki, gözəl danışıq qabiliyyəti...
Uzun illər boyu topladığı təcrübədənmi, yoxsa bir qədər sadaladığım keyfiyyətinə görəmi Namizəd müəllim çevrilmişdi məktəb direktorlarının sevimlisinə. Bəzən direktorlar onu məktəbdə keçiriləcək tədbirlərə də dəvət edirdilər. Tədbirlərdə isə, əyləşdiyi yerdən, yuxarı və aşağı başda oturmasından asılı olmayaraq, tədbir iştirakçılarının baxışları Namizəd müəllimdə olardı. Danışığı hamıya xoş gələrdi, elə bil tamada idi. Söhbətlərindən hamı həzz alar, danışığı, məzəli söhbətləri heç kəsi bezdirməzdi. Yemək-içməyi daha çox sevərdi və belə tədbirlərin də ustası idi Namizəd müəllim.
Direktorlar arasında gedən söhbətlərdə vurğulanırdı ki, Namizəd müəllim böyük bir məmurun yerlisi və yaxın qohumudur. Lakin qohumluq dərəcəsinin hansı səviyyədə olması bir sirr olaraq qalmaqda idi.
Məktəblərdə son zəng günü yaxınlaşırdı. Bu əlamətdar gün münasibətilə məktəblərin bir neçəsinə Namizəd müəllimin işlədiyi şöbədən nümayəndələr ezam ediləcək, təntənəli tədbirlərdə iştirak ediləcək, onların xoş təəssüratları yazılı şəkildə rəhbərliyə çatdırılacaqdı. Hər məktəbin direktoru da ayrı-ayrılıqda çalışırdı ki, bu tədbirdə məhz onun başçılıq etdiyi məktəb fərqlənsin, onun rəhbərlik etdiyi təhsil ocağının adı birinci çəkilsin, təriflənsin. Bunun da təbii bir hiss olduğunu hamı bilir.
Bölgüdə Namizəd müəllim şəhərin bir qədər kənar qəsəbələrinin birindəki məktəbə düşmüşdü. Yəqin ki, bölgü aparılan zaman Namizəd müəllimin öz arzusu da nəzərə alınmışdı. Həmin məktəbin direktoru Nargilə müəllim və onun əri Mustafa kişi Namizəd müəllim ilə ailəvi dost idilər. Namizəd müəllim evdən bir gün əvvəl çıxıb üz tutdu məktəbin yerləşdiyi qəsəbəyə.
Haqqında danışdığım təhsil ocağı elə-belə məktəblərdən deyil: 80 nəfərədək müəllim heyəti, 1.300 nəfərədək şagirdin gələcək həyata hazırlandığı bu təhsil ocağı ölkənin tanınan-seçilən məktəblərindəndir.
...Axşam hörmətli qonaq təmtəraqla qarşılandı, onun gəlişinə hətta bir qoyun da kəsildi... Və məclis başladı, nə başladı. Xoşgəldidən sonra adəti üzrə Namizəd müəllim məclisi aldı əlinə. Təriflər, şən sağlıqlar ara vermir, vaxt ötdükcə məclis qızışır, ctolun üstündəki cürbəcür dadlı yeməklər, sanki konveyer üsulu ilə, bir-birini əvəz etdikcə çöhrələr qızarır və məclis davam edirdi. Bütün sağlıqların isə bir ünvanı vardı – məktəb direktoru Nargilə müəllim!
...Səhər açılmışdı. Yaşıllıqlara bürünmüş qəsəbənin bağ-bağatında müxtəlif quşların cəh-cəhi adama başqa bir ovqat bəxş edirdi. Gecə yarıdan keçənədək yeyib-içən iştirakçılar tənbəl-tənbəl yataqlarından qalxıb yuyunmağa gedirdilər. Əhval-ruhiyyə yüksək olsa da, qonaqlığın yaratdığı yorğunluq ab-havası qalmaqda idi: xüsusilə Namizəd müəllimdə və Mustafa kişidə. Namizəd müəllimin sifətinə baxanda hiss olunurdu ki, onun özünə gəlməsi üçün hələ bir neçə saat da vaxt lazımdır. Vaxt isə məhdud idi. Bir saatdan sonra tədbir başlayacaqdı...
Məktəbin şagird və müəllim kollektivi son zəngə çox yaxşı hazırlaşmışdı. Baharın sonu, sakit və mülayim səhər havası, yaşıllıqlara əhatə olunmuş ətraf. Açıq havada quraşdırılmış pirotexniki avadanlıq, iştirakçılar üçün həm oturmaq, həm də ayaq üstə durub baxmaq üçün şərait, bir sözlə, hər cür rahatlıq nəzərdə tutulmuşdu. İnsafən, qonaqlar da çox idi: məktəblilər, son sinfin şagirdləri və valideynlər. Xüsusilə, həm buraxılış, həm də birincilərin valideynləri tədbirin keçildiyi məkana təşrif buyurmuşdular. Məktəbin özfəaliyyət dərnəyinin üzvləri də tədbirə ürəkdən qatılanlardandılar. Onlar şeir deyəcək, mahnı ifa edəcək, səhnəciklər göstərəcək, bir sözlə, toplaşanları feyziyab edəcəkdilər. Hamı hazır idi.
Elə bu vaxt Nargilə müəllim, Namizəd müəllim və onları müşayiət edən bir neçə müəllim, tədbir iştirakçılarının alqışları altında səhnəyə qalxdılar. Və təntənəli tədbir başlandı.
İlk söz, təbii olaraq, Nargilə müəllimə verildi. Direktor mikrofona yaxınlaşdı və məktəbin tarixindən, keçmiş məzunlarından, müvəffəqiyyətlərdən, uğurlardan, gələcək planlardan danışdı, müəllimlərin təhsil sahəsində uğurlu fəaliyyətlərini də unutmadı. Və nəhayət sözü mərkəzdən gəlmiş hörmətli qonağa – Namizəd müəllimə verdi.
İlk baxışdan bilinirdi ki, Namizəd müəllim axşamkı halından hələ də ayılmayıb. Bununla belə şəstlə irəli keçdi və qədəhə oxşar mikrofonla danışmağa başladı.
Hə, elə ki, Namizəd müəllim başladı danışmağa hamı diqqət kəsildi: axı kişi mərkəzdən gəlib! O, birinci olaraq məktəbin direktoru Nargilə müəllimi tərifləməyə başladı. Onun insani keyfiyyətlərindən, pedaqoji fəaliyyətindən, alicənablığından, bacarıqlı evdarlığından, dadlı yeməklər bişirməsindən, övladlarına qayğıkeş ana olmasından uzun-uzadı danışdı. Hamı məəttəl qalmışdı, Namizəd müəllim son zəngdən bir kəlmə də danışmırdı. O, axırda əlindəki mikrofonu badə kimi yuxarı qaldırıb dedi:
-Bu badələri də içək Nargilə müəllimin şərəfinə!
Elə bu sözləri eşitcək Nargilə müəllim tez mikrofonu Namizəd müəllimin əlindən aldı. Tədbirə toplaşanlar şaqqanaq çəkib gülüşür, hərə bir atmaca atırdı. Bəli, Namizəd müəllim toplantını axşamkı məclisin davamı kimi qəbul etmişdi...
Fərhad Əsgərov (Ramizoğlu),
Azərbaycan Yazıçılar Birliyinin üzvü
"Paralel.az"