“Region Gəncləri üçün Yay Məktəbi”nə start verilib

“Region Gəncləri üçün Yay Məktəbi”nə start verilib
 

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatı və BİLİK - Bölgələrdəki İnkişaf Layihələrinin İnteraktiv Koordinasiya Mərkəzinin təşkilatçılığı ilə Şəki Olimpiya İdman Kompleksində “Region Gənclər üçün Yay Məktəbi”nə start verilib. Qeyd edək ki, layihənin məqsədi region gəncləri ilə davamlı, dayanıqlı və müntəzəm şəkildə çoxvektorlu işin qurulması, onların şəxsi inkişafına töhfə vermək, karyera quruculuğuna dəstək olmaq, dövlət gənclər siyasətinin genişmiqyaslı imkanları haqqında konsultasiyalar həyata keçirmək və ictimai fəaliyyət sahəsində bələdçi rolunu oynamaqdır. 

Layihə üçün ictimai müraciət elanı verildikdən sonra qısa müddət ərzində 1972 gənc iştirak hüququ qazanmaq üçün onlayn formada qeydiyyatdan keçib. İkimərhələli seçim turunun yekununda 5 komanda olmaqla 130 nəfərlik iştirakçı heyəti formalaşdırılıb. 

Proqrama əsasən 2 iyul səhər saatlarında gənclər Şəki şəhərinə yollanıb. 

3 iyul Ümummilli Lider Heydər Əliyevin abidəsinə ziyarət ilə başlayıb. Daha sonra Şəki Olimpiya İdman Kompleksində layihənin açılış mərasimi keçirilib. Mərasimdə qonaqlar və layihə iştirakçıları ilə birlikdə Azərbaycan Respublikasının Dövlət Himni canlı şəkildə, uca səslə ifa olunub, ardınca Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirin ikinci hissəsində "Davam” Gənclər Hərəkatının sədrinin müşaviri Niyaz Əliyevin moderatorluğu, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin ictimai inkişaf sektorunun müdiri Samir Mehralıyev və Hərəkatın İdarə Heyətinin sədri Nihad Allahyarlının iştirakı ilə panel müzakirəsi baş tutub.

Layihənin ötən iki günü ərzində təlimçi Orxan Şahbazın iştirakı ilə şəbəkələşmə sessiyası, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə ərsəyə gəlmiş “Generalın planı” adlı sənədli filmin nümayiş olunduğu film saatı, "AZGRANATA" MMC-nin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülvi Günəşlinin təqdimatında "Karyera quruculuğu prosesində özəl sektordakı iş imkanları” mövzusunda görüş, “Consensus Intellectual Center”in rəhbəri Azad Manaflının moderatorluğu ilə “Nə? Harada? Nə zaman?” intellektual yarışı həyata keçirilib.  

Layihə çərçivəsində birinci günün sonu açılış münasibəti ilə "Welcome Party", ikinci günün sonu isə "Mask Party" ilə başa çatıb. Baş tutan mədəni-kütləvi tədbirlərdə DJ-in müşayiəti ilə gənclərin zövqünü oxşayan mahnıların sədası altında əyləncəli və maraqlı anlar yaşanıb.

0.011970043182373