Zəlzələdə mənzillərə dəyən ziyan qarşılanır? - AÇIQLAMA

Zəlzələdə mənzillərə dəyən ziyan qarşılanır? - AÇIQLAMA
 

Dünən Xəzər dənizində 5,7 bal gücündə zəlzələ baş verdi və bu təkanlar Azərbaycanın bir neçə rayonunda və paytaxt Bakıda hiss olundu.

Paytaxt sakinləri bəzi ərazilərdə küçələrə axın edərək mənzillərini tərk etdi.

Vətəndaşları maraqlandıran məsələlərdən biri də zəlzələ zamanı mənzillərinə ziyan dəyəcəyi təqdirdə onun necə qarşılanacağı, kompensasiyanın verilib-verilməyəcəyidir.

Sığorta sahəsi üzrə ekspert İlkin İbrahimov “Paralel.aza açıqlamasında bildirdi ki, zəlzələ zamanı mənzillərə və fərdi evlərə dəyən ziyanın kompensasiyası üçün daşınmaz əmlakın icbari sığortası mövcuddur:

“Ölkə üzrə sığorta haqları və sığorta ödənişi differensial olaraq paylanılıb. Bakı şəhəri üçün bir hadisə üzrə sığorta haqqı 50 manat, kompensasiya 25 min manat təşkil edir. Naxçıvan, Sumqayıt, Gəncə şəhərləri üçün sığorta haqqı 40 manat, sığorta kompensasiyası 20 min manat, digər bölgələrdə isə sığorta haqqı 30 manat, sığorta kompensasiyası 15 min manat həcmində olur”. 

Ekspertin sözlərinə görə, daşınmaz əmlakın icbari sığortasında zəlzələ də sığorta hadisəsi kimi sığorta kompensasiya verilməsi üçün əsas yaradır: 

“İlk növbədə, hadisə baş verən anda sığorta şirkətinə müraciət edilməli, daha sonra sığorta şirkəti araşdırma aparmalıdır. Bu zaman Seysmoloji Xidmət Mərkəzindən zəlzələnin baş verməsi və bunun sığorta hadisəsi olması ilə bağlı arayış alınır. Bu hal sığorta hadisəsi kimi qəbul olunarsa, kompensasiya verilməsi nəzərdə tutulur”. 

Könül
Paralel.az  

 

 

0.011059999465942