Bakıda yeni tikilmiş binalarda birotaqlı mənzil qıtlığı: “Sayı getdikcə azalacaq”

Bakıda yeni tikilmiş binalarda birotaqlı mənzil qıtlığı: “Sayı getdikcə azalacaq”
 

“Son dövrlər Bakıda birotaqlı mənzil tapmaq çətinləşib”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.

V.Oruc bunun səbəbi kimi daşınmaz əmlaka yatırım edənlərin, əsasən, birotaqlı mənzillərə üstünlük verdiklərini qeyd edib:

“Birotaqlı mənzil alanlar onu ikiotaqlıya çevirib yaşayış üçün komfort vəziyyətə gətirir və kirayə bazarına təklif edirlər. Kirayə bazarının əsas müştəriləri tələbələr və yeni qurulmuş ailələrdir. Bu kontingentə sahəsi böyük olan mənzili kirayəyə götürmək sərf eləmir. Bu baxımdan, bazarda hazırda birotaqlı mənzillərin qıtlığını hiss edirik. Bu hal xüsusilə də Rusiya-Ukrayna müharibəsi nəticəsində Rusiyadakı azərbaycanlı iş adamlarının bir çoxunun öz vəsaitlərini investisiya qismində Bakıya yönəltməsindən sonra yaşanır. Həmin investisiyalar isə sahəsi böyük olan mənzilləri ehtiva etmir. Çünki belə mənzillərin kirayəyə verilməsi çətindir. Eyni binada birotaqlı və üçotaqlı mənzillər üzrə müqayisə aparsaq, görərik ki, birincilərin kirayəyə verilmə faizi çoxotaqlılardan 50% çoxdur.

Daimi yaşamaq üçün müəyyən yığım imkanlarına malik olan ailələr sahəsi böyük olan mənzillərə üstünlük verirlər. Ailə üzvlərinin sayı çox olan ailələr də bu cür mənzillərə üz tuturlar”.

O bildirib ki, birotaqlı mənzillərin qıtlığı onların qiymətlərinə də təsir göstərir:
“Birotaqlı mənzilləri, adətən, yeni tikilmiş binalarda, hələ bina bünövrə səviyyəsində olanda tapmaq daha sərfəli olur. Bu zaman həmin mənzilin təkcə birotaqlı olması yox, onun daxilində planlama işlərinin aparılmasının mümkünlüyü də nəzərə alınmalıdır. Çünki bütün birotaqlı mənzillər bu məqsəd üçün uğurlu deyil.

Məsələn, köhnə binalarda birotaqlı mənzillərin sahəsi 28-33 kvadratmetrdir. Onlarda yaşamaq o qədər də komfortlu deyil. Amma yeni tikilmiş binaların sahəsi 50-70 kvadratmetr olan birotaqlı mənzillərin isə çox asanlıqla ikiotaqlıya düzəldilməsi mümkündür. Hazırda Bakıda köhnə binalara nisbətən, yeni tikili binalarda birotaqlı mənzilləri tapmaq daha asandır. Ancaq birotaqlı mənzillərin sayı getdikcə daha da azalacaq. Çünki bunlar iri investisiya layihələri üçün məqsədəuyğundur. Yığım qabiliyyəti olan ailələr, yaxud biznes adamları mənzilləri əldə edərək onların aylıq kirayəsi ilə öz kiçik biznesini qururlar”.

V.Oruc hesab edir ki, mənzil sahibinin daxili planlama işlərində istənilən dəyişiklik etmək imkanları var:

“Bir şərtlə ki, əsas ağırlığın düşdüyü istinad sütunlarına əl dəyilməsin. Həmin sütunlara toxunulsa, bu, gələcəkdə faciələrə yol aça bilər. Yalnız köməkçi divarların yerinin dəyişilməsi, yaxud sökülməsi ilə planlama işlərində dəyişikliklərin edilməsi mümkündür. Bu da təbii ki, tam mülkiyyətçinin öz hüququdur”.

0.019710063934326