Naxçıvana uçuşlarla bağlı şad xəbər - Rəsmi AÇIQLAMA

Naxçıvana uçuşlarla bağlı şad xəbər - Rəsmi AÇIQLAMA
 

Naxçıvana uçuşların azlığı ilə bağlı sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirlir. Həmçinin bilet almaq üçün kassaların önündə böyük növbələrin yarandığı, bilet almağın olduqca çətin olduğu deyilir. 

Sonuncu dəfə Milli Məclisin deputatı Fazil Mustafa da bununla bağlı şikayətini dilə gətirib.
 “Yenə bir aydan artıqdır ki, Naxçıvana bileti böyük bir problemə çeviriblər. İran yolu bağlayıb, bircə təyyarə yolu qalıb. Tələbat varsa, təyyarələrin sayını artırın. Bir neçə il öncə bileti 60 manata qaldırdılar, onsuz da bu qiymətə kefindən kimsə Naxçıvana getmir. Adamın ölüsü, dirisi, xəstəsi, doğma yurd həsrəti var. Nədir bu bilet kassasının qarşısındakı zəhlətökən növbələr? 21-ci əsrdə bilet üçün bu qədər növbə olar? Qadını, yaşlısı, uşağı bilirsiniz nə çilə çəkir? Elektron bilet satışını deyirdiniz, hanı o biletlər? Kim məsuliyyət daşıyır buna? Təcili əncam çəkilməlidir”, - deyə millət vəkili fikirlərini ifadə edib.

Paralel.azməsələ ilə bağlı “Azərbaycan Hava Yolları” (AZAL) QSC-yə sorğu göndərib.

Şirkətdən bildirilib ki, Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) hazırda Bakı ilə Naxçıvan arasında reyslərə sərnişinlərin bütün tələbatını ödəyir: “Tam əminliklə bildiririk ki, hazırkı dövrdə bu istiqamətdə heç bir sərnişin aviabiletsiz qalmayıb. Belə olduğu təqdirdə isə sərnişinlərdən dərhal AZAL-ın [email protected] elektron ünvanına müraciət etmələrini xahiş edirik. Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səyahət etməyi planlaşdıran bütün sərnişinlər aviabiletlə təmin olunacaqlar”.

Qurumun açıqlamasında deyilir ki, aviadaşımalar mövsümündə yüksək tələbatı nəzərə alaraq, aviaşirkət tərəfindən bu istiqamətdə hər gün 8-10 uçuş yerinə yetirilir və gündəlik 2 minə yaxın sərnişin daşınır. Hazırda sərnişinlər bu istiqamətdə aviabiletləri həm onlayn, həm də aviaşirkətin rəsmi kassalarında rəsmiləşdirə bilirlər.

Həmçinin şirkət tezliklə tam onlayn bilet satışına keçəcəklərini də vurğulayıb: “Lakin mövcud narahatlığı nəzərə alaraq, yaxın zamanda biletlərin satışı aviaşirkətin rəsmi www.azal.az saytı üzərindən tam onlayn şəkildə həyata keçiriləcək. Onlayn satışa keçidin dəqiq tarixi ictimaiyyətə açıqlanacaq”.

“Bir daha xatırlatmaq istərdik ki, hazırda aviabiletlərin dəyəri Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətləri üzrə Azərbaycan vətəndaşları üçün 60 manat, xarici vətəndaşlar üçün 70 manatdır. Xüsusi kateqoriyadan olan şəxslərə isə 10 manat məbləğində güzəşt tətbiq olunur. Sərnişinlərdən mümkün fırıldaqçılıq hallarının qarşısını almaq üçün diqqətli olmalarını xahiş edirik”, - deyə açıqlamada qeyd olunur.

Könül
Paralel.az

0.02548885345459