Jurnalistlər bu halda güzəştli mənzil ala bilər - ŞƏRH

Jurnalistlər bu halda güzəştli mənzil ala bilər - ŞƏRH
 

Son illərdə qanunvericilikdə aparılan dəyişikliklər nəticəsində 15 il rəsmi iş təcrübəsi olan və MEDİA reyestrinə qəbul edilmiş jurnalistlər güzəştli ipotekayla (4%) yanaşı, MİDA-nın inşa etdiyi binalarda da mənzil sahibi ola biləcəklər. Lakin hazırki media sahəsində gəlirləri qeyd olunan tələblərə cavab verən jurnlaistlər çox azdır.

Paralel.az xəbər verir ki, bunu əmlak sahəsi üzrə ekspert Ramil Osmanlı deyib. O bildirib ki, onların bəziləri öz rəhbərlərindən aldıqları əmək haqqını tam rəsmiləşdirməyi belə tələb edə bilmirlər: "Yaxud o şəxslərin ki gəlirləri MİDA-nın tələblərinə adekvatdır onlar artıq hökumətdən azı 1 pulsuz mənzil alıblar, hətta 2 və daha çoxuna sahib olanlara da rast gəlmək olar. 

Ekspertin sözlərinə görə, əgər dövlət jurnalistlərin mənzil təminatının yaxşılaşdırılması ilə bağlı proqramın icrasına başlayıbsa və hətta bunun böyük bir hissəsini həyata keçiribsə, bu yarıda dayandırılmamalı, başa çatdırılmalıdır: "Sosial ədalət prinsipləri, jurnalistlərin dövlətə və dövlətin jurnalistlərə münasibəti baxımından da bu, çox vacibdir. Əvvəl tikilən binalarda baş verən neqativlərdə jurnalistlərin günahı yoxdur, olsa da çox azdır. Dövlətin müvafiq sahəyə təhkim etdiyi vəzifəli şəxslərin günahını, neqativlərini jurnalistlərin çiyninə yükləmək doğru deyil. Əksinə o neqativlərdən nəticə çıxararaq daha ədalətli, daha şəffaf və hamının razı qala biləcəyi bir addım atmaq, həqiqi ehtiyacı olanların mənzil təminatını həyata keçirmək lazımdır".

"Jurnalistlər üçün tikilmiş binanın Şəhid Ailələrinə verilməsi məsələsində də mənim mövqeyim fərqlidir. Hamının mövqeyinə hörmətlə yanaşdığımı bildirməklə, mən o binanın şəhid ailələrinə verilməsinə razı deyiləm. İstəmirəm ki, övladını, həyat yoldaşını, atasını vətən uğrunda itirmiş müqəddəs şəxslər gələcəkdə "Bura jurnalistlər üçün tikilmişdi, sonra şəhid ailələrinə verildi!" tənəsilə qarşılaşsınlar. Açığını desəm, etiraf etməliyəm ki, Şəhid Ailəsinin üzvləri şəhərin mərkəzində, daha geniş və daha komfortlu şəraitə layiqdirlər və inanıram ki, hamı kimi dövlətimiz də bunu başa düşür, məsələyə də bu cür yanaşır", - deyə ekspert əlavə edib.

0.017007827758789