"Qarabağ" -"İnter" matçında Ağdam klubunun vurduğu qolu saymayan hakim Miroslav Zelinka Bakıda
2014-cü ildə Bakıda keçirilən “Qarabağ” - “İnter” (İtaliya) matçının baş hakimi Miroslav Zelinka Azərbaycan paytaxtına gəlib.
Qol.az xəbər verir ki, çexiyalı hakim bu gün Azərbaycan və Estoniya milli komandaları arasında keçiriləcək Avro-2024-ün seçmə matçında VAR hakimi olacaq. “Dalğa Arena”da keçiriləcək bu oyun saat 20:00-da başlanacaq.
Miroslav Zelinka azərbaycanlı azarkeşlərə verdiyi qalmaqallı qərarla tanışdır. O, Avropa Liqasının qrup mərhələsinin sonuncu turunun “Qarabağ” - “İnter” matçının 90+4-cü dəqiqəsində Ağdam klubunun təmiz qolunu qeydə almamışdı. Nəticədə oyun 0:0 hesabı ilə yekunlaşmış, “Qarabağ” isə bu kobud hakim səhvinə görə qiymətli 2 xaldan məhrum olaraq qrupu üçüncü yerdə başa vurmuş və pley-off mərhələsinə yüksələ bilməmişdi.