Orta təhsilimizin "qızıl" dövrü

Orta təhsilimizin 
 

Millət, deyəsən təhsilimizin «qızıl dövrü» Xirdalan şəhərindən başlayir, onsuz da hardansa başlamalıydı... Çünki təhsilimizin başına qoruqçudan sonra Avropa təhsilli, bir gün belə sinifə girib dərs deməsə , nazirliyin ünlu vəzifələrində çalışmış gənc mütəxəssis gətirilib. Məhs bu baş verənlər onun "bəhrəsi"dir.

Belə ki, Xırdalan şəhər 1 saylı tam orta məktəbin 4- sinifinin müəlliməsi Yaqut Ağabalayevanın "qızıl təqdimatı" mərasimi sosial şəbəkələrdə mediada trendə çevrilib. Aldığım məlumata görə, Yaqut xanım bu səhnənin ərsəyə gəlməsi üçün xeyli əziyyət çəkib. Yəni komplekt zinət əşyasını almaq üçün valideynlərdən pul yığıb, zinət əşyasını uzun axtarışlardan sonra özü seçıb. Bu da müəlliməni tam qane etməyib, əlavə olaraq hər valideyindən 30 manat  pul yığıb ki, bu sinifə yaxşı bir sinif rəhbəri təyin etdirsin. Video-çarxdan da göründüyü kimi, uşaqlar bu ssenarinin baş verəcəyindən əvvəlcədən xəbərdar olub. Ona görə Yaqut xanımın "sürprizi" heç kimi təəccübləndirmir. Cəmi 10 yaşı olan uşaqların gözü önündə belkə saxta "sürprizlər", saxta hörmət ehtiram səhnələri sərgiləməklə bu cür iyrənc rüşvət formalarını o uşqların beynində adiləşdirirlər. Düşünən yoxdur ki, müəlliməyə "ehtiramın" bir neçə min manatlıq zinət əşyası ilə ifadə edilməsi rüşvətdir bunu uşaqlar böyüklərdən daha yaxşı anlayır. Heç olmasa bunu uşaqların gözündən kənar şəkildə edin. Bəlkə bunun fərqində olan var, amma layiq olmadığı ehtiram səhnəsindən həzz almaqda görünür Yaqut müəllimə israr edib... Bu artıq müəllimə ehtiram deyil, müəllimin dilənçiliyidir.

Bir neçə ay əvvəl buna bənzər olay Xırdalan şəhər 9 saylı tam orta məktəbin əlifba bayramında da baş vermişdi. Valideyinlər uşaqların gözü önündə müəlliməyə qolbağ bağışlamışdır.

Yeri gəlmişkən bir haşiyə çıxım:

Bu yaxınlarda sosial şəbəkələrdə bir norveçli müəllimin öz pedaqoji karyerasını başa vurma mərasiminin video-çarxını izlədim. Ömrünün 45 ilini pedaqoji fəaliyyətə həsr etmiş qocaman müəllim sonuncu gününü başa vuranda əsil sürprizlə qarşılaşır. Müəllimin otağından məktəbin çıxış darvazasına qədər şagirdlər ehtiram duruşu sərgileyərək, hərəsi sevimli muəlliminə bir gül bağışlayır. Ehtram duruşu sərgiləyən bütün şagirdlərin ayrılıq həyacanından gözləri yaşarır. Sonda isə qocaman müəllim özü göz yaşlarına hakim kəsilə bilmir. Müəllimə bağışlanan çiçəklərin bir-birindən fərqi onu göstərirdi ki, bu törən hansısa bir müəllimin deyil, elə şagirdlərin öz təşəbbüsü ilə düzənlənib. Şagirdlərdən eləsi vardı ki, çiçəyi öz həyətindən dərdiyi hiss edilirdi. Amma heç bir maddi dəyəri olmayan bir çiçək öz üzərində çox böyük bir mənəvi dəyər - müəllimə ehtiram hissi daşıyırdı. Bu səhnəni izlədikcə adamı qəhər boğur - tanımadığın məktəb şagirdləri ilə müəllim arasındakı ülvi hisslər adamı kövrəldirdi. Budur sivil dünya ilə bizim aramızdakı fərq...

Yaqut müəllimənin timsalında bizim müəllimlərin əksəriyyəti insanın daxili aləminə zənginlik gətirən o mənəvi dəyərdən çox uzaq düşdüyü üçun mənəvi dəyərə deyil, onu "ifadə edən" vasitəyə daha çox önəm verir. Norveçli müəllim üçün ehtiramın ifadə vasitəsi heç bir maddi dəyəri olmayan güldürsə, üzərində heç bir mənəvi məsuliyyət hissi olmayan Azərbaycan müəllimi üçün "ehtramın" ifadəsi bahalı hədiyyələr puldur. Adətən mənəvi dəyər ağırlaşdıqca, qiymətləndikcə onun ifadə vasitəsi maddi dəyərini yüngülləşdirir bir rəmzə çevrilir. Mənəviyyat aşındıqca, dəyərdən düşdükcə isə onun ifadə vasitəsinin maddi dəyəri ağırlaşır. Çox az sayda qalan vicdanını mənəvi borcunu pula dəyişməyən, fitrətən pedaqoq olan müəllimlərimiz bizi bağışlasın, Azərbaycan məktəblərində ikinci proses çiçəklənmə mərhələsindədir.

Bəs səbəb nədir, bizim təhsil ocaqlarında niyə bu qədər kasıb mənəviyyata malik "müəllimlər" var?

Birinci ordan başlayaq ki, indi məktəblərdə dərs deyən müəllimlərin böyük əksəriyyəti ali məktəbi rüşvətlə bitirib. Yəni gələcəyin müəllimi professora pul verib ki, mənə təhsil yox, qiymət ver! Ona görə həmin müəllimlər gəlib orta məktəbdə çox həyasızcasına ortaya iddia qoyur ki, şagirdə vermədiyim təhsilə görə valideyn mənə rüşvət verməlidir. Eynən Yaqut müəllimə kimi...

Digər tərəfdən, bir vaxtlar müəllimlərin əmək haqqı kifayət qədər aşağı idi. Bunu hiss edən bəzi valideynlər müəllimlərə maddi yardım etmək təşəbbüsündə bulunurdular. Tədricən bu maddi yardım yazılmayan qanuna çevrilərək mütəmadi kütləvi xarakter aldı. Biz əsasən savadsız millət olduğumuz üçün bu tendensiyanın gələcəyini düşünmədən axına qoşulub getdik. Müəllimin maaşı azdırsa, birincisi müəllimlikdən imtina etsin, neçə ki, xeyli hissə bunu etdi. İkincisi, hökumət qarşısında məsələ qaldırsın ki, müəllim bu cuzi maaşa qane ola bilməz, müəllimin əməyi layiqlicə qiymətləndirilməlidir. Bu yol deyil ki, müəllimin maaşı azdirsa, o dilənməlidir, rüşvət almalıdır... Bu yola əl atanların adı hardan "müəllim" oldu? Yəni müəllim öz haqqını dövlətdən tələb etməklə, cəmiyyətə müəllimlik etməlidir.

Lakin məsələyə başqa prizmadan yanaşsaq nələri görürük - məktəbdə cəmiyyətdə müəllim olan şəxsiyyətlər bu dövlətin sükanı arxasında oturan hökumətə lazımdırmı? Əlbəttə, rüşvətxor, təpədən-dırnağa korrupsiyanın içində çapalayan, seçkiləri saxtalaşdıran bir hökumətə savadlı, mənəvi baxımdan zəngin, məktəbin cəmiyyətin müəllimi olan şəxsiyyətlər lazım deyil. Ona görə hökumət məktəbləri seçki saxtakarlığı yuvasına çevirdi. Guya bu hökumətin hər kəndə, hər qəsəbədə bir seçki məntəqəsi tikməyə imkanı yoxdurmu? Əlbəttə, var, bu işdə sadəcə olaraq məqsəd müəllimi - cəmiyyətin az-çox savadlı kəsimini seçki saxtakarlığına bulaşdıraraq mənəvi cəhətdən aşındırmaq idi. Ona görə bir tərəfdən müəllimi aclıqla imtahana çəkdilər, digər tərəfdən isə seçki saxtakarlığı müqabilində onlara mükafat - rüşvət verdilər. Ardınca isə məktəbdə şərait yaratdılar ki, valideyinin boynuna hesab qoyub, "dolanın"! Artıq Azərbaycan müəllimlərindən mənəviyyatsız, rüşvətxor, kütbeyin bir ordu yaradıblar. Azərbaycan məktəbi matriarxat dövrünü yaşayir - ailəni dolandırmaq yükünü çiynlərində daşımalı olan kişi müəllimlər artıq çoxdan məktəblə vidalaşıb. Onların yerini isə qafası mətbəxdən kənara çıxa bilməyən xanım "müəllimə"lər tutub. Müəllimlər otağında gedən söhbətləri 15 dəqiqə dinləsəniz, siz bu mövqey bölüşərsiniz.

Artıq hansısa islahat vasitəsi ilə bu kütbeyin ordunu dəyişmək həm çox çətindir, həm buna uzun zaman lazımdır, həm bu vəziyyəti dəyişməkdə hökumət maraqlı deyil.

İndi məktəbdə müəllimlər elə mənəvi-psixoloji durumdadır ki, ona 10 min manat maaş versən valideyndən pul dilənməkdən əl çəkməyəcək. Hazırda müəllimlər çoxlarından daha üstün məvacib alır. Amma gözlərini valideynlərin cibindən çəkə bilmirlər, çünki artıq mərəzə tutulublar.

Vəziyyəti dəyişmək üçün ilk növbədə savadsız müəllimlər məktəbdən çıxdaş edilməlidir, hazırda Təhsil Nazirliyi bu işlə məşğuldur. Ardınca müəllimlərin valideyndən rüşvət alması qadağan edilməlidir. Eyni zamanda, müəllimin əməyi layiqincə qiymətləndirilməlidir - M.K.Atatürk demişkən, müəllim deputat qədər maaş almalıdır.  Ən vacib məsələ isə odur ki,  seçki məntəqələri seçki prosesi məktəblərdən müəllimlərdən kənarlaşdırılmalıdır.

Orta təhsildə rəqabət mühitini formalaşdırmaq üçün özəl məktəblərin yaranmasına təkan verilməlidir. Bu həm müəllimlərin öz bacarığını daha qabarıq şəkildə realizə etməyə əlverişli şərait yarada biləcək.

 

0.026741981506348