Yoxsulluqdan aşağı hədd...
Başlığa fikir verməyin. Yoxsulluqdan aşağı həddin adını da soruşmayın. Bu adın nə olduğu, hansısa terminlə və ya sadə bir sözlə ifadə olunduğu da məlum deyil. Məlum olan o həddən aşağıda baş verənlərdir. Bir də “aşağılar-yuxarılar”ın müqayisə olunmayan həyat tərzinin, yaşam şərtlərinin müqayisəyə gəlməməsidir.
Bu, bir aksiomdur ki həlli müşkül, çətin və mümkünsüz məqamlarda sözügedən ifadəni ortaya atır, sadə dillə desək, ortalığı qarışdırırlar. Az qala qlobal məsələyə çevrilən və dilemma misallı məsələnin isə əslində, çox sadə izahı var. Misallar, faktlar çox danışmağın və izahın ən asan, dəqiq təqdimatıdır, zənnimcə.
...Çox illər öncə qürbətdə bir azərbaycanlı ailə gördüm. Sözsüz ki, vətəndən kənarda soydaşlarla tanışlığın nə demək olduğunu söyləməyə ehtiyac yoxdur. Yəni bu nüans elə hazırda da eyni qüvvədədir. İlk baxışda həmin ailənin xanımının pəjmürdə olduğunu təbii ki, vətəndən kənarda olmaqla, qürbətçiliklə bağladım. Lakin söhbət nəticəsində məlum oldu ki, onları məyus edən qürbətə gəlişlərinin ilk vaxtlarında baş verənlərdir. Belə ki, getdikləri yerdə Azərbaycandan olduqlarını söylədikləri an onlara “elə bir varlı ölkəni tərk edib bura niyə gəlibsiniz” sualı verilib. Təbii, sual cavabsız qalıb, cavabı verilə bilinməyən başqa suallar kimi...
O illərdə varlı ölkənin vətəndaşları adlanmaq bəlkə də avantaj hesab edilərdi. Lakin həmin vətəndaşların bir nümayəndəsinin başqa bir ölkəyə pənah aparması, yaşam mübarizəsindən cana doyaraq vətəni tərk etmək məcburiyyətində qalması deyilən hər müsbət imici yerlə-bir edərdi. O zaman, susmaq ən yaxşı cavab oldu.
Nədən ki söylənəsi, izah ediləsi heç nə yox idi. Əslində, vardı, lakin bütün dəlillər, sübutlar, arqumentlər və daha nələr labirintdə idi. Ondan çıxmaq ehtimalı da ki...
O labirint hələ də davam edir. Soydaşlarımızdan daha bir nümunə. Vətən həsrətindən, daha qürbətdə yaşamaqdan bezar olub nəhayət, geri qayıtmaq, övladlarını mental dəyərlərin içində yaşatmaq və s. məqamlara görə döndüklərinə peşmançılıqdan danışıram. Onların sualları illər öncə burda qoyub getdikləri mənzərəyə nəzərən, yenə də cavabsız qaldı. Cavab peşimançılıqla yenidən qürbətə üz tutmaqdan, sevgisi heç bir yerlə, məkanla ölçülməz vətənlə müqayisədə məyuscasına söylənən “orda nə olmasa da, qayda-qanun var” təsəllisindən ibarət oldu.
Qayda-qanunun olmadığı şəraitdə hər bir hadisə, dəhşət yaşana bilər. Qaydalardan kənar oyunların, qanunlardan kənara çıxmaların ağrısını-acısını isə yuxarıda dediyim kəsim çəkir. O hədd ki, onun adı yoxdur. Heç onun dərdini çəkən, hansı zillətlə “yaşadığını” görən də yoxdur.
Qayda-qanunun işləmədiyi, daha doğrusu, qanunsuzluğun işlədiyi yurdumda varlı, imkanlı təbəqə hamının özü kimi yaşadığını düşünərək gündən-günə artan bahalığı, bunun müqabilində də çoxalan yoxsulluğu görmür. Vəzifəsi olsa da, olmasa da, hamı onlara məmur gözüylə baxır. Axı bizdə məmur simasının, qiyafəsinin yaşatdığı elitar, səviyyəli həyat tərzi fikri formalaşıb. Həmin kəsimdən olanların hamısı da bir ağızdan ölkədə sosial-iqtisadi həyat şəraitinin çox yaxşı olduğunu, insanların “yağ-bal”, maddiyyat içində, firavan yaşadığını iddia edirlər. İddia etmək zatən onların işi.
Azərbaycan elə ötənlərdə də “iri addımlarla irəliləyir, gündən-günə çiçəklənir”di. Dövrümüzü keçmişdən ayıran yalnız zamandır, məkan isə həminki, vəziyyət də eynidir. Bir fərqlə ki, müstəqillik var. Müstəqil olaraq qərar qəbul edə, yaşaya, neft ölkəsinin zənginliyindən həyatımıza işıq sala bilməsək də...
Qiymətlərsə əl və həyat yandırır. Bu yanğından kimlər salamat çıxacaq, əcəba?!
Sual vermək asandır, cavabını da bilə-bilə. Hər gün baş verən naqisliklərin fonunda isə insan övladının gələcəyə tuşlanan baxışlarında bir illüziya var. İnsansa yaranışından nədənsə həmişə gələcəyə ümid edib. Bu günə səbrinin gələcəkdə mükafatınımı gözləyir, ya, nə?
...Qiymətini bilmədin, qiymətin bilinmədi, hər gün artan qiymətlərin fonunda. O artım daha da davam etsə, yoxsulluqdan aşağıdakı hədd də daha olmayacaq. Onda onun adının nə olduğunun fərqinə də varan olmayacaq - bu gün onun necə, hansı şərtlər altında “var”lığı, yoxluğu görünmədiyi kimi.
Nigar Orucova