Lerikdə investisiya imkanlarına dair forum keçirilib

Lerikdə investisiya imkanlarına dair forum keçirilib
 

Lerikdə İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə yerli investisiya imkanlarına dair forum keçirilib.

Paralel.az  Agentliyə istinadən xəbər verir ki, tədbirdə sahibkarlara dəstək və xidmət göstərən dövlət qurumlarının nümayəndələri və sahibkarlar iştirak edib.

Forumda çıxış edən icra başçısı Əkbər Abbasov ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində regionların inkişaf etdiyini qeyd edib, Lerikdə sahibkarlar üçün yaradılmış əlverişli biznes və investisiya mühiti, o cümlədən biznes fəaliyyəti üçün potensial sahələr barədə məlumat verib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizin davamlı və dayanıqlı iqtisadi inkişafında regionların rolunun vacib olduğunu vurğulayıb, rayonlarda sahibkarlığın inkişafı, yeni biznes subyektlərinin yaradılması və inkişafına, özünüməşğulluğun təmin edilməsinə göstərdikləri dəstək və həyata keçirilən layihələr barədə danışıb. O, qeyd edib ki, sahibkarlıq fəaliyyətinə başlamaq və biznesini inkişaf etdirmək, eləcə də dövlət dəstəyi mexanizmləri, o cümlədən KOBİA-nın dəstək və xidmətlərindən yararlanmaq istəyən sahibkarlar Agentliyin 40-dan çox şəhər və rayonu əhatə edən KOB dostu ofislərinə, KOB inkişaf mərkəzlərinə müraciət edə bilərlər.

Tədbirdə millət vəkili İqbal Məmmədov regionların investisiya potensialının reallaşdırılması tədbirləri barədə fikirlərini bölüşüb.

Forumda həmçinin KOBİA-nın fəaliyyətinə və Lerik rayonunun kənd icmalarının fəaliyyətinin qiymətləndirilməsi qaydalarına dair videoçarxlar nümayiş olunub.

Tədbir çərçivəsində həmçinin, KOBİA-nın, Kənd Təsərrüfatı və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Məşğulluq Agentliyinin, Sahibkarlığın İnkişafı Fondunun və Dövlət Turizm Agentliyinin nümayəndələri “Lerikdə investisiya imkanları: mövcud potensial və perspektivlər” mövzusunda təqdimatlarla çıxış edərək sahibkarları məlumatlandırıblar, onları maraqlandıran suallar cavablandırılıb.

Lənkəran-Astara iqtisadi rayonuna səfər çərçivəsində KOBİA nümayəndələri Masallı Sənaye Məhəlləsində fəaliyyət göstərən "Birlik 3-A" MMC-yə aid dərziçilik və xalçaçılıq müəssisəsində olublar. Burada sahibkarlıq fəaliyyəti ilə yanaşı, əlilliyi olan şəxslərə, şəhid və qazi ailələrinin üzvlərinə müvafiq sahə üzrə peşə bilikləri öyrədilir. İndiyədək müəssisə tərəfindən dərziçilik üzrə 19 tələbəyə, xalçaçılıq üzrə isə 23 tələbəyə sertifikatlar verilib.

 

 

0.014736890792847