Deputat “Milli Məclis buna borcludur” dedi – Spikerdən REAKSİYA

Deputat “Milli Məclis buna borcludur” dedi – Spikerdən REAKSİYA
 

“Bu gün mən deputatların və hökumət üzvlərinin diqqətini “Azərbayan” qəzetinin üzləşdiyi maliyyə məsələsinə cəlb etmək istəyirəm. Əvvəllər qəzet Milli Məclis tərəfindən maliyyələşirdi. Amma qəzet “azad söz dövlətdən asılı olmaz” prinsipindən sonra bu dəstəyi itirib”.

Paralel.az ” xəbər verir ki, bunu deputat və “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Milli Məclis və dövlətin müvafiq qurumları qəzetə abunəçilikdə yardım edirdi, amma son illərdə bu məsələdə də problem yaranıb. 

“Abunələrin sayı kəskin azalıb. Qəzet ancaq 12 mindən artıq nüsxə ilə çap olunanda səmərə verir. Əvəllər reklam da olurdu, amma keçən il satınalmalarla bağlı qanuna dəyişiklik edildikdən sonra bu reklam bazarı da dayınıb. Hansı ki, dünyada medianın maliyyə mənbəyinin 75 faizi reklam gəlirindən formalaşır. İndi bu da yoxdur”, - deputat qeyd edib.

O əlavə edib ki, müraciətindən sonra Milli Məclis onlara 800 min manatlıq birdəfəlik yardım etdi: “Bu ildə Milli Məclisə müraciət etdim, amma yardım almaq mümkün olmadı. Halbuki “Azərbaycan” qəzeti qanunla Milli Məclisin orqanıdır və parlament qəzetin maliyyə və avadanlıq təchizatı baxımdan media orqanını təmin etməkdə borcludur.  Qəzetin saxlanması üçünsə ildə haradasa 1-1,5 mln manat vəsait lazımdır. Əks təqdirdə, qəzetin çapı dayanacaq”.

O eyni zamanda bildirib ki, qəzet çapını dayandıracağı təqdirdə işçilərin başqa media orqanlarında işlə təmin olunmasını hökumətdən xahiş edib:

“Onları işsiz qoymaq olmaz.  Onların əksəriyyəti 20 ildən artıqdır çalışır. Bu gün “Azərbaycan” qəzetinin ölüm-qalım məsələsi həll olunur. Hökumətdən davamlı maliyyə dəsətəyi verilməsini xahiş edirəm”.

Milli Məclisin sədri Sahibə Qafarova məsələyə reaksiya verərək son 3 ildə parlamentin qəzetə dəstək olduğunu qeyd edib: “Sizinlə də bu məsələ ilə bağlı söhbətimiz olub. Digər qurumlar da sizinlə söhbət edib. Bildirilib ki, qəzetin işini günün tələbinə uyğun qursun. Odur ki deyilən bu fikirləri nəzərə almalısınız”

 

0.023303985595703