Kitab təbliğatının elçiləri...
Sovet hökuməti dağılandan sonra ölkəmizdə fəaliyyət göstərən kitab mağazalarının hamısının təyinatını dəyişdirib müxtəlif obyektlərə çevirmişdilər. Kitab oxuyanların sayı kəskin azalmışdı. Nə ictimai nəqliyyatda, nə parklarda, demək olar ki, heç yerdə əlində kitab tutub oxuyanlara rast gəlmək olmurdu. Cırılmış kitabları ancaq zibil qutularında, ağacların diblərində və s. yerlərdə görmək olurdu. Tələbələr texniki kitabları mütaliə etsələr də, kitabxanalarda bədii kitabları toz basırdı. Bir sözlə, kitab urvatdan düşmüşdü.
Sevindirici haldır ki, bir neçə soydaşımızın hesabına kitab oxumaq ənənəsi yenidən bərpa olmağa başlayıb. Etiraf etmək lazımdır ki, ötən otuz ildə Azərbaycanda kitaba bu qədər dəyər verilməyib.
Həmin soydaşlarımızdan ikisinin adını çəkib birinin üzərində dayanmaq istəyirəm. Bəli, keçirdiyi kitab sərgiləri, kitab bayramları ilə bu işə ilk və daha çox canyandıran Şahbaz Xuduoğlu olub. Bu gün də öz fəaliyyətini davam etdirir.
Eşitdiyimə görə AYB-nin mətbuat katibi Xəyal Rza isə bunu genişləndirərək Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı adı altında bir sıra türkdilli ölkələri də cəlb edə bildi. Doğrudur, bu tədbirlərdə Bakı əhalisinin az bir hissəsi iştirak edir, amma necə deyərlər, başlanğıc olduğu üçün buna da şükür etmək lazımdır.
İyun ayında həftəboyu keçirilən sonuncu festivalın təşkilində biz Xəyal Rzaya minnətdar olmalıyıq. Xəyal bəy ilin-günün bu vaxtında diğər qardaş ölkələri bu tədbirə cəlb etməklə böyük fədakarlıq göstərib. Müəlliflər, nəşriyyatlar az-çox öz kitablarını satmağa fürsət qazandılar. Oxucular gənc yazarlarla ünsiyyətə girib onlarla tanış ola bildilər. Tanınmış alimlər, qələm adamları səhnəyə çıxıb məruzələr etdilər. Bunun nə qədər böyük bir iş olduğunu izah etməyə dəyməz. Sanki, “Bir qalanın sirri” bədii filmindəki kimi kitablar dil açıb yanlarından ötən insanlara:- “məni al, məni də al “-deyirdilər…
Bütün bunların şahidi olub sevinirəm. Bəli, sevinirəm ki, bu ölkədə Şahbaz Xuduoğlu, Xəyal Rza kimi kitabları insanlara sevdirməyə çalışan adamlar var. Onlar kitabı təbliğ edən elçilərdir. Çətin, amma gözəl bir iş görürlər.
Sağol Şahbaz Xuduoğlu, sağol Xəyal Rza!..
Elman Eldaroğlu
"Paralel.az"