Xalq qəzəblənib: ölkədə sosial durum dözülməzdir

Xalq qəzəblənib: ölkədə sosial durum dözülməzdir
 

Durumu ağırlaşdıran rüşvətxor məmurlardır

Onlar dövlətə və xalqa məxsus olan hər şeyi şəxsi mülküyyətə çevirib.

Hər kəs gözləyirdi ki, cənab prezidentin 5 il bundan əvvəl həyata keçirməyə başladığı struktur və kadr islahatları xalqın sosial durumunu yaxşılaşdıracaq, ölkədə tüğyan edən rüşvət, korrupsiya və digər mənfi hallar aradan qalxacaq.

Amma təəssüf hissilə qeyd edək ki, struktur və kadr islahatları xalqın ümidini doğrultmadı və hazırda xalqın durumu çox pisdir. Xalq haqlı olaraq indi düşünür ki, sən demə, struktur və kadr islahatları xalqın vəziyyətini yaxşılığa yox, pisləşdirməyə hesablanıb. Bunu biz demirik, durumu ağır olan, hər gün ağırlaşmaqda davam edən xalq deyir.

Bir sözlə, ölkədəki hazırkı durumu belə ifadə etmək olar ki, 44 günlük vətən müharibəsində kasıb balalarının sücaəti, qəhrəmanlığı və şəhidliyi hesabına Ermənistan üzərində qazınılan qələbədən sonra ölkədaxili sosial durumun yaxşılaşmaq əvəzinə, daha da pisləşməsi xalqı hiddətləndirib.

Ölkədə rüşvət və korrupsiya ilə xalqı çökdürən zümrə isə, çox sürətlə varlanır, ölkənin bütün sərvətləri onlara məxsusdur və özləri də hökm sahibidirlər. Konstitusiya və qanunları sayan, xalqın şikayətinə və ehtiyacına baxan hökumət yoxdur.

Sözün əsl mənasında, xalqı heçə sayan hökumət Azərbaycanı əcnəbilər üçün cənnətə, ölkənin sahibi olan xalq üçün əsl cəhənnəmə çevirib. Ona görə də, balaca imkan tapan gənclər və orta yaşlı insanlar ölkədən kütləvi qaçırlar. Təxminən, hazırda ölkə əhalisinin sayı statistikada 10 milyondan çox göstərilsə də, ölkədə heç 5 milyona yaxın insan yoxdur. Azərbaycandan xarici ölkələrə üz tutanlar, zülmlə olsa da, xaricdə bir tikə çörək pulu qazana bilirlər.

Azərbaycanda yaşayan, əgər buna yaşamaq demək olarsa, qocaların, uşaqların, əlillərin sadəcə, ölkədən qaçmaq imkanları yoxdur. Ölkədə yaşayan əhalinin tərkibinə nəzər salanda, ölkənin demoqrafik durumu barədə hər şey aydın olur.

Ölkədə yaşayanların tərkibinə diqqət edin. Hazırda ölkədə əlilliyə və yaşa görə təqaüd alanların sayı 1,5 milyon nəfər, 1-18 yaşlı gənclərin sayı 1,8 milyon nəfər və əmək fəaliyyətilə məşğul olan insanların sayı isə, təxminən 1,7 milyon nəfər təşkil etdiyi təxmin edilir.

Xaricə dolanışıq üçün ölkədən gedən insanların 3 milyonu Rusiyaya, 1 milyonu Avropa ölkələrinə və 1 milyonu isə, qardaş Türkiyə və digər ölkələrə gediblər. Azərbaycan hökuməti isə, utanmadan analoqsuz inkişafdan danışır. İnkişaf edən ölkədən də insan qaçar?

Ölkədə xüsusi imtiyaz sahibinə çevrilmiş, qanuna zidd fəaliyyət göstərən sahibkar, biznesmen məmurlar bütün ərzaq və gündəlik təlabat mallarının qiymətini hər gün qaldırırlar. Əhalisinin 80 faizi çörək və yumurta ilə dolanan kasıb ölkədə bu məhsulların qiymətini qaldırmaq cinayətə bərabərdir.

Rüşvət, korrupsiya ilə dövləti və xalqı talayan məmurların gözü doymur, məmurların əlində olan hökuməti isə, xalqın durumu maraqlandırmır. Azərbaycan dövlətinin bütün çətin problemləri kasıbların, varı, dövləti və sərvətləri isə, məmurlarındır. Belə yerdə el arasında deyilir: "get, başına çarə qıl, ay binəva kasıb"!..

Xalq ümidini çətinliyi aradan qaldırmağa qadir olan Allaha bağlayıb...

 

0.018000841140747