Sınıq pəncərəmdən görünən həyat - Şaiq Mustafayev

Sınıq pəncərəmdən görünən həyat - Şaiq Mustafayev
 

Sınıq pəncərəmdən görsənən həyat
Çimib göz yaşımda, gözəlləşibdi!
Qəlbimin odunda közlənən həyat,
Günəşlə yarışır, dəcəlləşibdi!

Sakit, dalğa-dalğa ömrüm axsa da,
Ürəyə təlaşı kürüklər həyat!
Qarşıma laləli yollar çıxsa da,
İzimə daş-qalaq sürüklər həyat!

Həyatdan nə şöhrət, nə cəlal umdum,
Sevmədi, düzümə düşkün olmadı!
Sinəmə qıvrılan bir vüsal umdum,
Bir anlıq görüş də mümkün olmadı..!

Vecinə almadı adı, şöhrəti,
Demədi qələmi, bir ilhamı var!
Həyata nə var ki, vurdu töhməti,
Demədi...insandı, öz məqamı var!

Kim bilir, bəlkə bu yalın həyatda,
Qovrula - qovrula şair olacam!
Bəlkə də, bəlkə də qalın kitabda,
Əzilən çiçək tək yanıb - solacam!

0.15029692649841