Günahkar axtarmayaq...
İtirdiyimiz dəyərləri tapaq
Gündəmin qaynarlığı içində elə məsələlər var ki, onlar yerində saymaqda davam edir. Maraqlıdır, bu istiqamətdə davamiyyət nədənsə çox zəifdir. Birbaşa mənada işlətdiyim bu davamiyyət sözünün məğzinə varan da çox azdır. Elə ona görə də yerimizdə sayırıq.
...Dəyərlərdən danışmaq istəyirəm, o dəyərlərdən ki, ona istənilən zamanda və tarixi formasiyalarda həmişə ehtiyac olub. Mövzudan kənar olsa da, düşünməyin özü belə çətindir ki, həmin dəyərlərə ehtiyac yaranmasaydı, görəsən, hansı vəziyyətdə qalardıq, əcəba? Yəni bugünədək olan zaman çərçivəsində...
Diqqət edək, cəmiyyət bütöv bir tam kimi görünsə də, bu, çox aldadıcıdır. Yəni tərkibindəkilərə nəzərən. Həmin tamın içindəki zərrələrin hər biri də zərrəciklərdən ibarətdir. Zərrəcik olsa da, orda yaşananlar, baş verənlər kəmiyyət göstəricisi və mənəvi məqamlara görə, böyükdür. Özü də çox böyük. Uzağa getmək lazım deyil, bugünlərdə ictimailəşən hadisəni, 13 yaşlı qızın ailə dramını yada salmaq yetər.
Bu hadisə əslində, baş verən belə hadisələrin bir qismidir. İctimailəşdirildiyinə görə hamı bu barədə xəbərdar oldu. Lakin bəzən bu cür hadisələr daha yetkin yaşda baş verəndə, o, bu qədər ajiotaj doğurmur. Məsələnin ciddiliyi onun azyaşlı ilə bağlı olmasıdır. Təkrar edirəm, bu tip hadisələr yuxarı yaşlarda baş verərsə, onun sonu da başqa cür olur. İşin diqqətçəkən tərəfi və ağırlığı da məhz bu hadisədə əsas iştirakçının azyaşlı olmasıdır. Baxmayaraq ki qarşı tərəf onun yaşıyla müqayisədə nəinki yuxarı, müqayisəedilməz həddədir...
Hadisədən hamı xəbərdar olduğu üçün təfərrüatlara varmıram, günahkar axtarışında da deyiləm, bu, bəlli qurumların işi, vəzifəsidir. Lakin istənilən hadisədə qınamağın da tərəfdarı deyiləm. Məntiqlə, hadisədən sonra bu nəsnələrin hansısa formada müsbət nəticə verəcəyi də mümkün deyil. Amma maarifləndirmə həmişə, hər addımda olmalıdır, özü də nəinki olmalı, o, ilk addımdan öndə dayanmalıdır hər zaman.
Maarifçilik ideyalarının meydana gəldiyi cəmiyyətlərdən bizi əsrlər ayırsa da, deyəsən, ideyalar utopik olaraq qalıb. Çünki birmənalı şəkildə hamının dünyagörüşlü olduğunu söyləmək çətindir. Bu, işin, bəlkə də dərdin yarısıdır. Dərdin böyüklüyü bizi qarabaqara izlədiyindən, hadisələr də zaman-zaman, məkan-məkan üzə çıxmaqdadır. Elə son hadisəyə nəzər salsaq, azyaşlının nədən bu addımı atdığı da aydın olar.
Kimsəni qınamaq fikrindən qat-qat uzaq olduğumu sanıram, söylədim. Lakin ailələrin, böyük dövləti yaradan “kiçik dövlət”lərin timsalında qınamaqdan uzaq fikirlərə düşməmək də mümkün deyil. Bunun adının nə olduğunu tam demək çətindir, amma var. Ona hardasa məsləhət, nəsihət, tövsiyə, daha geniş şəkildə götürsək, bəlkə təbliğat və s. də demək mümkündür. Hər halda, deyilənlər müsbət amaca söykənir, işin, küllün, cəmin xeyrinə hesablanıb.
Konkret desək, ailədə bütün üzvlər öz vəzifəsinin, məsuliyyətinin nə olduğunu bilməlidir. Öhdəlik də həmçinin. Bilənlər bilməyənləri öyrətməli, başa salmalıdır. Yəni ailənin böyük, baş üzvləri öhdəsində olanların yaşamının bütün sahələrini diqqətdə, nəzarətdə saxlamalıdır. Bu nəzarət bütün ömür boyu əziyyət çəkməmək üçün vacibdir. Yoxsa, mümkün nəticə indidən, bəribaşdan məlumdur.
Bu, sivil cəmiyyət yaratmaq üçün gərək olanların bir qismidir. Amma bəzən əksinə də olur.
Günümüzdə elə ailələrlə rastlaşırıq ki, nəinki onun kiçikyaşlı üzvlərinin, hələ başçılarının öyrənməli olduğu dəyərlər var. Bu dəyərləri bilmədiklərindən, vaxtında öyrənmədiklərindən də mənfi hallar, hadisələr, problemlər yaşanmaqdadır. Və nə qədər ki həmin dəyərlərə malik deyillər, sonun necə olacağını təsəvvür etmək də çətin və... qorxuludur.
Həmin 13 yaşlı azyaşlının ailəsində hansı dəyərlərin olduğunu heç kim deyə bilməz, buna iddia etmək də etikadan kənardır, baxmayaraq ki olan hadisə göz qabağındadır. İstənilən halda, hadisələr olsa da, olmasa da, insanlar yaşından asılı olmayaraq daim ayaqda olmalı, öyrənməli, öyrənməli, öyrənməli və öyrəndiyini tətbiq etməlidir. Çünki adı sadəcə ailə qurmaq olsa da, onun necə qurulduğu, nəyə xidmət etdiyi, cəmiyyətə hansı dəyəri verəcəyi çox önəmlidir. Nümunəvi ailələr sivil cəmiyyətin açarıdır, qapısıdır. Cahil insanların qurduğu, yaratdığı isə bunun tam əksidir.
Nədən dünyamızı inkişaf etdirmək, daha da gözəlləşdirmək varkən, geriliyə imza ataq? Niyə üzərimizdə işləməyərək nümunə olacaq nələrsə yaratmayaq? Dünya biz insanların üzərində, çiyinlərində var olursa, niyə onun möhkəm, hər mənada dayanıqlı olmasına cəhd etməyək?
Çalışmaq hər zaman vacibdir, yaşından, başından və heç nədən asılı olmayaraq. Kimsə malik olduğu sahədə çalışmırsa, deməli, gözü iki addım irəlini görmür. Burnundan uzağı görmür, yəni. Bunu da birbaşa mənada deyirəm, dırnaqsız-filansız.
Burnundan uzağı, lap irəlini, daha çoxunu görənlərdən olaq. Nədən də olmayaq? Maariflənsək, daha gözəl və sağlam cəmiyyət quruculuğunda nəinki zərbəçi, əlaçı da olarıq. Hər halda, bu, təkcə təhsil sahəsinin müvafiq göstəricisi, kəmiyyət-keyfiyyət meyarı, atributu deyil.
Dəyərlərin var olduğu, ona malik ailələr dəyərli də cəmiyyət yaradır. Təkcə böyük-kiçik yerinin sıralandığı deyil, bilindiyi yerdə də müsbətlər hökm sürür.
Dəyərlər minlərlədir, bunun hamısını bilmək də çətindir, bilirəm. Lakin elə dəyərlər var ki, onu insan öz ailəsindən örnək götürərək özü də ailə qurur, kiçik bir “dövlət” yaradır...
Bu dövlət dəyərlərin var olduğu yerdir, məkandır. Dünyadan köçənlərə ən ali dua “yerin, məkanın cənnət olsun” söyləməkdirsə, qalanlara ən böyük arzu nə ola bilər?
Müsbət dəyərlərin hökm sürdüyü, meydan suladığı, mənəvi var-dövlətin ən böyük sərvət sayıldığı bir cəmiyyətin qurucusu olaq. Elə cəmiyyətlərdə qınaq obyektləri də olmur, hər an məəttəl qaldığımız hadisələr də baş vermir.
Dəyərə sahib olmaqla dəyərlərin dəyərdən salındığı zamana qarşı gedəkmi?
Bu, axının əksinə getmək qədər çətin olmaz, zənnimcə...
Nigar Orucova