Baş nazirlər müdafiə qabiliyyətinin gücləndirilməsindən danışdı

Baş nazirlər müdafiə qabiliyyətinin gücləndirilməsindən danışdı
 

Çexiyanın Baş naziri Petr Fiala və onun litvalı həmkarı İnqrida Şimonite çərşənbə axşamı Çexiyanın Brno şəhərində keçirilən danışıqlarda NATO-nun Vilnüsdə keçiriləcək sammiti ilə bağlı məsələləri, o cümlədən ölkələrinin müdafiə sənayesi arasında əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

Paralel.az xəbər verir ki, bu barədə Çexiya hökumətinin mətbuat xidməti öz saytında məlumat yayıb.

“Biz müdafiə sənayesində əməkdaşlığı gücləndirmək imkanlarından danışdıq. Müdafiə sahəsinə daha çox sərmayə qoymağın zəruriliyini başa düşürük. NATO-nun Vilnüsdə keçiriləcək sammitində müdafiə xərclərinin artırılması ilə bağlı məsələləri müzakirə etməyə açığıq”, - mətbuat xidməti P.Fialadan sitat gətirib.

O qeyd edib ki, strateji, geosiyasi məsələlərdən, Avropa səviyyəsində Ukraynaya necə kömək etmək barədə danışıblar: “Belarusdakı heç də sadə olmayan vəziyyəti də nəzərdən keçirdik. Biz - Çexiya və Litva birlikdə Avropa İttifaqının və NATO-nun siyasətinin formalaşmasına kömək edə bilərik. NATO sammitinin Vilnüsdə keçirilməsi çox vacibdir. Bu, NATO-nun üzləşdiyi təhlükəni başa düşdüyünə dair mühüm siqnal və simvoldur. Şimali Atlantika alyansı şərq qanadını gücləndirməyə və hər bir üzv dövlətin təhlükəsizliyini təmin etmək üçün hər şeyi etməyə hazırdır”.

P.Fiala əlavə edib ki, Çexiya Şimali Atlantika alyansında Çinlə münasibətlərə dair müzakirəni alqışlayır. Çexiya həmçinin İsveçin bloka qoşulma prosesinin tezliklə başa çatacağına ümid edir.

0.014559984207153