Abdin Fərzəliyev Abşeronda icra nümayəndələrini həbs etdirir...
Mehdiabad qəsəbəsinin icra nümayəndəsini həbs etditdikdən sonra Abşeronun icra başçısı Abidin Fərzəliyev Masazır qəsəbəsinin icra nümayəndəsini də xərcləməyə girişib. Bu məqsədlə Masazır qəsəbəsində icazəsiz aparılmış tikililəri, kənd təsərrüfatı təyinatlı torpaqların qanunsuz satılması və ev tikilməsi ilə bağlı yoxlamalara başlanıb.
Ötən yazıda qeyd edilmişdik ki, Masazırda qanunsuz tikililərə “icazə”nin verilməsini və bu işlərə "nəzarət" işini qəsəbənin icra nümayəndəsi Şahlar Əsgərov həyata keçirir.
Uzun müddət qanunsuz torpaq alqı-satqısında adı tez-tez çəkilən Şahlar Əsgərovun Masazır icra nümayəndəsi vəzifəsinə təyin edildikdən sonra qısa zamanda sürətlə varlanması, milyonçuya çevrildiyi barədə yazmışdıq. İddialara görə, qəsəbədə Şahlar Əsgərova məxsus olan çox sayda obyektlər fəaliyyət göstərir. İcra nümayəndəsinin bu obyektlərdən hər ay külli miqdarda qazanc əldə etdiyi deyilir.
Paralel.az "Azərbaycan Reallığı"na istinadən xəbər verir ki, Masazır qəsəbəsində kənd təsərrüfatı təyinatlı torpaqlarda aparılmış qanunsuz tikililərlə bağlı aidiyyatı qurumlar gec də olsa, tədbir görməyə başlayıblar. Bu məsələyə cavabdeh olduğu deyilən qəsəbə icra nümayəndəsi Şahlar Əsgərovun vəzifə fəaliyyətinin yoxlanıldığı deyilir.
Bildirilir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Masazır qəsəbə icra nümayəndəsinin yoxlama nəticəsində “qurban” getməsinə maraqlıdır. Çünki qəsəbəyə həmyerlisini bələdiyyə sədri təyin edən Abdin Fərzəliyev özünə yaxın olan adamı da qəsəbəyə icra nümayəndəsi gətirmək başçının marağındadır.
Adı müxtəlif qalmaqallarda hallanan Şahlar Əsgərovun “vurulması” ilə Masazır qəsəbəsində müəyyən müddətə əhalinin sakitləşəyini düşünürlər. Bu isə sənədsiz evlərin tikintisinə yenidən start verməklə, daha çox qazanmaq istəyən Abidin Fərzəliyevin rahat işləməsinə şərait yaradacağına zəmin yaradır.
Əldə etdiyimiz digər məlumata görə, hazırda Masazır qəsəbəsində sənədsiz evlərin tikintisi üçün vasitəçi qəsəbənin yeni bələdiyyə sədri, başçının qohumu İlham Quliyevdir. İddiaya görə, İlham Quliyev qəsəbənin bələdiyyə sədri vəzifəsinə Abdin Fərzəliyevin Abşeron rayonunda tikintilərə nəzarətçi təyin etdiyi, icra başçısının “qara kassası” hesab edilən Nurlan Həsənovun dəstəyi sayəsində təyin olunub.
Bu günlərdə Masazır qəsəbəsində qanuni torpaq alıb, ev tikmək istəyən qazi tikintiyə başlayan kimi, yeni bələdiyyə sədri dərhal özünü yetirib və tikintini dayandırıb. Deyib ki, ya 5 min manat pul verməlisən, ya da icra hakimiyyətindən icazə almalısan. Qazi bir neçə dəfə Abşeron RİH-ə getsə də, heç cür tikintini davam etdirməyə icazə ala bilməyib və rüşvət verməyə məcbur edilib.
Abidin Fərzəliyev Abşeron RİH-ə başçı gələn kimi rayondakı qanunsuz tikintiləri şəxsi nəzarətinə götürüb. Başçı "qaz vurub qazan doldurmaq" üçün işə möhkəm girişib.
Mövzunu davam etdirəcəyik.
Yazı AZƏRBAYCANREALLIĞI.COM saytında dərc olunmuş material əsasında hazırlanıb