Stalinin heykəlini yaratmayan sənətkar – Buna baxmayaraq, o, 5 dəfə Stalin mükafatı alıb

Stalinin heykəlini yaratmayan sənətkar – Buna baxmayaraq, o, 5 dəfə Stalin mükafatı alıb
 

Ən yeni tarix. Maraqlı faktlar.

Stalinin heykəlini yaratmayan sənətkar – Buna baxmayaraq, o, 5 dəfə Stalin mükafatı alıb.

Bütün dövrlərdə yaradıcı insanlar arasında təltif, tərif, mükafatlarla bağlı qısqanclıq müşahidə olunub. Elə sovet dövründə də, dövlət mükafatlarının “bol” olduğu vaxtlarda da incəsənət adamlarının təltif qısqanclığı özünü açıq şəkildə biruzə verib. Qısqanclıq hədəfinə düşənlərdən biri də heykəltəraş Vera Muxina olub. Onun beş dəfə Stalin mükafatına layiq görülməsi həmkarları tərəfindən atmacalarla qarşılanıb: “Muxina beş dəfə Stalin mükafatı alıb, amma bir dəfə də olsun yaradıcılığında Stalinin obrazını yaratmayıb...”

Maraqlıdır, Vera Muxina digər rəssamlar, heykəltəraşlar, yazıçı və şairlər kimi niyə sovet liderini vəsf etmək həvəsində olmayıb? Dövlət tərəfindən imtiyaz və güzəştlərə sahib olan, ən ali mükafatları alan heykəltəraş özünü niyə kənarda saxlayıb?

Əslində, mövcud dövrdə bu cür işlərdən kənarda qalmaq təhlükəli bir mövqe sayılıb. “NKVD”-nin səlahiyyətlərinin aşıb-daşdığı vaxtda Stalini təbliğ etmək istəməyənləri “antisovet fəaliyyət” damğası gözləyib. Vera Muxina bu damğadan böyük “məharətlə” yayınmağı bacarıb...

1951-ci ilin yazında Mərkəzi Komitənin bir neçə yüksək ranqlı məmuru Muxinanın bağ evindəki emalatxanasına gəliblər. Qısa girişdən sonra onlar gəlişlərinin məqsədini açıqlayıblar:

- Vera İqnatyevna, biz bu ilin dekabr ayında Stalinin doğum günündə onun yeni abidəsinin açılışını planlaşdırmışıq. Abidənin hara qoyulacağı bu günlərdə müəyyənləşəcək. Sizin üzərinizə isə bu abidəni hazırlamaq düşür. Buna görə sizi böyük pul mükafatı gözləyir və siz altıncı dəfə Stalin mükafatı laureatı olacaqsınız. Bu işdən imtina etdiyiniz təqdirdə isə oğlunuzu həyat yoldaşınızın aqibəti gözləyir.

Rejimin acısını bir dəfə dadan Muxina bu açıq hədə-qorxunun nə ilə nəticələyini yaxşı anlayıb:
- Əlbəttə, bu mənim üçün böyük məsuliyyətdir və mən bütün yaradıcılıq imkanlarından istifadə etməyə hazıram. Amma siz yoldaş Stalinə məlumat verin ki, bu iş naturadan aparılacaq və üç ay vaxt lazım gələcək. Buna görə də əvvəlcədən Stalinlə razılaşdırmaq lazımdır ki, o, qarşımda dayanmağa vaxt ayıra bilsin.

Müzakirəni olduğu kimi Stalinə məruzə ediblər. Sovet lideri heykəltəraşa öz xətti ilə kiçik bir qeyd göndərib: “Hörmətli Vera İqnatyevna, sizin xahiş və tələbinizə cavab olaraq bildirmək istəyirəm ki, növbəti ilin yaz aylarına qədər vaxt ayırmaq imkanından xaricəm. Biz vaxt məsələsinə yenidən baxarıq...”

Stalin heç növbəti ilin yaz aylarında da heykəltəraş qarşısında “poz” verməyə vaxt ayırmayıb, daha bir ildən sonra isə o, gözlərini əbədi yumub. Bununla da, Vera Muxinanın canı Stalinin abidəsini hazırlamaq zəhmətindən birdəflik qurtulub.

Vera Muxina 1889-cu ildə Riqada anadan olub. Valideynləri erkən yaşlarında vəfat etdiyindən o, Kurskda qohumlarının himayəsində böyüyüb, orta təhsilini də bu şəhərdə alıb. Orta təhsilini başa vurduqdan sonra Muxina bacısı ilə birlikdə Moskvada məskunlaşıblar. O, Moskvada rəssamlıq məktəbində təhsilini davam etdirib, tanınmış rəssam İvan Dudindən dərs alıb. Daha sonra Parisdə “Kalarossi” studiyasında rəssamlıq kursları, İtaliyada heykəltəraşlıq təcrübəsi keçib.

Muxina Moskvaya 1914-cü ildə qayıdıb. I dünya müharibəsi başlananda o, könüllü olaraq tibb bacısı kurslarına yazılıb və müharibə illərində hərbi hospitalda çalışıb. Bu ərəfədə Muxina gənc həkim Aleksey Zamkovla tanış olub. Onlar 1918-ci ildə ailə həyatı qurublar.

1918-ci ildə Lenin tərəfindən “Monumental sənətin inkişafı, onun inqilabın və kommunist ideologiyasının ən mühüm təşviqat vasitəsi kimi səfərbər edilməsi” proqramı təsdiq ediləndə Muxina bu proqramın icrasının ən fəal üzvlərindən biri olub.

Muxina heykəltəraş kimi zamanla populyarlaşıb, sərgilərdə ona xüsusi yer ayrılıb, o, eyni zamanda xaricdə təhsil almış bir sənətkar kimi Moskva Ali İncəsənət İnstitutunda dərs deyib. Onun ən məşhur əsərləri sırasında Moskvadakı “Fəhlə və Kəndli” monumenti, Riqadakı “Azadlıq abidəsi”, Maksim Qorkinin, Pyotr Çaykovskinin, Nikolay Burdenkonun abidələri xüsusi yer alıb.

1930-cu illər Muxinanın da həyatında qara izlər buraxıb. Onun həyat yoldaşı Aleksey Zamkov həmin dövrdə Biologiya İnstitutunda işləyib və o, daha çox qeyri-ənənəvi təbabətlə məşğul olub. Onun xidmətlərindən Stalinin bir çox silahdaşları yararlanıblar. O, cümlədən Vyaçeslav Molotov və Maksim Qorki də məhz Zamkovun hesabına şəfa tapıblar. Zamkov kəşf etdiyi qravidan preparatı ilə daha da məşhurlaşıb, bu preparat müalicə vasitəsi kimi böyük effekt versə də, çox keçməmiş onun istehsalını və istifadəsini dayandırıblar. Belə ki, qravidanterapeyada hamilə qadınların sidiyindən istifadə edildiyinə görə bu kəşf sovet idelogiyası üçün “şeytan əməli” sayılıb. Zamkov institutdakı işindən azad edilib. Həbs təhlükəsindən qurtulmaq üçün o, SSRİ-dən qaçmağa məcbur olub. Amma sərhəddə onu saxlayıblar. Üç il həbsdə saxlandıqdan sonra Maksim Qorkinin xahişi ilə Zamkov azadlığa buraxılıb.

Həkimə azadlıq verilsə də onun adı “NKVD”-nin qara siyahısından çıxarılmayıb və Zamkovlar nəslinin nümayəndələri, əvvəlcə bacısının həyat yoldaşı, sonra bacısı, daha sonra əmisi oğlu və digər yaxın qohumları bir-birinin ardınca həbs olunublar. Bütün bunlara tab gətirməyən Zamkov 1939-ci ildə infarkt keçirib, davam edən gərginlik 1942-ci ildə ikinci infarkta səbəb olub ki, 59 yaşı Zamkov həyatını itirib.
Elə bu səbəbdən də “mücrü”sündə beş Stalin mükafatının vəsiqələrini saxlayan Muxina Stalini vəsf etməyi özü üçün qəbuledilməz sayıb. 1951-ci ildə sovet liderinə üç aylıq poz vermək təklifini isə o, oğlunu xilas etmək üçün edib.

Vera Muxina Stalindən yeddi ay sonra, 1953-cü ilin oktybarın 7-də vəfat edib. O, Moskvada, Novodeviçye qəbirstanlığında həyat yoldaşının yanında dəfn olunub.

İlham Cəmiloğlu

"Paralel.az"

0.049478054046631