35 min qadınla eşq yaşayan Kastro – “Təmiz kommunist”in milyonları
Ən yeni tarix. Maraqlı faktlar.
35 min qadınla eşq yaşayan Kastro – “Təmiz kommunist”in milyonları.
O, bir çox göstəriciləri ilə dünyanın siyasi liderlərini üstələyib. Fidel Kastro 49 il Kubaya liderlik etməklə tarixə ən uzunömürlü siyasətçilərdən biri kimi düşüb. Kastronu digər siyasətçilərdən fərqləndirən cəhətlərdən biri də güclü yaddaşa və son dərəcə cəlbedici nitq qabiliyyətinə malik olması olub. Kuba lideri saatlarla kütlələr qarşısında çıxış etməkdən yorulmayıb, 1986-cı ildə isə Kuba Kommunist Partiyasının III qurultayında onun çıxışı 7 saat 10 dəqiqə davam edib. Bu saatlar ərzində Kastro bir dəfə də olsun yazılı məruzədən istifadə etməyib.
Fidel Kastronun daha bir rekordu ona qarşı edilən sui-qəsd cəhdlərilə bağlıdır. Rəsmi iddiaya görə, Kuba liderini fiziki cəhətdən məhvinə 638 dəfə cəhd edilib. (Bu, şişirdilmiş rəqəm ola bilər). Hətta bu rekordla bağlı “Kastronu öldürməyin 638 üsulu” adlı sənədli film də çəkilib.
Fidel Kastro təkcə bu və digər faktlarla fərqlənməyib. O, şəxsi həyatında da bir sıra “rekord”lara imza atıb və bu, uzun illər bu faktlar gizli saxlanılıb.
Ümumiyyətlə, Kastro heç vaxt mətbuata şəxsi həyatı haqqında heç bir açıqlama verməyib. Əksinə, jurnalistlərə bu mövzuya toxunmağı qadağan edib:
“Siyasi fəaliyyətimlə bağlı nə istəyirsiniz yazın. Bu sahədə mənim heç bir sirrim yoxdur. Bütün suallarınıza ətraflı cavab verməyə hazıram. O ki qaldı mənim şəxsi həyatıma, bu, şəxsidir, mənim şəxsi şərəf məsələmdir, ona toxunmaq olmaz, mən buna icazə vermirəm...”
Sonralar məlum olub ki, “Azadlıq adası”nın liderinin şəxsi şərəfi kifayət qədər qaranlıq məqamlarla zəngindir. Bu haqda açıqlamaları isə onun yaxın ətrafında olanlar verib.
İlk dəfə Kastronun şəxsi həyatı ilə bağlı 2008-ci ildə “New York Times” qəzeti böyük səs-küyə səbəb olan yazı dərc edib. Kastronun hökumətinin qəzetə müsahibə verən keçmiş məmurlarından biri qeyd edib ki, Kuba liderinin həyatında 35 min qadın olub. Sözsüz ki, belə bir rəqəmi dəqiq söyləmək mümkün deyil. Amma Kastronun qadınlara qarşı münasibətini keçmiş məmur ən xırda detallarına qədər açıqlayıb: “Fidel Kastronun yatağında gün ərzində ən azı iki qadın qonaq olurdu. 40 il bu belə davam edib. Bu məsələ onun xüsusi adamları tərəfindən ciddi rejimə salınmışdı. Günorta fasiləsindən və şam yeməyindən əvvəl Kastro qadınlarla yatağa girirdi. Bəzən o, səhər yeməyindən əvvəl də qadın “sifariş” verirdi...”
Kastronun bioqrafları onun yalnız bir dəfə rəsmi nikahda olduğunu qeyd ediblər. O, 1948-ci ildə Mirta Dias-Balartla ailə həyatı qurub. 1949-cu ildə cütlüyün bir oğul övladları dünyaya gəlib. 1955-ci ildə onlar rəsmi olaraq ayrılıblar, Mirta oğlunu da götürərək Kubanı birdəfəlik tərk edib, ana və oğul İspaniyada məskunlaşıblar.
Hələ Mirta ilə rəsmi nikahda olarkən Kastro Nataliya Rivuelta adlı bir qadınla sevgi macərası yaşayıb. Onların münasibətləri rəsmiləşməsə də, bu cütlükdən Alina adlı bir qız dünyaya gəlib. Bu münasibətlər də uzun sürməyib. Sonralar Alina Kubadan Avropaya köçəndə atasının siyasi fəaliyyəti haqqında sərt açıqlamalar verib.
Daha sonra Kastronun qismən uzun müddətli qeyri-rəsmi həyat yoldaşı Daliya Valle olub. Bu qadın Kuba liderinə beş oğul bəxş edib.
Kastronun “uşaq”la nəticələnən sevdası bununla bitməyib. Onun Xorxe adlı oğlunun, Fransiska adlı qızının analarının kimlər olduğunu isə bioqraflar aydınlaşdıra bilməyiblər.
Fidel Kastronun şəxsi həyatı ilə bağlı daha maraqlı açıqlamaları 17 il onun cangüdəni olan Xuan Reynaldo verib. Onun bu haqda “Fidel Kastronun ikili həyatı” adlı kitabı da çıxıb. Kitab bu cümlələrlə başlayır: “Fidel Kastro mənim üçün Allah idi. Mən onun yolunda ölümə də hazır idim. 17 illik xidmətindən sonra bir hadisə mənim bütün fikirlərimi dəyişdi. Mən bir dəfə Kastronun kolumbiyalı narkotacirlərlə söhbətini, sövdələşməsini eşitdim. Onda anladım ki, bu illər ərzində həyatımı da qurban verməyə hazır olduğum Fidel Kastroya Allah kimi baxmağımda yanılmışam...”
49 il hakimiyyətdə olduğu dövrdə həmişə hərbi səhra formasında görünən, sıravilərlə sadə dildə ünsiyyət qurmağı bacaran Kastro özü haqqında “xalq lideri” təəssüratını böyük ustalıqla yarada bilib.
Amma onun şəxsi həyatı sıravi Kuba vətəndaşlarının həyatından qat-qat fərqlənib. Xuan Reynaldo öz kitabında bu məsələyə də geniş yer ayırıb: “Fidel Kastro saysız-hesabsız mülklərə sahib idi. Kayo Pyedra adası da ona məxsus idi. Onun ən böyük villası da orada yerləşirdi. Bu adada Kastronun əyləncəsi üçün bütün şərait yaradılmışdı. Onun şəxsi qarajı da məhz həmin adada idi. Bu ada kiçik bir şəhəri xatırladırdı. Sahildə isə Kastroya məxsus yaxta həmişə hazır vəziyyətdə dayanırdı. Bu yaxtanı Kastroya Leonid İliç hədiyyə etmişdi. Kastronun şakərlərindən biri də bahalı saatlar idi. Onun zəngin saat kolleksiyasının ümumi dəyəri milyonları keçirdi. O, saatlara qarşı o dərəcədə həris idi ki, 1963-cü ildə SSRİ-yə qolunda iki “Rolex”lə getmişdi. Sözsüz ki, iki saatlı Kastro jurnalistlərin diqqətindən yayınmamışdı və o, bu görməmişliyini “saatların biri Havana, digəri isə Moskva vaxtını göstərir” deyə mətbuat nümayəndələrinə aydınlıq gətirmişdi...”
Yəqin ki, “Azadlıq adası”nın yarım əsrlik lideri elə bu zəngin həyat tərzinə görə jurnalistlərə şəxsi həyatı haqqında yazmağ qadağan edib və yəqin ki, Kastro elə şəxsi şərəfini də məhz maddi zənginlikdə görüb...
İlham Cəmiloğlu
"Paralel.az"