Karyerası və ömrü qatar sərgüzəşti ilə bitən Bjişkyan – Maraqlı faktlar

Karyerası və ömrü qatar sərgüzəşti ilə bitən Bjişkyan – Maraqlı faktlar
 

Ən yeni tarix. Maraqlı faktlar.

Karyerası və ömrü qatar sərgüzəşti ilə bitən Bjişkyan – “Hərbi strateq” iddiasının güdazına gedib.

50 illik ömrünün yarısını sərxoş vəziyyətdə olan Hayk Bjişkyan sonda elə erməni konyakının güdazına gedib. İki-üç qədəhdən sonra ürəyi “açılan” erməni hərbçi qəhrəmanlığından, SSRİ-də ən savadlı hərbi nəzəriyyəçi olduğundan, özünü öyməkdən yorulmayıb. Özünü tam itirdikdən sonra isə incik düşmüş, alçaldılmış adamlar kimi rəhbərliyi təhqir etməyə, söyməyə başlayıb...

1935-ci ildə belə bir mənzərə növbəti dəfə yaranıb. Qatarla ezamiyyətə gedən Bjişkyan səfərə tam hazırlıqlı çıxıb, yol azuqəsinə iki-üç şüşə erməni konyakı da əlavə edib. Qatar tərpəndikdən 15-20 dəqiqə sonra Bjişkyan təamları kupenin kiçik masasına düzüb və kupe yoldaşlarını masa ətrafına dəvət edib. Məclis qızışıb, başlar dumanlanıb, Bjişkyan öz adətinə uyğun olaraq sinəsinə döyə-döyə özünü tərifləməyə başlayıb. Sonda isə o, vəzifəsinə görə öz yerində olmadığını, ona qarşı haqsızlıq edildiyini dilə gətirərək hökuməti və Stalini lənətləməyə başlayıb:

“Bu hakimiyyətdə çoxları yerində deyil, başda da Stalin olmaqla. Stalini aradan götürmək lazımdır...”
Məclis vaqon bələdçisinin onlara çay gətirməsi ilə yekunlaşıb. Məclisdəki söhbətin ardı isə Moskvada, “NKVD”-də davam edib. Kupedə Bjişkiyanın söhbətlərinə sakitliklə qulaq asanlardan biri səhərisi gün lazımi orqanlara hadisə haqqında ətraflı məlumat verib.

Bjişkyan qatar səfərindən 8 gün sonra həbs edilib...

Hayk Bjişkyan 1887-ci ildə Təbrizdə anadan olub. 1901-ci ildə ailə Tiflisə köçüb. Bjişkyan əvvəlcə Tiflisdə erməni ruhani seminariyasında oxuyub. Daha sonra həmin şəhərdə zabitlər və təlimatçılar məktəbini bitirərək orduda xidmətə başlayıb. O, Qafqaz cəbhəsində türklərə qarşı vuruşan 6-cı dəstənin tərkibində erməni könüllülərdən ibarət rotaya komandirlik edib.

Oktybr inqilabından conra Bjişkyan bolşeviklər partiyasına üzv olaraq xidmətini qırmızı orduda davam etdirib, vətəndaş müharibəsinin iştirakçısı olub. Məhz həmin ərəfədə o, Kliment Voroşilovla tanış olub.
Bjişkyan 1922-ci ildə hərbi akademiyada kurs keçdikdən sonra Ermənistanın hərbi işlər üzrə komissarı təyin edilib. O, bu vəzifədə olarkən yaxın zamanlarda Moskvada itttifaq miqyaslı daha yüksək posta təyin olunacağı haqqqında düşünüb. Əsasən də Kliment Voroşilov, Anastas Mikoyan və Mixail Tuxaçevski ilə yaxın tanışlıqlarına ümid edən Bjişkyan gələcək karyerasındakı uğurlarına şübhə etməyib.

Amma hər şey heç də onun düşündüyü kimi olmayıb. Ara-sıra Bjişkyanın özbaşınalığı, tabeliyində olanlarla kobud rəftarı, içki hərisliyi haqqında Moskvaya, şəxsən Stalinə məlumatlar çatıb.
Hamiləri Bjişkyana tələsməməyi məsləhət görüblər, onun akademiya təhsili almağını vacib sayıblar.

Frinze adına Hərbi Akademiyada iki il təhsil aldıqdan sonra Bjişkyanın Moskva arzusu yenə də reallaşmayıb. Bu dəfə onu Belarusiyaya korpus komandiri təyin ediblər.

Bjişkyanın Moskvada Baş Qərargahın strukturuna gətirilməsi Kremldə bir neçə dəfə müzakirə olunub və hər dəfə də Stalin bu məsələyə razılıq verməyib.

Heç olmasa Moskvaya köçmək, paytaxt qeydiyyatına düşmək üçün Bjişkyan özünə Frunze adına Hərbi Akademiyada müəllim kimi yer edib, 1933-1935-ci illərdə isə Jukovski adına Hərbi Hava Akademiyasında kafedra rəisi vəzifəsində xidmət edib. Bu vəzifə onun sonuncu vəzifəsi olub. Qatar məclisindən sonra yüksək vəzifə eşqində olan Bjişkyan həbs edilib.

Həbsindən sonra aparılan araşdırmalar zamanı Bjişkyanın orduda antisovet təbliğatı ilə bağlı çoxsaylı faktlar aşkar olunub. O, bunu qismən etiraf edib. “NKVD” rəhbəri Henrix Yaqodaya yazdığı məktubda isə bu hərəkətləri içki təsiri altında etdiyini bildirib.

Bjişkyanın həyat yoldaşı və yuxarıdakı hamiləri onun əfv edilməsi ilə bağlı bir neçə dəfə Stalinə müraciət ediblər. Stalin isə məsələni “NKVD araşdıracaq” deyə müraciətlərə müsbət reaksiya verməyib.
Daha ciddi və təkidli müdaxilələrdən sonra Bjişkyan daha az, 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

22 oktyabr 1935-ci ildə Bjişkyan “NKVD”-nin təcridxanasından cəza yerinə, Yaroslavl həbəsxanasına aparılanda qatardan qaçmağa nail olub. Onu Yaroslavla məhbusları daşıyan qatarla yox, adi sərnişin qatarı ilə aparıblar. Bjişkyanı iki konvoy müşayiət edib. O, gecə saatlarında konvoylardan tualetə getmək üçün icazə alıb, içəridə tualetin pəncərəsini sındıararaq özünü qatardan atıb.

Bu haqda Henrix Yaqoda dərhal Stalinə məruzə edib ki, cavabında ən ağır sözləri eşidib.

Bjişkyanın tutulması üçün Yaqoda 900 nəfər “NKVD” əməkdaşını axtarışa cəlb edib. Bununla yanaşı, onun qatardan tullandığl ərazidəki kənd və qəsəbələrin sakinləri, könüllü drujinalar, komsomolçular da axtarışa cəlb olunublar.

Bjişkyan qatardan tullanarkən ayağı sındığından çox da uzağa gedə bilməyib. Gecəni meşəlikdə keçidikdən sonra yaxınlıqdakı kəndə üz tutub, yerli kolxozçulardan biri onun hərəkətlərindən şübhələnərək milisləri çağırıb. Həmin kolxozçu Yaqoda tərəfindən pul və fəxri fərmanla mükafatlandırılıb.

Yaqoda Bjişkyanın tutulması ilə bağlı xəbəri Stalinə “sevinclə” çatdırıb. Həmin vaxt Stalin Qafqazda istirahətdə olub. Onların telefon danışığı uzun çəkib. Stalin Bjiçkyanın qaçmağının və tutulmağının ən kiçik detalları ilə matraqlanıb. Telefon danışığından sonra o, qəzəbli halda Siyasi Büronun üzvlərinə məktub göndərib:

“Hayk Bjişkyanın qaçması və tutulmasından belə görünür ki, “NKVD” rəhbərliyində bir boşluq var və proses heç də yaxşı bir şey vəd etmir. Burada anlaşılmayan bir məsələ var. Nəyə görə məhkum Bjişkyan cəza yerinə məhbus qatarında yox, sərnişin qatarında aparılıb? Bjişkyanın tutulması məsələsində isə mənzərə daha dəhşətlidir. Bir küçüyün tutulması üçün “NKVD”-nin 900 əməkdaşı axtarışa cəlb edilib. Bu artıq qeyri-peşəkarlığın ifadəsidir. Ən dəhşətlisi isə odur ki, “NKVD” bu işə kommunistləri, komsomolçuları, kolxozçuları da cəlb edib. “NKVD”-yə bu səlahiyyəti kim verib? Əgər bir cinayətkarı sıravi mülki vətəndaşlar tutacaqsa, onda “NKVD” kimə lazımdır? Bu cür hadisələr “NKVD” qurumunda bir xəstəlikdir və artıq vaxtıdır ki, biz bu xəstəliyin müalicəsi ilə məşğul olaq...”

Bjiçkyan cəzasını 1937-ci ilə qədər Yaroslavl həbsxənasında çəkib. Həmin il yeni “NKVD” rəhbəri Nikolay Yejovun təqdimatı ilə onun işinə yenidən baxılıb. Stalinlə məsləhətləşmə zamanı Bjişkyanın güllələnməsinə hökm verilib.

Qeyd edək ki, əyyaşlığı ilə daha çox tanınan, idarəetmədə elementar etika qaydalarından xəbərsiz olan Bjişkyan özünə “Haya” (ermənidir) təxəllüsünü də götürüb. Ən maraqlısı isə odur ki, erməni toplumu Bjiçkyanı dünyaya dahi hərbi nəzəiyyəçi kimi təqdim etməkdən də utanmayıblar və İrəvanda ona abidə də ucaldıblar.

İlham Cəmiloğlu

"Paralel.az"

0.042968988418579