Rusiya və Finlandiya arasında savaş başlaya bilərmi? - ŞƏRH

Rusiya və Finlandiya arasında savaş başlaya bilərmi? - ŞƏRH
 
Finlandiyanın NATO-ya üzv olması Rusiyanı əməlli-başlı əndişələndirib. Finlandiya aprelin 4-də rəsmi olaraq NATO-ya üzv olduqdan sonra Rusiya tərəfindən ona qarşı təhdidlər başlayıb. İndi Rusiya Helsinkiyə və NATO-ya qarşı təhdid xarakterli bəyanatlar səsləndirir. Rəsmi və qeyri-rəsmi səviyyədə bildirilir ki, Finlandiyanın NATO-ya üzvlüyü vəziyyəti daha da gərginləşdirəcək. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bu günlərdə verdiyi açıqlamasında bildirib ki, Rusiya Federasiyasında bəzi Şərqi Avropa ölkələrinin Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilənin müddəalarını pozması barədə məlumatlar var. "Rusiya Federasiyası ABŞ ordusunun Finlandiyaya yerləşdirilməsinə cavab vermək üçün bir yol tapacaq, Moskvanı qorxutmaq alınmayacaq. Moskva sanksiyalar məsələsini müzakirə etməyəcək”, - o əlavə edib. 
 
Bir qədər əvvəl isə Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi  sədrinin birinci müavini Aleksey Çepa bildirib ki, Moskva ilə NATO arasında birbaşa  toqquşma riski Finlandiyanın hərbi bloka daxil olması və bütövlükdə Alyansın genişlənməsi ilə bağlıdır. "Müəyyən növ silahların yerləşdirilməsi halında biz müvafiq addımlarla cavab verməyə məcbur olacağıq. Nəzərə alsaq ki, Finlandiya Alyansın üzvü deyildi, onun müəyyən silah sistemləri üzərində işləyən təlim keçmiş mütəxəssisləri yoxdur. Bütün bunlar insan riski də daxil olmaqla, bir çox risklərə səbəb olur. Hesab edirəm ki, baş verənlər ciddi münaqişəyə səbəb ola bilər”, - Duma səlahiyyətlisi fikrini tamamlayıb. 
 
Ekspertlər bildirirlər ki, bütün bunlar Rusiya ilə NATO arasında toqquşma riskini artıran faktordur. Finlandiyada ABŞ ordusunun  yerləşməsinə cavab olaraq aydındır ki, Rusiya da bu ölkə ilə sərhəddəki hərbi mövcudluğunu daha da artıracaq. Moskvanın belə bir addım  atacağı birmənalıdır. Bunu Finlandiyanın NATO- ya üzvlük məsələsi çıxan ilk dövrlərdən Rusiya müdafiə naziri Sergey Şoyqu dəfələrlə bəyan edib. 
 
Qeyd edək ki, Finlandiyanın NATO-ya üzv olması ilə qurumla Rusiya arasında sərhəd daha 1300 km. böyüyüb. Ona qədər NATO Rusiya Sərhədi  yalnız Baltikyanı ölkələr və dəniz vasitəsilə Türkiyə ilə məhdudlaşırdı. Həmçinin yeni  situasiyada Rusiyanın ikinci böyük şəhəri olan Sankt-Peterburq üçün də ciddi təhlükələr  yaranır. Belə vəziyyət isə istər-istəməz Rusiyanı  məcbur edir ki, sözügedən istiqamətdə hərbi  mövcudluğunu gücləndirsin. Amma Rusiya ilə  NATO arasında Finlandiyaya görə, hərbi toqquşmanın olması ehtimalı sıfıra bərabərdir.  İlk növbədə ona görə ki, hazırda Rusiyanın diqqəti Ukraynada müharibəyə qarışıb. Kreml burada ciddi bir nəticəyə nail ola bilmir. Əksinə, Rusiya Ukraynaya hücumla özünü olduqca çətin duruma salıb. Belə vəziyyətdə Rusiyanın Finlandiyaya hücum edərək, ikinci cəbhə açması onun indi olduqca ağır olan vəziyyətinin daha da pisləşməsilə sonuclanacaq. İkincisi, Finlandiya ilə müharibə Ukraynadan fərqli olaraq birbaşa NATO ilə müharibə demək olacaq. Bu isə Rusiyanın məhvi anlamına gələ bilər. Ukraynada uğur qazana bilməyən rus ordusunun NATO ordusu qarşısında tab gətirəcəyi ağlabatan deyil. Bunu Rusiya rəsmiləri də gözəl anlayır. Ona görə də onların Finlandiyanı təhdid etmələri sadəcə olaraq, söz xatirinə deyilən fikirlərdir. Deyilən bu sayaq fikirlər yalnız daxili auditoriyaya hesablanıb. Bununla da daxildə Rusiyanın hələ də guya güclü olduğu obrazını formalaşdırmağa çalışırlar. Bu sayaq açıqlamalar həmçinin, Rusiyanın Finlandiya ilə sərhəddəki hərbi qüvvələrini artırmaq niyyətlərinə haqq qazandırmaq üçün edilən bəhanələrdir.
 
Rüfət Sultan
0.022091865539551