3 platformalı sülh ziqzaqı:
Vaşinqton turu, Brüssel prosesi və Moskva görüşü...

3 platformalı sülh ziqzaqı:Vaşinqton turu, Brüssel prosesi və Moskva görüşü...
 

2023-cü ilin mayı Azərbaycan-Ermənistan danışıqlarının temp və dinamikası baxımından xeyli fərqləndi, postsavaşın 2,5 ilinin diplomatik təmaslar və sülh istiqamətində irəliləyişdə nəticəyə yaxınlaşmaq sarıdan isə ən intensiv və məhsuldar ayı oldu. Danışıqların dinamikası və müəyyən tərəqqidən danışılması sülh prosesinin gedişatına münasibətdə çəkingən də olsa, optimist reaksiyalara zəmin yaratdı.
9 aydan sonra sülh danışıqların sistemli aparılmasında mühüm rola malik Brüssel prosesi bərpa edildi. Bütün danışıq platformaları içərisində Brüssel formatı geosiyasi vasitəçi tərəfkeşliyi və ehtirasları fonunda bu anlamda diqqəti cəlb edir ki, o, ayrıca bir dövlətin deyil, Avropa İttifaqı Şurası prezidentinin rəhbərinin vasitəçiliyi ilə aparılır. Hansısa bir dövlətin, məsələn, ABŞ və ya Rusiyanın vasitəçiliyində dövlət maraqları prosesə öz təsirini göstərir. Konkret olaraq ATƏT-in keçmiş Minsk qrupunun keçmiş həmsədri Fransa kimi vasitəçi isə missiyası altında aşkar tərəf tutur, özünü Ermənistanın patronu kimi aparır.
Şarl Mişelin ev sahibliyi ilə Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyan arasında ötən ilin avqustunda keçirilən dördüncü görüşdən sonra uzun fasilənin yaranması məhz Paşinyanın Fransa Prezidenti Makronun Brüssel formatında iştirak etməsində israr etməsi ilə bağlı olmuşdu. Prezident İlham Əliyev Makronun iştirakını qəti şəkildə rədd etmişdi.
Xatırladaq ki, Brüssel formatında daha əvvəl Azərbaycan və Ermənistan liderləri arasında Belçika Krallığının paytaxtında Şarl Mişelin vasitəçiliyi ilə dörd görüş baş tutub. İlk görüş 14 dekabr 2021-ci ildə, ikinci görüş 6 aprel 2022-ci ildə, üçüncü görüş isə 23 may 2022-ci ildə, son görüş isə 31 avqust 2022-ci ildə keçirilib. Həmçinin ötən il oktyabrın 6-da Praqada baş tutan Avropa Siyasi Birliyinin sammitində prezident İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyanın dördtərəfli formatda görüşü keçirilib. Bu üçtərəfli formatda 5-ci görüş Brüsseldə keçən ilin dekabrın 7-də keçirilməli idi, lakin qeyd etdiyimiz kimi Makron faktoru Brüssel prosesini yerində saymağa məcbur etdi. Nəhayət, Paşinyan israrından geri çəkildi və proses davam etdi.
Tərəflər və ekspertlər 5-ci Brüssel görüşünü pozitiv qiymətləndirirlər. Düzdür, Belçikanın paytaxtında hansısa sənədin imzalanacağı əvvəldən gözlənilmirdi. Brüssel görüşü Vaşinqtondakı dördgünlük diplomatik raundunda əldə edilən müəyyən nəticələrin vurğulanması və möhkəmləndirilməsi baxımından əhəmiyyətli idi.
Vaşinqtonda (Arlinqton) Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında mayın 1-dən 4-dək davam edən sülh danışıqlarının yekununda ABŞ Dövlət katibi Antoni Blinken qeyd etmişdi ki, bu günlər ərzində iki tərəf "çox mürəkkəb" məsələləri müzakirə edib və dayanıqlı sülh razılaşması istiqamətində "ciddi irəliləyişə" nail olublar: "Biz yekun razılığa çox yaxınıq". Vaşinqton danışıqlarında vacib məsələlərdən biri ABŞ-ın mövqeyində olan dəyişiklik oldu. Məsələn, Blinken bəyan etdi ki, əgər milli azlıqların probleminə baxılsa, bu gərək qarşılıqlı formada həll edilsin.
Vaşinqton görüşünə dair həm Azərbaycan, həm də Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatlarda sülh qurulması haqqında ikitərəfli saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılığın əldə edildiyi, lakin bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığı vurğulanırdı. Bu, ortada müzakirə sənədinin olması, həmçinin ABŞ-ın vasitəçiliyi ilə sonrakı daha yüksəksəviyyəli görüş üçün zəmin və gündəlik hazırlanması demək idi. Ermənistanın baş naziri Nikol Paşinyan da Ermənistan parlamentində bunu təsdiqləmişdi: “Vaşinqtonda danışıqlar masasının üstündə sənəd var” .
Vaşinqton turundan sonra və Brüssel görüşü ərəfəsində mayın 10-dan 13-dək Azərbaycan və Ermənistanın delimitasiya olunmamış sərhədində ağır silahlardan istifadə edilməklə qarşılıqlı atışmalar, hər iki tərəfdən ölən və yaralananlar olsa da, bu, 5-ci Brüssel görüşünün keçirilməsinə mane olmadı.
Mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli formatda görüş keçirildi və Vaşinqtonda XİN başçıları səviyyəsində Blinkenin dediyi “ciddi irəliləyiş” iki dövlətin birinci şəxslərinin danışıqlarında təsdiqləndi. Tərəflər bunu birbaşa bəyan etmədilər, amma görüşdən sonra Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin mətbuata bəyanatının mətni şübhəsiz ki, Azərbaycan və Ermənistan liderləri ilə razılaşdırılmışdı, onların mövqelərini ifadə edirdi.
Vaşinqton görüşü və Brüssel formatı danışıqlarda ümumi Qərb platformasının tərkib hissəsi olmasa da, bir-biri ilə bağlı və bir-birini tamamlayan proseslərdir. Şarl Mişel də vurğuladı ki, “bu yaxınlarda sülh sazişi ilə bağlı ABŞ-da keçirilmiş müsbət danışıqlardan sonra bu impuls saxlanılaraq Azərbaycan ilə Ermənistan arasında əhatəli sülh sazişinin imzalanması üçün qətiyyətli addımlar atılmalıdır”. Aİ Şurasının rəhbərinin sözlərinə görə, liderlərin fikir mübadiləsi “səmimi, açıq və nəticəyönümlü” olub və əsas diqqət Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yönəlib: " Liderlər Cənubi Qafqazda sülhün bərqərar olmasına hazırlığı ifadə edibllər. Mən onların müvafiq səylərini yüksək qiymətləndirirəm. Biz birlikdə gündəliyimizdəki bütün məsələləri nəzərdən keçirdik"
* Gündəlikdəsə detalları və nüansları ilə elə mühüm məsələlər var ki, onların üzərində razılaşma sülh prosesinin xeyli sürətlənməsi deməkdir:
1.Ərazi bütövlüyü. Tərəflər əvvəldən bir-birinin ərazi bütövlüyünü və toxunulmazlığını daha əvvəl “Alma-Ata Bəyannaməsi”nə əsasən tanıdıqlarını bildirmişdilər və bu barədə ötən ilin oktyabrında Praqada - Avropa Siyasi Birliyinin ilk sammitində bəyan etmişdilər. Bu dəfə daha irəli gedildi, Şarl Mişel Azərbaycanın ərazi bütövlüyünü rəqəmlə ifadə etdi: “Liderlər 1991-ci ilin “Alma-Ata Bəyannaməsi”nə və Ermənistanın 29 800 kvadratkilometr və Azərbaycanın 86 600 kvadratkilometr ərazisinin toxunulmazlığına birmənalı sadiqliklərini təsdiq etdilər.”
Prinsipcə, Azərbaycanın ərazi bütövlüyüyün toxunulmazlığının rəqəmli tanınma-təsdiqlənməsi, “86 600 kvadratkilometr”in dilə gətirilməsi o deməkdir ki, Ermənistan Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu qəbul edir. Şarl Mişelin bu rəqəmi dilə gətirməsi çox vacib bəyanatdır. Bu yalnız Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu göstərmir, həm də o deməkdir ki, Avropa İttifaqı və onun timsalında Qərb də bu yanaşmadan və reallıqdan çıxış edir. Düzdür, Aİ həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirib, amma diplomatik müstəvidə bu tanınmanın hər dəfə elan edilməsi, təsdiqi və vurğulunması vacibdir. Zira bu dəfə 86 600 kv/km ilə Qarabağın Azərbaycanın ayrılmaz parçası olduğu ilk dəfə bilavasitə vurğulanırdı. Bununla yanaşı, Ermənistan tərəfinin Azərbaycanın ərazi bütövlüyünü rəqəmli tanımasını bilavasitə rəsmən sənədlə elan etməsi vacibdir
“Qarabağ parlamentinin deputatı” kimi təqdim olunan Artur Arutyunyanın iddiasına görə, rəsmi İrəvanın heç bir sənədində Azərbaycanın 86 min 600 kvadrat kilometrlik ərazisinin tanınmasından heç bir söhbət getmir. Arutyunyan Mişelin yalnız ərazi bütövlüyündən danışmasını, millətlərin öz müqəddəratını təyinetmə hüququ barədə susmasını tənqid edib: “Bu Şarl Mişelin bəyanatında olub. Amma mən Ermənistan XİN-in və ya Ermənistan Respublikasının heç bir sənədində 86 min 600 kvadrat kilometr söhbətini görməmişəm”.
Hərçənd ki, Ermənistanın baş naziri Nikol Paşinyan mayın 17-də Reykyavikdə Avropa Şurasının sammitində çıxışı zamanı Azərbaycanla münasibətlərin normallaşmasına toxunarkən “86 600 kvadratkilometr” rəqəmini dilinə gətirdi : "Üç gün öncə Avropa İttifaqı Şurası sədrinin vasitəçiliyilə irəliyə doğru addım atdıq - Ermənistanın Azərbaycan ərazisinin 86,6 min kvadrat kilometrini, Azərbaycanın Ermənistan ərazisinin 29,8 min kvadrat kilometrini tanıdığını vurğuladıq". Baş nazir həmçinin Qarabağ ermənilərinin hüquq və təhlükəsizliklərinin təminatı üçün Bakı ilə Xankəndi arasında dialoqa start verilməsinin vacibliyindən danışıb və bu məsələdə beynəlxalq mexanizmlərin tətbqinin önəmini vurğulayıb.
Paşinyan artıq erməni ictimaiyyətin, ilk növbədə Qarabağ ermənilərinin etirazlarından elə də çəkinmir. Ermənistan hakimiyyəti səviyyəsində rəsmən "Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyünə aidiyyatı yoxdur və bu region qanuni əsaslarla SSRİ-nin tərkibindən çıxıb" iddialarına son qoyulub. Aydındır ki, erməni müxalifəti və Qarabağ ermənilərinin liderləri bu tezislərdən aslınlıqla əl çəkməyəcəklər, amma artıq Ermənistan hakimiyyəti səviyyəsində “iki erməni dövləti” narrativinin və regiona, elə ermənilərin özlərinə faciələr, fəlakətlər yaşadan “Miatsum” idefiksinin iflasa uğraması etiraf edilir. Anlayırlar ki, bu yolla getmək erməniləri gec-tez “ekzistensial son”a aparacaq...
2.Qarabağ erməniləri. Şarl Mişel bəyanatında həssas davranaraq “Dağlıq Qarabağ” sözünü dilinə gətirmir, Qarabağda yaşayan ermənilərdən danışarkən keçmiş “DQMV” xatırlatmaqla manevr edir: "Biz keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi məsələsi ilə bağlı fikir mübadiləsini davam etdirdik. Mən Azərbaycanı beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq şəraitində bu əhalinin hüquq və təhlükəsizliyini təmin etmək üçün müsbət gündəm hazırlamağa çağırdım. Mən Bakı ilə bu əhali arasında şəffaf və konstruktiv dialoqun aparılmasının zəruriliyi məsələsini də qaldırdım". Rəsmi Bakı oranın əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsi üçün müsbət gündəm hazırlamağa hansısa dövlətin, siyas-iqtisadi blokun qatılımi ilə deyil, beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq etmək şəraitində çağırılır. Beynəlxalq ictimaiyyət siyasi-hüquqi baxımdan mücərrəd anlamdır.
3. Sərhəd məsələsi. Brüssel görüşü ərəfəsində sərhəddə baş vermiş gərginlik nəticəsində Azərbaycan ordusunun 2 hərbi qulluqçusu həlak olub və 1 əsgər yaralanmışdı, Ermənistan isə 1 hərbçisini itirdiyini və ümumilikdə 8 hərbi qulluqçusunun yaralandığnı açıqlamışdı. Bundan başqa aprelin 23-də Laçın yolunda, Ermənistanla sərhəddə sərhəd-buraxılış məntəqəsinin (SBM) qoyulması erməni tərəfdə etirazlara səbəb olmuşdu. Nə SBM, nə sərhəddə eskalasiya Brüssel görüşünə əngəl olmadı. Qeyd edək ki, Paşinyan daha əvvəl tərəflərin qoşunlarının sərhəddən çəkilməsini və əraziyə beynəlxalq müşahidəçilərin gəlməsini istəyirdi. Şarl Mişelin yekun bəyannaməsində bundan söz açılmadı.
Laçın SBM artıq beynəlxalq miqyasda reallıq kimi dəyərləndirilir. Düzdür, Paşinyan Mişellə ayrıca görüşündə, erməni mediasının xəbərinə görə, görüşüb. "Laçın dəhlizini qeyri-qanuni şəkildə bağlaması nəticəsində Dağlıq Qarabağda humanitar böhranın yaranması" məsələsinə toxunulub. Amma toxulubsa belə, Aİ Şurası rəhbəri bu məsələni bəyanatına salmağa ehtiyac görməyib.
Sərhəd məsələsi ilə bağlı Şarl Mişelin bəyanatında yalnız delimitasiya məsələsinə toxunulur: "Sərhəd məsələlərində biz sərhədlərin delimitasiyası ilə bağlı irəliləyişləri və növbəti addımları nəzərdən keçirdik. Bu çərçivədə liderlər sərhəd məsələlərinə dair ikitərəfli görüşləri bərpa etmək barədə razılığa gəliblər". Yəni, sərhədin yekun delimitasiyası, həmçinin hansısa yüksəkliklər və Azərbaycanın 8 anklavı məsələsi danışıqlar yolu ilə razılaşdırılacaq.
4. Nəqliyyat dəhlizi, kommunikasiyalar. Şarl Mişelin bu məsələ ilə bağlı bəyanatında da mühüm detal və nüanslara toxunulr: "Kommunikasiyalara gəlincə, tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpa olunmasına yönəlmiş müzakirələrdə aydın irəliləyiş əldə ediblər. Bu mövzuda mövqelər hazırda bir-birinə çox yaxındır, xüsusən də Naxçıvanla və Naxçıvandan keçən dəmir yolu əlaqəsinin bərpası ilə bağlı. Onların müvafiq qruplarına konkret qrafiklə yanaşı, dəmir yolu xəttinin açılması şərtləri və zəruri tikinti işlərinin aparılması ilə bağlı prinsipial razılaşdırılması tapşırılıb. Onlar həmçinin bu işin dəstəklənməsi üçün Ümumdünya Gömrük Təşkilatını cəlb etmək barədə razılığa gəliblər". Zəngəzur dəhlizində bu işə dəstək vermək üçün ÜGK-nın köməyindən istifadə etmək barədə razılığa gəlinməsi ondan zəbər verir ki, bu nəqliyyat dəhlizi və orda tənzimlənmə Rusiya qaydaları ilə deyil, beynəlxalq qaydalarla olacaq. Şübhəsiz ki, belə yanaşma kommunikasiyaların tezliklə açılmasında bərpasında maraqlı olan Azərbaycan, eləcə də Ermənistanın manafelərinə uyğundur.
5. Humanitar addımlar, jestlər. Aİ Şurasının Prezidenti sülh üçün zəmin yaradan bu məsələyə də toxunub; humanitar məsələlərin müzakirə edildiyini, tərəflərin yaxın həftələrdə daha çox məhbusun sərbəst buraxılacağı ilə bağlı razılığa gəldiyini, itkin düşənlərin taleyinin həlli və minalardan təmizləmə işlərinin gücləndirilməsinin vacibliyinin müzakirə olunduğunu bildirib.
Şarl Mişel bəyanatında qarşılıqlı məqbul nəticənin əldə edilməsi üçün düşmənçilik ritorikasından çəkinmək, vicdanla hərəkət etmək və liderlik nümayiş etdirməyin vacibliyini də vurğulayıb. Onun sözlərinə görə, tərəflər Brüssel görüşlərini lazımi qədər tez-tez keçirmək barədə razılığa gəlib. Rəsmi Bakının məlumatına əsasən, görüşdə hər iki tərəf Azərbaycan və Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin Brüssel formatının bərpası ilə bağlı "məmnunluqlarını" ifadə ediblər.
Azərbaycan danışıqlarda planlı hərəkət edir, sahədə fəallığını getdikcə artırır. Artıq Laçın SBM-in qoyulması ilə Azərbaycan özünün bütün sərhədlərinə nəzarət edir. Şübhəsiz ki, bu danışıqların atmosferinin dəyişməsinə öz təsirini göstərir. Həm danışıqlarda, həm də sahədə reallığı faktiki olaraq Azərbaycan yaradır. Amma...
Vaşinqton və Brüssel görüşlərindən sonra 2023-cü ilin may ayının ilk yarısında yaranmış situasiyanın bənzəri 2022-ci ilin payızında da yaşanmışdı: ötən il oktyabrın əvvəlində Praqadakı dördtərəfli görüşdən ilin sonuna doğru sülh sazişinin, ən azı çərçivə anlaşmasının olacağından danışılırdı. Lakin oktyabrın sonunda əvvəlcə Rusiya Prezidenti Vladimir Putin "Valday" Beynəlxalq Diskussiya Klubunda sülh danışıqlarının “Vaşinqton variantı”na qarşı “kontrarqumentlər” tapdı, Soçi görüşündən sonra isə proses yerində saymağa başladı.
Növbəti Moskva görüşü ərəfəsində yenə əsas sual köhnə ssenarinin təkrarlanıb-təkrarlanmayacağı ilə bağlıdır. Bir fərq var: payızda Praqa və Soçi görüşləri birinci şəxslər səviyyəsində keçirilmişdi. Yazda isə liderlərin yüksəviyyəli danışıqlarından sonra nazirlərin görüşü keçirilir.
Yeri gəlmişkən, ötən il dekabrın 7-də Brüssel görüşünün alınmamasında Fransa liderinin də xüsu payı vardı. Makron Praqa görüşündən dərhal sonra destruktiv mövqeyi və açıqlamaları ilə, həmçinin Paşinyanla tandemdə Brüssel formatını dəyişdirməklə Qərbin himayəsi altında gedən prosesə əngəl yaratmışdı. Hazırda Fransa İrəvanı silahlandırmağa, ona öldürücü silahlar verməyə hazırlaşır (“Intelligence Online”-“Французская военная дипломатия осторожно действует на Южном Кавказе”; 24news.tv. –“Франция вступает в бой на Кавказе, создавая угрозу союзнику Израиля Азербайджану”). Paris bununla yalnız regionda hərbi balansı Ermənistanın xeyrinə dəyişmək niyyətini ortaya qoymur, həm də Aİ-nin aparıcı ölkələrindən biri regiona öldürücü silahların verilməsindən imtina etmək kimi ənənəvi ümumavropa siyasətini kobud şəkildə pozur. Həmçinin Fransaya yaxın siyasətçi Şarl Mişelin, bütünlükdə Aİ-nin vasitəçilik missiyasına kölgə salır.
Təbii ki, əsas problem Moskvanın danışıqlarda hansısa irəliləyişə nail olmaq niyyətinin olmaması ilə bağlıdır. Vaşinqton-Brüssel görüşlərindən sonra Qərbin yanaşmasında Qarabağ erməniləri üçün hansısa status, muxtar hüquq istəmələri görünmür. Başa düşülür ki, statusdan danışmaq prinsipcə sülh danışıqlarını əngəlləmək deməkdir. Rusiya tərəfinin “saziş layihəsinin Moskva variantı”nda isə Qarabağ erməniləri üçün status istənilir və eyni zamanda statusun müəyyənləşdirilməsi məsələsi gələcəyə təxirə salınır. Bu, RF XİN başçısının müavini İqor Xovayevin münaqişə tərəflərinə hələ ötən ilin oktyabrında təqdim etdiyi sazişin rus variantının 15-ci bəndində öz əksini tapmışdı. Rusiyanın planı rus silahlı kontingentinin (RSK) Qarabağda uzun müddətə qalmasını nəzərdə tutur ki, bu da orda silahlı ermənilərin qalmasını, Azərbaycan ərazisində Ermənistan maliyə sistemi və qanunlarının keçərliliyini, Azərbaycanın orda suverenliyinin təsbit edilməməsi, qanunlarının keçməməsi deməkdir. Moskva bölgədə iştirakını qorumaq üçün mövcud status-kvonun konservasiyasına çalışır. Azərbaycan bunu qəti rədd edir, çünki Bakı Qarabağ problemini həll olunmuş hesab edir və status məsələsi ətrafında müzakirəyə belə imkan vermək istəmir.
Moskva variantında sonradan Qarabağın statusu məsələsini sənədin özündə deyil, əlavə protokollarda qaldırmaq təklif olunurdu ki, Moskva görüşündə Rusiya tərəfinin müəyyən korrektələrlə öz variantında israr edəcəyi gözlənilir. Yeri gəlmişkən, Brüssel görüşü ərəfəsində Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Bakıda görünmüşdü.
Mayın 19-da Ceyhun Bayramov və Ararat Mirzoyan bu dəfə Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla üçtərəfli görüş keçirəcək. Rusiya bölgədə ciddi dəyişiklərə hazır görünmür, zira bu, Moskvanın regionda mövqelərindən geri çəkilməsi deməkdir. Qərb platformalarındakı danışıqlara qısqanc yanaşan Kreml hesab edir ki, regionda sülhün əldə olunması yalnız Rusiyanın iştirakı ilə 10 noyabr bəyanatı əsasında mümkündür. Putinin sözçüsü Peskov Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış Üçtərəfli bəyanatı “Cənubi Qafqazda sülhə aparan yeganə “yol xəritəsi” sayır. Təbii ki, Rusiya sülhün qənimi, Putin və sözçüsü böyük və abırsızcasına demoqoqlardır.
Vaşinqton və Brüsseldə əldə edilən irəliləyişi Moskva şübhəsiz ki, yenidən geri fırlatmağa cəhd edəcək. Bəlkə də israrla-təhdidlə indilik nəyəsə nail olacaq, amma zaman o zaman, Kreml o Kreml deyil: Putinin artıq ələyi ələnir, xəlbirini isə bu gün-sabah Ukraynada fırladacaqlar...

Qəzənfər Həmidoğlu,

"Paralel.az"

0.046359777450562