Həyat çox aşiqi çəkər sınağa - QOŞMA - Şahlar Hacıyev
Həyat çox aşiqi çəkər sınağa,
Dözərsən sirdaşın, həmdəmin olar
Çevirsən gününün qarasın ağa,
Həm ömrün mənası , həm dəmin olar.
Nə kəsir ağacın, nə kəsir daşın,
Könül mülkün tikər hər bir sirdaşın.
Olma ki, nəfsinə heç əsir, daşın,
Sabaha ümidin həm də min olar.
Yapış əzizindən, ana- atandan.
Uzaq dur aldadıb sənə atandan.
Muraddı, düşmə heç kəhər atından,
Həm bəslə, həm gözlə, həm də min, olar.
Ömrünə düz nizam quran, yaradan,
Qurtarar hər naşı vuran yaradan
Bu ağlı , imkanı verən Yaradan,
Verib ki, bu tale bəndəmin olar.
Haqq olsan doğmaya, düz olsan yada
Kim səndən perikər, inciyər ya da,
Şahları sevəni atmaz dünyada,
O Qadir Allaha həmd, əmin olar.