Türkiyədəki seçkiyə baxışım - 1
Məmməd Talıblı
Gərgin anlar yaşandı. Qeyri-müəyyənliklər çoxdur.
Bu seçki Türkiyə secicilərini tən olaraq 2 hissəyə ayırdı.
Demək kimin prezident seçilməsindən asılı olmayaraq qərarları sərt direktivlərlə yox, sosial konsensusla verməli olacaq.
Çünki ölkə əhəmiyyətli qərarların formalaşmasında digər qrupun maraqlarını və düşüncələrini nəzərə almaq zorunda qalacaq.
Ərdoğan uzun illər “siyasi islam” konseptində israrla yürüdü və bunu ictimai dəstək qazanaraq edirdi. İctimai rəyə adekvat davranışı məhz buna görə idi. İndi isə ikiyə bölünmüş cəmiyyəti (böyük ehtimalla II turda qalib gəlsə) idarə etmək çətinliyi ilə üz-üzə qalacaq.
Məcburdur ki, cəmiyyətin ortaq maraqlarını, ortaq düşüncəsini, ortaq ideologiyasını nəzərə alsın. Ehtiyatla qərar qəbuletmə mərhələsinə qədəm qoyur. Daha bundan sonra heç bir lider deyə bilməyək ki, “məni dəstəkləyən bütün Türkiyə seçiciləri”.
Deyəcək: “Cəmiyyətin nisbi çoxluğunun rəyinə görə...”
Dostlar, bilirsiniz, bu niyə əla vəziyyətdir?
Cəmiyyətdə dominant mövqe siyasi liderləri subyektiv mövqelərində israrlı və əzici olmağa ürəkləndirir.
Onların avtoritar təbiətlərini təşviq edir. Siyasi məsuliyyətini korşaldır. Və uzunmüddətlilik hakimiyyət planları qurmağa həvəsləndirir. Avtoritar sistemin təməli beləcə qoyulur.
Nisbi səs fərqi siyasi liderlərin bəsirət gözün daim açıq saxlayır. İstənilən qərarların qəbulunda siyasi fəhmlə davranmağa məcbur edir. “Ya hər şey, ya heç nə” prinsipi ilə qərarvermə maksimalizmini azaldır.
Ölçülü-biçili, rasional və tarazlı qərarlarına qəbuluna meyl edir. Bununla cəmiyyətin ictimai rəyi siyasi lideri məsuliyyət altında saxlamış olur.
P. S. İkinci yazıda Azərbaycanda Ərdoğana və Kılcdaroğluna münasibət niyə belədir sualı ətrafında fikirlərimi bölüşəcəm.
"Paralel.az"