ARDNF-də Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

ARDNF-də Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
 

Azərbaycan Respublikası Dövlət Neft Fondunda 11 may tarixində müasir və müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirilib və Ulu Öndərin əziz xatirəsi yad edilib.

Tədbir iştirakçılarına əvvəlcə Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırlanmış sənədli qısa film təqdim olunub.

Tədbir zamanı çıxış edən ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov Azərbaycan dövlətinin və xalqının bütövlüyü və inkişafı naminə fədakarlıqla çalışıb, öz həyatını xalqımızın xoşbəxt gələcəyinə həsr edən Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu yeni neft strategiyasından və bu strategiyanın ölkə iqtisadiyyatına verdiyi töhfələrdən söz açıb. İcraçı direktor bildirib ki, məhz bu strategiyanın məhsulu olaraq, neft və qazın satışından əldə edilən valyuta daxilolmalarının toplanması və səmərəli idarə edilməsi məqsədilə cənab Prezident İlham Əliyevin təklifi ilə, 1999-cu ildə Ulu öndər Heydər Əliyev tərəfindən Dövlət Neft Fondunun əsası qoyulub. İsrafil Məmmədov yaradılarkən 271 mil­yon ABŞ dol­la­rına bə­ra­bər olan Neft Fondunun ak­tiv­lə­ri­nin həc­minin hal-hazırda 54 milyard ABŞ dollarını keçdiyini qeyd edib. İcraçı direktor İsrafil Məmmədov bildirib ki, Heydər Əliyevin sədrliyi ilə 16 iyul 2002-ci il tarixində baş tutmuş Dövlət Neft Fondunun Müşahidə Şurasının birinci iclasında Ulu Öndərin verdiyi tövsiyyələr bu gün də Neft Fondunun fəaliyyətində rəhbər tutulur.

Tədbirə həmçinin, uzun illər dahi şəxsiyyət Heydər Əliyevlə birgə çalışmış, dövlət qulluğunda xidmətlərinə görə "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif olunmuş Dilarə xanım Seyidzadə qonaq qismində dəvət edilib. ARDNF-nin İcraçı direktorunun müşaviri Nərgiz Nəsrullayeva-Müdüroğlu ilə birgə müsahibə formatında baş tutan söhbətdə Dilarə xanım Seyidzadə Ulu öndərin xidməti fəaliyyəti barədə çıxış edib, dahi şəxsiyyət haqqında öz fikir və xatirələrini bölüşüb, Ulu Öndər Heydər Əliyevin zəngin biliyi, dünyagörüşü və cəsarəti ilə beynəlxalq müstəvidə böyük rəğbət qazandığını qeyd edib.

Tədbirin sonunda Dilarə Seyidzadə tərəfindən Ulu öndərin fəaliyyətinə dair Fondun əməkdaşlarının sualları cavablandırılıb. Dilarə Seyidzadə Heydər Əliyevin malik olduğu liderlik keyfiyyətləri barədə onlara öz tövsiyyələrini bildirib, vətənə hədsiz sevgi, məsuliyyət, özünə qarşı tələbkarlıq və digər bu kimi keyfiyyətlərin gənc nəslin Heydər Əliyevdən öyrənməli olduğu ən mühüm dəyərlər olduğunu qeyd edib.

Ş.Salehqızı

0.035727977752686