Ermənilər Azərbaycan pasportlarını hansı hallarda ala bilərlər? - HÜQUQİ İZAH

Ermənilər Azərbaycan pasportlarını hansı hallarda ala bilərlər? - HÜQUQİ İZAH
 

Bir müddət öncə Ermənistan hakimiyyətinin Qarabağda yaşayan ermənilərə pasport verməyəcəyi haqqında məlumatlar yayıldı. Bunu gündəmə gətirən, qondarma rejimin siyasətçisi Arşak Abramyanın sözlərinə görə, ermənilərin pasportsuz qalmalarının səbəbi İrəvan hakimiyyətinin bundan imtina etməsidir. Qarabağda yaşayan erməni sakinlərin vəsiqələri olmadığına görə bank kartlarının da bloklanacağı və təqaüdlərinin ləğv ediləcəyi bildirilib. 

Bəs maraqlıdır, Ermənistanın üz döndərdiyi ermənilər Azərbaycan vətəndaşlığını qəbul edəcəkləri təqdirdə onlara şəxsiyyət vəsiqələrinin verilməsi prosesi necə olacaq?

Məsələ ilə bağlı Oxu.Az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, vəkil Sahib Məmmədov prosedur qaydalarını izah edib. O qeyd edib ki, reinteqrasiya prosesi mərhələlidir və vaxt tələb edəcək, amma ermənilər Azərbaycan qanunlarına tabe olaraq, vətəndaşlıq üçün müraciət edə bilərlər:

“1992-ci il yanvarın 1-nə qədər Azərbaycan ərazilərində yaşamış erməni mənşəli əhali və onların övladları avtomatik olaraq vətəndaşlıqlarını bərpa edə bilərlər. Bunun üçün onlar “ASAN xidmət”ə müraciət etməli olacaqlar. Azərbaycan hətta Xankəndi və digər ərazilərə səyyar “ASAN xidmət” də göndərə bilər.

Ola bilər, bu məsələdə bəzi elektronlaşdırma işləri tələb edilsin. Qalan şəxslər, məsələn, yerli əhali ilə nikah münasibətinə girən, ərazilərimizə köçüb gəlmiş ermənilər isə naturalizasiya prosesini keçməlidirlər. Bunun qaydaları, mərhələləri Azərbaycan qanunlarında təsbit olunub”.
Sahib Məmmədov onu da diqqətə çatdırıb ki, Xankəndidə yaşayan, işğal dövründə Ermənistan vətəndaşlığını qəbul etmiş şəxslər bundan imtina etməlidirlər:

“Əgər Ermənistan onları öz vətəndaşı kimi tanımayacaqsa, qeyd edildiyi kimi, erməni pasportu ilə təmin etməyəcəksə, Xankəndi sakinləri Azərbaycan vətəndaşlığını qəbul edənə qədər vətəndaşlığı olmayan şəxs statusunda qalacaqlar”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2011-ci ildə Xankəndinin ümumi əhalisi 55,2 min nəfər, 2012-ci ildə 55,3 min nəfər, 2013-cü ildə 55,4 min nəfər, 2014-cü ildə 55,5 min nəfər, 2015-ci ildə 55,5 min nəfər, 2016-cı ildə 55,6 min nəfər, 2017-ci ildə 55,7 min nəfər, 2018-ci ildə 55,8 min nəfər, 2019-cu ildə 55,8 min nəfər, 2020-ci ildə 55,9 min nəfər təxmin edilib.

0.013965845108032