Bugünün davranışı, sabahınsa xatirəsi...
Orta ümumtəhsil məktəbi deyəndə ağla ilk gələn onun məcburiliyi olur. Yəni ölkə vətəndaşının sağlığı imkan verən hər bir nəfəri müvafiq yaşa çatanda orta məktəbə yollanmalıdır.
Yol da elə o vaxtdan başlayır. O yol ki, bütün ömrümüzün mənasını, məzmununu, bir sözlə, sonacan olanı başlanğıcdan cızır...
Təfərrüata çox da varmıram. Məcburi dediyimiz icbari təhsildə elə məcbur qaldığımız məqamlardan bəhs edək. Elə məqamlardan ki, orda bəlkə də çoxları özünü, övladını, yaxın-uzaq tanışını görəcək. Bəziləri mövzumun qəhrəmanı olanları görməzdən gəlsə də...
Orta məktəblərin hamısında şagirdlərin bərabər təhsil hüququ tanınsa da, orda başqasının da eyni bir ölkənin vətəndaşı olmaq hüququnu görmək istəməyənlər var. Görmək istəmirlər, çünki birbaşa mənada eqo problemi yaşayırlar. Görürkən də görməzdən gələnlər elə hər dövrdə - keçmişdə də olub, indi də var. Gələcəkdə bu problemin yaşanmaması, ya da az yaşanması üçün də yazırıq, yazırıq, yenə də yazırıq. Təki nəticəsi olsun.
İstər aşağı, ibtidai, istərsə də yuxarı sinif şagirdləri arasında yaşanan bu problemin adı eynihüquqlu vətəndaşlar arasındakı ayrı-seçkilikdir. Bu ayrı-seçkilik heç də şagirdin pis oxuması və yaxud tərbiyəsindən asılı deyil. Əlaçı şagirdlər arasında da müşahidə edilən sözügedən problemin həll yolu da zənnimcə, bütövlükdə məktəbdə deyil, məktəbə qədərdir. Yəni burda ilk ağla gələn ailədir.
Hamıya məlum məsələdir ki, orta ümumtəhsil məktəblərində müxtəlif ailə formatından olan şagirdlər cəmləşib. Kiməsə deyə bilməzsən ki, sən bu məktəbə gəlmə, yaxud da gəl. Kimsə orda oxumaq üçün başqasından nə artıqdır, nə də əskik. Lakin bəzən, daha dəqiqi, çox halda bütün uşaqlara eyni gözlə baxmamaq problemi yaşanır. Şagirdlər arasında müşahidə edilən bu məsələ də artıq böyük bir çətinlik yaradıb. Sözsüz ki, aşağılanan, ayrı-seçkiliyə məruz qalan şagirdlər üçün. Bəs bu problem, çətinlik, ağrılı məsələ nədir?
Məsələni ayrı-seçkiliyə məruz qalanın öz dilindən eşidək. Sadə, aydın, anlaşılan: “Ayrı-seçkiliyə məruz qalmaq üçün neçənci sinifdə və yaxud hansı yaşda olmağının heç bir fərqi yoxdur. Bu gün bəzi insanlar özünü çox yüksəkdə, hədsiz səviyyədə hiss edirlər. Özlərini əlçatmaz, digərlərini isə özlərindən aşağıda görürlər. Halbuki hamımız orta məktəb şagirdiyik. Amma onlar özündənrazılıqla saf və utancaq, kövrək və mədəni uşaqları ən həssas olan həmin yerdən vururlar. Uşaqların zəif yerini bilib adamı o yerdən vurmaq ən azı ədəbdən deyil. Lakin özündənrazılar başqalarına qarşı hər şeyi edə bilmək iddiası ilə yaşayırlar. Sanki onlar hərtərəflidir, başqaları isə heç nə edə bilməzlər.
Bu yanaşma ilə yaşayanlar fəqət işlərinə lazım olanda aşağıladıqları şəxsin bütün bacarığından istifadə edirlər, amma sonra həmin şagirdi sanki tanımırlar. Məsələn, mən esselər yazıram, qrammatikanı yaxşı bilirəm, yaradıcılıq qabiliyyətim də var, müəllimlərim də məndən razıdır. Həm təlim-tərbiyəmə, həm də əlaçı şagird olduğuma görə müəllimlərimi və valideynlərimi sevindirirəm. Lakin sinif yoldaşlarımla münasibətdə özüm sevinə bilmirəm. Sinif yoldaşlarım məni oxuyan şagird kimi tanısa da, yoldaşlıq etmək istəmirlər. Onlarla tənəffüsdə danışmaq, yeri gələndə gülmək, oyun oynamaq istəsəm də mənə qəribə nəzərlərlə baxırlar. Söz soruşanda sanki eşitmirlər, sualıma cavab vermirlər, amma iş məhz oxuyan olduğuma çatanda mənə yanaşır, məndən kömək istəyir, bəzən yazdığımı köçürür, sonra isə sanki məni heç tanımırlar. Hətta idman dərsində voleybol oynamağa can atsam da dövrədə məni görmür, yalnız yoldaşlıq etdikləriylə oynayırlar. Bu məni çox üzür...
Mən uşaq vaxtı əyləncəli bir şəkildə görünməz adam olmaq istəyirdim. Artıq bu gün mən həqiqi mənada görünmürəm.
Qəlb qırmaq bu qədərmi asandı? Əsas da bu, safqəlbli bir uşaqdırsa... İşlərinə yarayandan sonra insana onu tanımamış kimi davranmaq nə deməkdi?”.
... Bu o deməkdi ki, balaca dostum, hər bir uşaq məktəbə ailəsinin onun “qabına nə qoyduğunu” gətirir. Fərqi yoxdur məktəbə qoyulan yeməkqabındakı fərli-başlı, xeyirlidir, yoxsa yox. Amma insanın, yəni bu gün balaca, azyaşlı, sabahsa şəxsiyyət olacaq kimsənin qabında nəyin necə olmasının çox fərqi var. Və məsələyə birbaşa dəxli var!
Yazını sonlandırmıram, ardı olacaq. Amma ümid etmək istərdim ki, sinif yoldaşına problem yaradanlar, “mən bir də o məktəbə getməyəcəyəm!” travması yaşadanlar onu oxuyub müsbət nəticə çıxaracaq. Axı hamınız eyni yolun başlanğıcındasınız, bu gün yollaşa bilmədiyinizlə sabah necə, hansı şəraitdə rastlaşacağınızı bilə bilməzsiniz.
İstənilən yolun kəsişməsində məktəb xatirələrinin əvəzolunmaz rolu olacaq. Bugünün necə davranış, sabahınsa hansı xatirəyə dönəcək nümunəsində...
Nigar