Volkov Qarabağdan buna görə uzaqlaşdırıldı - Polkovnik detaları açıqladı

Volkov Qarabağdan buna görə uzaqlaşdırıldı - Polkovnik detaları açıqladı
 

“Azərbaycan ərazisində olan rus sülhməramlılarının komandanının dəyişməsi ilk növbədə  Rusiyanın daxili işidir. Digər tərəfdən isə komandanın kim olmasından asılı olmayaraq  onun müstəqil qərar vermək səlahiyyəti yoxdur, ancaq təmsil etdiyi ölkənin maraqlarına uyğun verilən qərarların icrası ilə məşğul olacaq”.

Bunu “Paralel.az ”a açıqlamasında hərbi ekspert Şair Ramaldanov deyib.

O, yeni komandanın Rusiyanın maraqlarından kənar addım atacağını düşünmür. 

Hərbi ekspert həmçinin deyib ki, Volkovun komandanlığı zamanı çoxsaylı əsaslı narazılıq olub. “Ən çox narazılıq məhz onun fəaliyyəti dövründə olub. Volkovun getməsində eyni zamanda Azərbaycan tərəfinin onun fəaliyyətinə mənfi münasibəti də xüsusi rol oynayıb.  Çünki onun fəaliyyəti dövründə rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərə qanunsuz silah-sursatın, canlı qüvvələrin daşınması və Qarabağdakı qanunsuz hərbi birləşmələrin 4-5 mindən 8-10 minə qaldırılması, separatçı rejimlə əlbir olması, ekoaktivistlərin aksiyasında  sonra alternativ yollarla qanunsuz yüklərin daşınmasına yardım etməsi və digər oxşar faktlar aşkarlanıb. Bir sözlə, Volkovun dövründə rus sülhməramlıları missiyasından kənar fəaliyyətlə məşğul olub. Onun bu fəaliyyəti rus və erməni seqmentindəki sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bu baxımdan da Volkov sülhməramlı qüvvələrinin komandanı yox,   sülhməramlı qüvvələri öz  kommersiya oyununa alət edən, kommersant və parket generalı kimi ad qazanıb. Bütün bu faktlar Azərbaycanın gözündən yayınmayıb və onun mənfi fəaliyyəti barədə Moskvaya ciddi irad bildirilib. Nəticədə Rusiya müdafiə naziri Sergey Şoyqu onu dəyişmək zorunda qalıb”, - Ramaldanov qeyd edib. 

O əlavə edib ki, yeni komandan yeni şəraitin tələblərinə uyğun bir dövrdə gəlir. 

“66 yaşlı generalın fəaliyyəti əsasən müsbət xarakterizə olunur. Onun fəaliyyəti Ermənistan-Azərbaycan sərhədinin Laçın ərazisində sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulduğu bir dövrə düşür. Düşünürəm ki, yeni komandan yaranmış yeni şəraitin tələblərinə uyğun olaraq sülhməramalıların funksiyasından, o cümlədən Rusiya maraqlarından kənara çıxmayacaq”, - o qeyd edib.

Ramaldanov ümid edir ki, yeni komandan sülhməramlıların  üzərinə düşən funksiyasına uyğun olaraq sülməramlıların müvəqqəti nəzarətində olan ərazilərdən qanunsuz hərbi birləşmələri tərk-silah edib, Azərbaycan ərazilərindən çıxarmaqla, orada yaşayan erməni əhalisinin reinteqrasiya peosesinə öz töhfəsini verəcək: “Azərbaycan Prezidenti də 2023-cü ili həlledici il olduğunu bəyan etdiyindən, bu il ərzində qarşıda duran hədəflərə nail olmaq üçün ciddi addımlar atılacaq. Biz həm sülh sazişi, həm sərhədlərin delimitasiyası və demarkasiyası, həm də reinteqrasiya məsələsində ciddi nəticələrin olacağına şahidlik edəcəyik. Biz işimizi elə qurmalıyıq ki, rus sülhməramlılarının bölgədə qalıb mandatının uzadılmasına ehtiyac qalmasın”.

Mürtəza
Paralel.az

0.015233039855957