Ərdoğanın təltif etdiyi gizirimiz: "Çavuşoğluna dedim ki..." - VİDEO

Ərdoğanın təltif etdiyi gizirimiz:
 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ilin 6 fevralında Türkiyənin Kahramanmaraş şəhərində baş verən dağıdıcı zəlzələdə köməyə gedən azərbaycanlı xilasediciləri “Üstün fədakarlıq medalı” ilə təltif edib.

Paralel.az xəbər verir ki, təltif edilənlərdən biri də Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin mütəxəssis xilasedicisi, gizir İsgəndərov Elvin Xaqani oğludur.

Zəlzələnin ilk günündən etibarən sonacan - 32 gün Türkiyənin Kahramanmaraş şəhərində xilasetmə işləri aparan E.İsgəndərov Paralel.az -a açıqlamasında öz təəssüratlarını bölüşüb:

“Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyədə medalla təltif olunduq. Bu uğur təkcə mənim yox, Azərbaycanımızın, əziyyəti olan bütün xilasedicilərin uğurudur. 
6 fevral tarixində baş vermiş dağıdıcı, çox sayda insan tələfatına səbəb olan zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığına əsasən, Türkiyənin Kahramanmaraş bölgəsinə ezam olunmuşuq. FHN-nin xilasedicilərinin tərkibində mən də yer almışdım. Gəldiyimiz ilk gündən dağıntılar altından bir ailənin 3 üzvünün sağ çıxarılmasına nail olduq. Onları sağ çıxarmaq mənə qismət oldu. Orada bizi gözləyən, bizə ümid bəsləyən sağ insanların ümidini Allahın izni ilə boşa çıxarmadıq. Zamanla yarışdıq. 53 insanın həyatını xilas edə bildik. 780 nəfər həlak olmuş insanın cəsədlərini aidiyyəti üzrə təhvil verdik.  

Dəvətə və hər bir şeyə görə təşəkkür edirəm. Var olsunlar! Ümmilli lider Heydər Əliyevin “bir millət, iki dövlət” sözünün arxasında böyük bir təməl, dağ kimi, sarsılmaz qardaşlıq münasibətləri var. İnşallah, belə də davam edəcək”.

E.İsgəndərov R.T.Ərdoğanın və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun ona şəxsən təşəkkür etdiyini söyləyib:

“Türkiyə Prezidenti və Türkiyə XİN başçısı mənə öz təşəkkürün bildirdilər. M.Çavuşoğlu bizə qardaş olduğumuzu ve belə də davam edəcəyimizi dedi. Biz də öz növbəmizdə Türkiyəyə növbəti dəfə belə hadisələr üçün yox, zəfər və xoş gün münasibətilə gəlmək arzumuzu söylədik. Nazir bir daha təşəkkür etdi və bizimlə səmimi foto çəkdirdi”, - deyə o əlavə edib.

9 ildir xilasedici kimi xidmət edən  35 yaşlı FHN giziri deyib ki, qardaşın qardaşa etdiyi yardımın sözü belə olmaz:

“Qardaşın qardaşa uzatdığı əlin, etiyi yardımın hesabı olmaz. Həmişə sevinirəm ki, azərbaycanlıyam, türkəm, türk balasıyam. Türk milləti olaraq bizim qəlbimizdə rəhmət hissi var. İnsanlara başqa millətlər kimi soyuqqanlı yox, istiqanlı, sevgili, sayğılı olmağı bacarırıq. Allah bizi belə yaradıb. İstəməzdim ki, qardaş ölkəyə belə bir şey üçün gəlim. Bu da bir sınaq idi. İnsanların hayqırtılarını eşitmək əzab-əziyyətlərini görmək, həyatını itirmiş insanların yaxınlarının fəryadlarını eşitmək bizim üçün çox ağrı-acılı idi. Türkiyənin kədəri kədərimiz, sevinci sevincimizdir. Necə ki, onlar hər zaman bizə öz dəstəklərini göstəriblər. Biz də vətəndaşlıq qardaşlıq borcumuzu yerinə yetirdik”, - deyə E.İsgəndərov bildirib.

0.016037940979004