Milli Məclisdə mübahisə

Milli Məclisdə mübahisə
 

Deputat Vahid Əhmədovun məsələsinə Milli Məclisdə İntizam komissiyasında baxılması təklif olunub

Paralel.az ” xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı həmkarı Vahid Əhmədovun bu günlərdə bloger Mehman Hüseynova müsahibəsinə görə kəskin tənqid ediblər.

Onun sözlərinə görə, Vahid Əhmədov blogerin təsiri altına düşərək cəmiyyətdəki neqativ hallardan danışmaqla ölkə başçısının həyata keçirdiyi fundamental islahatlara kölgə salmağa çalışıb. 

“Hesab edirəm ki, bu, çox qərəzli yanaşmadır. Çünki bu açıqlaması ilə Vahid Əhmədov dövlət başçısının sosial siyasətinə kölgə salır. Guya ölkə başçısının yürütdüyü sosial siyasət nəticə verməyib. Baxmayaraq ölkə başçısı korrupsiyaya və kölgə iqtisadiyyatına qarşı müharibə etdiyini bəyan etməli olduğu halda bu sahədəki tör-töküntülərin əməlini dövlətin üzərinə atmaq təəssüf hissi yaradır”, - o qeyd edib.

Fəzail Ağamalı Vahid Əhmədovu həmçinin AXCP və Müsavat haqqında səsləndirdiyi fikrə görə kəskin tənqid edib: “Onun digər partiayalar haqqında fikir bildirməsi üçün mənəvi haqqı yoxdur”.

Sonda Ağamalı təklif edib ki, Milli Məclisin İntizam Komissiyasında bu məsələyə baxılsın.

Deputat Razi Nurullayev isə bildirib ki, həmkarı Vahid Əhmədovun tərbiyəsiz bir şəxsə müsahibə verməsini, orada deputatların aşağılanmasına rəvac verməsini şiddətlə qınayır: “Onun bu müsahibəsini və fikirlərini parlamentə və onun deputatlarına qarşı açıq-aydın təhdid kimi qiymətləndirirəm. 

O tərbiyəsiz şəxs bir neçə ay öncə, üzr istəyirəm, bağışlasın məni, xanım sədr və xanım deputatlar, parlamentin önündə video çəkib göstərmişdi ki, deputatlara paz gətirib ki, istifadə etsinlər, daha əvvəl isə “qoz və xiyar gətirmişdim” deyir. Bu açıq-aydın ən eybəcər təhqirdir. Belə çıxır ki, deputat Vahid Əhmədov da onunla razıdır. Bu gündən Vahid Əhmədovu onun təhqir, təhdid və şantaj şəriki sayıram”, - o qeyd edib.

Əhmədovun parlament seçkilərinin saxtalaşdırılması ilə bağlı fikrinə isə belə reaksiya verib: “Onun sözlərinə görə, parlamentdə oturan deputatların 2-3 nəfərdən başqa hamısı xaindir, xalq düşmənidir, saxta seçilib, o zaman nə əcəb özünüzə yaraşıdırıb burada oturursunuz? Mandatınızdan imtina edin o zaman, gedin dayanın Əli Kərimlinin yanında”.
Deputat Kamran Bayramov isə bildirib ki, Vahid Əhmədovun açıqlaması onda olduqca böyük hiddət doğurub:  

“Vahid müəllimin verdiyi açıqlamaya görə aramızda xalq tərəfindən seçilmiş və millətin vəkilliyini edən cəmi bir neçə deputat var. Belə çıxır ki, yerdə qalan deputatların seçkidə qazandıqları mandatlar legitim deyil. Hesab edirəm ki, bu cür ifadələr çoxsaylı seçkilər keçirmiş, xalqın iradəsini təmin etmiş, digər dövlətlər üçün nümunə olan seçki sistemimizə kölgə salır və cəmiyyətimizdə çaşqınlıq yaradır. O ki qaldı millətin vəkilliyinə, cavab almaq üçün mətbuata və sosial şəbəkələrə nəzər salmaq yetər. Deputatlarımızın mütləq əksəriyyəti seçiciləri ilə görüşür, problemlərini öyrənir, elə bu zalda keçirilən, demək olar ki, hər iclasda həmin problemləri qaldırırlar, seçiciləri üçün çalışırlar. Yəni bunu təkcə Vahid müəllim və adlarını çəkdiyi həmkarlar deyil, bütün deputatlar edir.

Vahid müəllimin diqqətinə çatdırmaq istərdim ki, ölkəmizdə keçirilən istənilən seçkilərdə, o cümlədən özünün iştirak etdiyi və dəfələrlə deputat seçildiyi parlament seçkilərində də bütün siyasi qüvvələr üçün Seçki Məcəlləsinə uyğun olaraq lazımi şərait yaradılır, siyasi mənsubiyyətindən asılı olmayaraq söz, mətbuat və sərbəst toplaşmaq azadlığı tam şəkildə təmin edilir. Əgər Vahid müəllimin bu azadlıqların pozulması ilə bağlı hər hansı faktları varsa, buyursun təqdim etsin. Yoxdursa, onda onun seçki sistemi ilə bağlı tənqidini və digər ölkələrlə müqayisə etməsini yersiz və yanlış hesab edirəm.

Kədərli bir məqam odur ki, həmkarım Vahid Əhmədov səsləndirdiyi fikirlərlə Milli Məclisin, onun deputatlarının işgüzar nüfuzuna xələl gətirmiş oldu, etik qaydaları pozmaqla həmkar saydığı insanlar arasında açıqcasına ayrı-seçkiliyə yol vermiş oldu, bir çoxlarının peşə keyfiyyətlərini şübhə altına almış oldu”.

Deputat Elşən Musayev də Vahid Əhmədovun mövqeyini kəskin tənqid edərək, onun məsələsinə İntizam Komissiyasında baxılmasını təklif edib.

Söz alıb çıxış edən deputat Vahid Əhmədov onun məsələsinə İntizam Komisiyasında baxılmasına etiraz etmədiyini bildirib: “Mən  hər zaman dövlətçilyin yanında olmuşam  və bunun haradan qaynaqlandığını da bilirəm”.

"Paralel.az"

0.011754035949707