Can istəyirsən - Abdulla Saymaz

Can istəyirsən - Abdulla Saymaz
 

Boylanma sağına, soluna artıq,
Boşaldım, dönmərəm, doluna artıq.
Çatmışam- yolumun sonuna artıq,
İndi ölü candan can istəyirsən?

Özgəyə aldanıb, saldın zillətə,
Nurlu sabahlarım döndü zülmətə.
Sən məni dəyişdin vara, dövlətə,
Yoxsulam- saymırsan, xan istəyirsən?

Atlaslı, qumaşlı yataqda yatdın,
Ülvi sevgimizi gör nəyə satdın.
Təpədən dırnağa günaha batdın,
İndi dilənçi tək nan istəyirsən?

Yerdən-yerə vurdun sən ad-sanımı
Qaytara bilməzsən ötən anımı.
Zəlitək sormusan coşan qanımı,
Qurumuş damardan qan istəyirsən?

Qara bulud kimi dolmusan indi,
Əyilib qamətin, solmusan indi.
Deyirsən ki, peşman olmusan indi?
Fərq etməz, atəş ol, yan, istəyirsən.

Günahın böyükdür, etmə ahu-zar,
Bir daha ilməyə gəlməz naxışlar.
İndi buza dönüb odlu baxışlar,
Əcəl zəngi gələn an istəyirsən?!.

"Paralel.az"

0.015546083450317