Ramazan orucu Allahın tərbiyə proqramıdır - XXIX yazı

Ramazan orucu Allahın tərbiyə proqramıdır - XXIX yazı
 

Siracəddin Hacı:
(QURANİ-KƏRİMDƏKİ ORUC AYƏLƏRİNİN ŞƏRHİ - BƏQƏRƏ, 183-187)

“Əgər qullarım səndən Məni soruşsalar, yaxşı bilsinlər ki, Mən çox yaxınam. Mənə dua edənin səsinə (çağırışına) dərhal qarşılıq verərəm. O halda, onlar da Mənə qarşılıq versinlər və Mənə tam güvənsinlər ki, haqq yoluna yönəldilsinlər” (2/186)

XXIX YAZI
2) “Mənə dua edənin səsinə (çağırışına) dərhal qarşılıq verərəm. O halda, onlar da Mənə qarşılıq versinlər və Mənə tam güvənsinlər ki, haqq yoluna yönəldilsinlər”
ALLAH öncə buyurdu ki, O, insana çox yaxındır. İndi bu yaxınlığın ölçüsünü qoyur: o dərəcədə yaxınam ki, Mənə dua edənin səsinə (çağırışına) dərhal qarşılıq verərəm. “DUA” sözü “d-ayn-vav” kökündəndir, eyni kökdən olan sözlər Qurani-Kərimdə iki yüz on iki dəfə işlədilmişdir, bu mənaları var: “dua emək”, “çağırmaq”, “istəmək”, “ad vermək”. Dua dini anlayışdır (termindir), insanın maddi, mənəvi ehtiyaclarını Allaha bildirməsi, Ondan yardım istəməsidir.
DUA namaz, oruc, zəkat, həcc, infaq kimi ilahi tərbiyə proqramıdır. Hər ibadət bir ilahi tərbiyə dərsliyidir, məqsəd insana Allahı, həyatı, ölümü, dünyanı, axirəti, insana yüklənmiş əmanəti, onun bu dünyadakı varlıq səbəbini öyrətmək, bu yolla ilahi rizanı qazanaraq iki dünyanın xoşbəxti olmasının önünü açmaqdır. DUA PROQRAMININ içində bu dəyərlər var:
- DUA bir dəyərdir, İslam dua dinidir, deyə bilərik ki, müsəlman da dili, qəlbi, ağlı, vicdanı, əli (əməli) dualı insandır;
- dua etmək insanın yaradılış səbəblərindən biridir. Allah insanın yaradılış məqsədlərini açıqlayarkən dörd bənd sıralayır:
a) ey insan, səni ancaq Allaha itaət edəsən deyə yaratdım. Allahdan başqasına itaət haramdır.
b) səni yer üzünün xəlifəsi olaraq yaratdım – xəlifə təyin edilən sadəcə hz.Adəm deyil, hər insan xəlifə olmaq vəzifəsi ilə yaradılmışdır, yəni yer üzündə tövhidi, ədaləti, xeyri, elmi, bərəkəti, barışı, rifahı, mərhəməti çoxaltmaq hər bir insanın borcudur;
c) səni imtahan etmək üçün yaratdım. Allah öyrənmək üçün deyil (O, hər şeyi bilir), öyrətmək üçün imtahan edir. Bir imtahanın üç vəzifəsi var: öyrətmək, seçmək, inkişaf etdirmək. İnsan hər an imtahandadır, imtahan çətinlikdir, çətinlik inkişafın qapısını açan nemətdir;
d) Allah insanın yaradılış məqsədini açıqlayarkən buyurur ki, səni dua etmək üçün yaratdım;
- DUA ibadətdir, ilahi əmrdir, duanın ünvanı ancaq Allahdır;
- duada tanıma var, bu tanıma iki yönlüdür: insan öncə dua etdiyi Allahı tanımalıdır, O, hər şeyi bilən, görən, eşidən, quluna çox yaxın olan Allahdır, dua edən qulunu çox sevir, duaçıya yardım etmək gücü var. Dua insanı da tanıdır: mükəmməl deyilsən, ehtiyacların var, Allahın yardımına möhtacsan;
- duada sevgi, iman, güvən var – insan sevdiyi, iman etdiyi, güvəndiyi Allahdan istəyir;
- duada itaət, təslimiyyət, səmimiyyət var;
- duada halallıq var, halal yeyənin duası qəbul olunar;
- duada ümid var, ümid edən dua edər;
- duada sığınma var, insan inandığına, güvəndiyinə sığınar;
- dua qəlbin Allaha açılmasıdır;
- duaların ən gözəli feili (əməli) duadır, çalışmaq, xeyri çoxaltmaq, əlindən gələni etmək duadır;
- ALİYƏ İZZƏTBƏYOVİÇİN dediyi kimidir: dua insanın gücü çatan hər şeyi etməsi, gücü çatmayan üçün Allaha yalvarmasıdır;
- duada təmizlik var – ruzisi, işi, sözü, imanı təmiz olanın duası qəbul olunar;
- dua davamlı olmalıdır;
- ALLAH RƏSULU buyurur: “Qulun Rəbbinə ən yaxın olduğu an səcdədə olduğu andır. O zaman çox dua edin”;
- Allah Rəsulu buyurur: “Duanız imanınızdır”;
Allah Rəsulu buyurur: “Allah yanında duadan daha üstün bir insan davranışı yoxdur”.
ALLAH buyurdu ki, Mənə dua edənin səsinə (çağırışına) dərhal qarşılıq verərəm. Sonra da bu ölçüləri qoyur: a) o halda, onlar da Mənə qarşılıq versinlər –Allahın əmrlərini yerinə yetirsinlər, tövhidə yönəlsinlər, Onun buyurduğu kimi yaşasınlar; b) Mənə tam güvənsinlər – iman etmək Allaha güvənməkdir, “iman” sözü “ə-m-n” kökündəndir, insanın əmniyyətdə, güvəndə olduğu, qorxulardan qurtulduğu halın adıdır. Bir insan Allaha inandığını söyləyir, həm də məzardakından şəfa istəyirsə, o, Allaha güvənmir.

O, bizdən tam güvən – xalis iman istəyir; c) insan Allahın buyruqlarına qarşılıq versə, Ona tam güvənsə, nə olacaq? Ayənin sonu bu suala cavabla bitir: haqq yoluna, doğru yola, hidayətə, İslamın, tövhidin, ədalətin, elmin, barışın, mərhəmətin yoluna yönəldiləcək: ey insan, sən ağıllı, iradəli, vicdanlı varlıqsan, nemətlərin haqqını ver, hidayət istə, onun üçün çalış ki, O, səni hidayətə yönəltsin, qədərçi olma (insandan bir şey asılı deyil düşüncəsi), məsuliyyətini anla ki, haqq yoluna yönəldiləsən.
Ardı var...

Paralel.az

0.030673027038574