Həmin pişiyi xatırlayırsızmı? -Firuz Mustafa

Həmin pişiyi xatırlayırsızmı? -Firuz Mustafa
 

Həmin pişiyi xatırlayırsızmı?

Yadınızdadırmı?
Hərdən SSRİ-nin can verdiyi son günləri yadıma düşür. Bəs siz necə, həmin çağları xatırlayırsınızmı? Parlamentlərdəki əsəbi çıxışlar, o vaxtkı nəhəng ölkəni bürüyən “serial” mitinqlər və filmlər, Alma –Ata, Tbilisi, Sumqayıt hadisələri... Əlbəttə, bütün bunları yalnız həmin dövrü görmək üçün yaşı imkan verənlər yada sala bilər...
Həmin vaxt, Moskvada Kaşpirovski adlı bir şarlatan Mərkəzi TV ilə az qala hər gün çıxış edib milyonlarla insanı “gipnoz” edirdi. Adamların bütün diqqəti “mavi” ekranda olduğundan öz şəxsi problemlərini qısa müddətə də olsa unudurdu. Amma sonra yenə dəniz kimi dalğalanan mitinqlər... Yeri gəlmişkən, Kaşpirovski yenə sağdır, 80-ni ötsə də gümrahdır, saçına manıslar kimi qara yaxır..
Bu əsnada bizdə də bir çox əcaib-qəraib hadisələr baş verməkdə idi...
Əvvəlcə şəhərin “Sovetski” adlanan hissəsində-Təzəpir məscidi tərəfdə, gecələr köhnə bir binanın divarında “sirli insan kölgəsi” zühur etməyə başladı. Şəhər əhli oraya axın edir, amma heç kəs bu kölgənin “mənbəyini” müəyyən edə bilmirdi... Sıravi adamlar deyirdilər ki, hansısa imam zühur etmədədir...
Sonra kiminsə evində “Məsi” adlı “ağıllı” bir pişiyin sorağı aləmə yayıldı, sən demə həmin pişik “danışırmış”. Gözünə döndüyüm o vaxtki media, habelə TV fürsəti əldən verməyib həmin pişiyi, onun sahibini və ondan yazan jurnalistləri uzun müddət reklam edib “danışdırdı”. Az qala əfkar-ümum bu “danışan” pişiyi “dahi” elan etmişdi. Əslində isə, bu bəxti gətirmiş, qucaqlarda gəzən pişik sadəcə olaraq mıyoldamağı bacarırdı. Nəsə mən onun nə “danışdığını” ayırd edə bilmirdim...
Əlbəttə, zənimcə, bütün bunlar təkcə TV-nin öz təşəbbüsü deyildi. Adamların başını qatmaq üçün düşünülmüş bir “oyun” idi. Yəni sifariş “yuxarıdan” gəlirdi. Bir növ bizim bu qoçaq Məsi pişik Moskvadakı Kaşpirovskinin anoloqu və ya davamçısı idi. Axı nəsə düşünüb tapmaq lazım idi. Çünki mağazalarda çörək, ət, pal-paltar, mer-meyvə qəhətə çıxmışdı. Mitinqlər bütün ölkənin – SSRİ-nin hakimiyyət sütunlarını tərpətməkdə idi. Tragikomik faciələr bir-birini əvəz edirdi. Bir azdan həmin sütunlar sınacaq, ölkə dağılacaq, komizm arxa plana çəkiləcək, tragediya isə ön plana çxacaqdı.
Yadınızdadırmı?
Çox güman ki, bu işlərdə Məsinin də bir balaca rolu oldu.
20.02.2022
F.M.

"Paralel.az"

0.020282030105591