Ramazan orucu Allahın tərbiyə proqramıdır - XXIV yazı

Ramazan orucu Allahın tərbiyə proqramıdır - XXIV yazı
 

Siracəddin Hacı: 
(QURANİ-KƏRİMDƏKİ ORUC AYƏLƏRİNİN ŞƏRHİ - BƏQƏRƏ, 183-187)
“(O sayılı günlər) Ramazan ayıdır ki, insanlığa rəhbər olan, bu rəhbərliyin açıq-aşkar dəlillərini (bəlgələrini) daşıyan və haqqı batildən ayıran Quran bax (məhz) bu ayda endirilmişdir. Sizdən biri bu aya qovuşanda oruc tutsun, xəstə, ya da yolçu olan kimsə də başqa günlərdə qəza etsin! Allah sizin üçün asanlıq istər, sizi sıxıntıya (çətinliyə) salmaq istəməz. (O) oruc günlərinin sayını tamamlamağınızı, sizi doğru yola qovuşdurduğu üçün Onu ucaltmağınızı və şükür etməyinizi istər” (2/185)

XXIV YAZI
4) “... (O), ORUC GÜNLƏRİNİN SAYINI TAMAMLAMAĞINIZI, SİZİ DOĞRU YOLA QOVUŞDURDUĞU ÜÇÜN ONU UCALTMAĞINIZI VƏ ŞÜKÜR ETMƏYİNİZİ İSTƏR”

Öncəki cümlə ilə bağ quraq: Allah buyurdu ki, O, sizin üçün asanlıq istər, sizi sıxıntıya (çətinliyə) salmaq istəməz. Bu cümlə də oruc adlı ilahi tərbiyə proqramının üç hökmünü açıqlayır: a) oruc günlərinin sayını tamamlayın; b) sizi doğru yola qovuşdurduğu üçün Onu ucaldın; c) şükür edin;

a) ORUC GÜNLƏRİNİN SAYINI TAMAMLAYIN
Orucu ilahi tərbiyə proqramı adlandırdıq. Bu proqramın – reseptin müəllifi Allahdır, tərbiyənin (ilahi müalicə sisteminin) nəticə verməsi üçün şərtlər var: proqramı oxu, anla, tətbiq et, bir də bəlli bir vaxta ehtiyacı var. Bu vaxt bir aydır – Ramazan ayıdır, Qurani-Kərimin nazil olmağa başladığı aydır. Proqram deyir ki, bir ay imsaqdan iftaradək yemə, içmə, cinsi münasibətdə olma, gözünü, qulağını, dilini haramdan qoru, Qurani-Kərim oxu, anla, dəyərlərini həyatına daşı ki, bədənin maddi, ağıl, qəlb, vicdan və iradən mənəvi zəhərlərdən təmizlənsin, arın ki, artasan, dəyər qazanasan, fitrət insanı olasan.
“Oruc günlərinin sayını tamamlayın” cümləsi yüz əksən dördüncü ayədəki “sayılı günlər” ifadəsini açıqlayır, deyir ki, o günlər RAMAZAN AYIDIR, ikincisi, oruc ibadətinin fərz olduğunu göstərir. Oruc tərbiyə proqramının müddəti bir ay, bərəkəti ən azı bir il (hər il təkrar olunur), savabı ömür boyu davam edir, mükafatı Allaha aiddir.

b) “SİZİ DOĞRU YOLA QOVUŞDURDUĞU ÜÇÜN ONU (UCA ALLAHI) UCALDIN”
RAMAZAN AYINDA nazil olmağa başlayan Qurani-Kərimdə hidayətin açıq dəlilləri var. Allah bu Kitabı insanlar doğru yola qovuşsun, nəticədə, dəyər, anlam, hüzur qazansın deyə nazil etmişdir. Ramazanın haqqını vermək Qurani-Kərimi anlamaqla, dəyərlərini həyata daşımaqla, Onun buyurduğu kimi yaşamaqla mümkündür. Şərtlərinə əməl edilməyən resept fayda vermədiyi kimi, oxunmayan, anlaşılmayan, tətbiq edilməyən Qurani-Kərim də şəfa verməz.

ALLAH buyurur ki, sizi doğru yola – hidayətə qovuşdurduğu üçün Onu ucaldın (“tukəbbiru”). Təkbir ALLAHU ƏKBƏR ifadəsi ilə gerçəkləşir, mənası budur: ALLAH TƏK BÖYÜKDÜR. Allahı ucaldın əmri sadəcə dillə Allahu əkbər deyərək yerinə yetirilmiş olmaz, şüurla, Allahı doğru tanımaqla, saleh əməllə gerçəkləşər.

TƏKBİR hər şeydən öncə Allahın tək böyük olduğunu anlamaqdır. İnsan bu həqiqəti anlasa, nə olar? Allahdan başqa kimsəyə qul olmaz, köləlikdən, şirkdən qurtular, azadlığa, azadlığın əsası olan tövhidə qovuşar. Təkbir demək – Allahı ucaltmaq, Onun əmrlərini yerinə yetirməkdir. Təkbir insanın sahib olduğu hər şeyi Allaha borclu olduğunu anlaması, acizliyini bilməsi, bütün varlığı ilə Ona təslim olması, Onun buyurduğu kimi yaşamasıdır.

Allahın bir adı da ƏL-KƏBİRDİR, O, sonsuz böyük, tayı-bərabəri olmayan uludur. Qurani-Kərimdə Allahu əkbər cümləsi yoxdur, ancaq təkbir əmri var: “Və Rəbbəkə fəkəbbir” – “Rəbbini təkbir et” (74/3; 17/111; 2/185), yəni təkbir Allahın əmridir, fərzdir. İslam alimləri yazırlar ki, təkbirin üç növü var:
Ardı var...

Paralel.az

0.045484066009521