Ramazan orucu Allahın tərbiyə proqramıdır - XXIII yazı

Ramazan orucu Allahın tərbiyə proqramıdır - XXIII yazı
 
Siracəddin Hacı:
(QURANİ-KƏRİMDƏKİ ORUC AYƏLƏRİNİN ŞƏRHİ - BƏQƏRƏ, 183-187)
“(O sayılı günlər) Ramazan ayıdır ki, insanlığa rəhbər olan, bu rəhbərliyin açıq-aşkar dəlillərini (bəlgələrini) daşıyan və haqqı batildən ayıran Quran bax (məhz) bu ayda endirilmişdir. Sizdən biri bu aya qovuşanda oruc tutsun, xəstə, ya da yolçu olan kimsə də başqa günlərdə qəza etsin! Allah sizin üçün asanlıq istər, sizi sıxıntıya (çətinliyə) salmaq istəməz. (O) oruc günlərinin sayını tamamlamağınızı, sizi doğru yola qovuşdurduğu üçün Onu ucaltmağınızı və şükür etməyinizi istər” (2/185)

XXIII YAZI
c) “... Xəstə, ya da yolçu olan kimsə də başqa günlərdə qəza etsin!”
Bu cümlə yüz səksən dördüncü ayənin mətnində var idi, bir də təkrar edildi, yəni xəstə və yolçularla bağlı hökm öz qüvvəsini saxlayır, öncəki cümlə insanları oruca hazırlayan mətnin içərisində idi, indi isə hökm verilmişdir.

Bir insan Ramazan ayında xəstə olsa (öncəki ayənin şərhində şərtləri açıqladıq), sonra sağlamlığına qovuşsa, orucunu qəza etməlidir. Xəstə bir insanın sağalmaq ümudi olmasa, o, orucunu qəza etməz, günə gün fidyə verər. Ramazan ayında yolçu olan (səfəri) bir insan yolçuluq bitəndən sonra orucunu qəza etməli – günə gün tutmalıdır (yolçu olduğu halda orucunu tutmağa gücü çatarsa, orucunu tutar).

QƏZA ORUCUNUN (vaxtında – Ramazan ayında tutulan oruc əda, sonra tutulan oruc qəza adlanır) ard-arda (fasilə verilmədən) tutulması ilə bağlı hər hansı bir dəlil yoxdur. Doğru olan qəza orucunu gecikdirmədən tutmaqdır, belə ki, bu, Allahın haqqıdır, bir də insan nə zaman öləcəyini bilməz. Ramazan orucunun qəzası oruc tutmaq haram olan günlər istisna hər zaman yerinə yetirilə bilər. Allah Rəsulu buyurmuşdur ki, iki zaman dilimində oruc tutmayın: a) Ramazan bayramının birinci günü; b) Qurban bayramı günləri.

QƏZA ORUCU ard-arda da (fasiləsiz), bəlli aralıqlarla da tutula bilər. İmam Əbu Hənifə qəza orucunun tutulması üçün bəlli bir vaxt müəyyən etməmiş, ilk fürsət ortaya çıxanda tutulmasının doğru olduğunu söyləmişdir. İmam Şafii isə demişdir ki, qəza orucu sıradakı Ramazan ayınadək tutulmalıdır. Bu vaxt dilimində qəza orucunu tutmayan kimsə qəza orucunu tutmaqla birgə fidyə də verməlidir.

b) “... ALLAH SİZİN ÜÇÜN ASANLIQ İSTƏR, SİZİ SIXINTIYA (ÇƏTİNLİYƏ) SALMAQ İSTƏMƏZ...”
İslam dininin önəmli tərbiyə ölçülərindən biri də asanlaşdırmaqdır. Allahın xəstə və yolçulara izin verməsi asanlıq qapısını açmasıdır. Bunun bir örnəyi də oruc tutmaq imkanı olmayanlara (oruc tutmaq imkanı olmayacaq dərəcədə yaşlı olan, sağalmaz xəstəliyi olan insan) fidyə yolunu göstərməsidir (fidyə vermək imkanı varsa, verər, yoxsa Allaha dua edər, Ondan bağışlanma istəyər).

Burada bir məsələni də vurğulamaq istəyirəm ki, orucun asan tutulması üçün saxur yeməyi yeyilməlidir (imsaqdan öncə yeyilən yemək). Bir sıra müsəlmanlar ya tənbəllikdən, ya da saxur yeməyi yemədən oruc tutmağın daha fəzilətli olduğunu düşünərək iyirmi dörd saat oruc ölçüsü tətbiq edirlər. Bu, yanlış addımdır, insanı bezdirər, yorar, orucun bərəkətindən məhrum edər. Adam saxur yeməyini yemir, bütün günü yatır, oruc tutduğunu zənn edir. RAMAZAN AYI yatma (təbii ki, zəruri ölçüdə yatacaqsan) ayı deyil, çalışma, oxuma, düşünmə, yardımlaşma ayıdır, ailənin, insanların sənin üzərində haqqı var, o haqqı yerinə yetirməlisən.

ALLAH RƏSULU buyurur:
“Saxur yeməyi yeyin. Belə ki, saxurda bərəkət var” – saxur yeməyinin bərəkətləri sırasında bunları saya bilərik: oruc tutmağı asanlaşdırır, ailəni bir araya toplayır, yardımlaşmanı öyrədir, oruc şüurunu gücləndirir, səhər namazını vaxtında qılmağa yol açır...
“Bizim orucumuz ilə kitab əhlinin (yəhudi və xristianların) orucu arasındakı fərq saxur yeməyinə qalxmamızdır”.
“Nübüvvət (Elçilik) əməllərindən biri də iftarın təcili (tam vaxtında) yeyilməsi saxurun da gecikdirilməsidir (yemək vaxtını orucun başlamasına çox az qalanadək uzadın)” , bu yolla oruc dönəmində aç qalma vaxtınız qısalır, nəticədə, oruc tutmaq asanlaşır, yəni iftar yeməyini tələsdirin, saxur yeməyini gecikdirin.
 
“Müsəlmanlar vaxtı tamam olan kimi (gecikdirmədən) iftar etsələr, hər zaman xeyirlə birgədirlər”.

BİR ÖNƏMLİ MƏSƏLƏ DƏ VAR: təmtəraqlı, zəngin, bahalı iftar süfrələri orucu anlamamaqdır, Ramazanın ruhuna ziddir, israfdır, Qurani-Kərimin ayəsi ilə desək, israf edənlər şeytanın qardaşlarıdır, iftardan sonra əyləncə məclisləri təşkil etmək də əsla Ramazanın ruhuna, ədəbinə uyğun deyil. Oruc tutmaq çox önəmli bir ibadətdir, onu festivala çevirərək bərəkətindən məhrum qalmayaq, unutmayaq ki, Ramazanın ruhu Qurani-Kərimdir...
Ardı var...
Paralel.az
0.13597893714905