TOFIQ QASIM - 85 - Mirbaba Babayev yazır...
10 aprel-Azərbaycan Xalq Hərəkatının ən görkəmli simalarından biri olan Tofiq Qasımın doğum günüdür.
Yaşlı və orta nəsil onu yaxşı tanıyır. Cavanlar üçün Tofiq Qasım (1992-ci ilə qədər soyadı Qasımov olub) haqqında bəzi faktları sadalayım.
1988-1989 -AXC-nin həmtəsisçisi və proqramını hazırlayanlardan biri, AXC (hərəkat) İdarə Heyətinin üzvü
1990- Azərbaycan SSR xalq deputatı
Əsasən partokratlardan ibarət olan Azərbaycan SSR Ali Sovetində 300-ə yaxın “kommunistə” qarşı 30-40 “demokratın” mübarizəsi nəticəsində (əlbəttə, AXC-nin, xalqın dəstəyi ilə) Azərbaycanın müstəqilliyinə nail olundu; bu qurumda ən mübariz, alovlu, məntiqli şəxslərdən biri Tofiq Qasım idi (Müxalifətçi deputatların çıxış etdiyi mikrofona o vaxt zarafatla “Tofiq Qasımov adına 4-cü mikrofon” deyirdilər).
1991-paritet əsaslarla 50 deputatdan (25 “kommunist” ,25 “demokrat”) təşkil olunmuş və Azərbaycanın Dövlət Müstəqilliyini elan etmiş Milli Şuranın üzvü
O, Azərbaycanın azadlığı, ərazi bütövlüyü, Azərbaycanda demokratik bir quruluşun yaranması uğrunda canını da qurban verməyə hazır idi və bunu, hərəkətləri ilə dəfələrlə sübut etmişdi.
1992-Müsavat Partiyasının bərpaçısı
1992-1993- Azərbaycanın Xarici İşlər Naziri
Tofiq Qasımın yorulmaz fəaliyyəti nəticəsində1993-cü ilin aprelin sonunda Qarabağ və Kəlbəcərin işğalçılardan qeyd-şərtsiz azad edilməsi barədə BMT-nin qətnaməsi çıxmışdı. Bu, indiyə qədər BMT-də Azərbaycanın ən böyük uğuru sayılır.
Tofiq Qasım həm də istedadlı fizik idi. Bir alim kimi, onunla təkcə Azərbaycanda deyil, elmi axtarışları apardığı məşhur Sankt-Peterburq Fizika-Texnika İnstitutunda və SSRİ-nin digər elmi müəssisələrində də hesablaşırdılar. Xalq hərəkatı başlayana qədər onun rəhbərliyi ilə 4 nəfər namizədlik dissertasiyası müdafiə etmiş, 2 doktorluq dissertasiyasının məsləhətçisi olmuşdu.
Mən fəxr edirəm ki, belə bir alim mənim namizədlik işimin elmi rəhbəri, doktorluq dissertasiyamın məsləhətçisi olub. Biz həm də ailəvi dost idik.
Təqiblər nəticəsində (bir müddət saxta ittihamla həbsdə yatdı, ölümcül vəziyyətdə həbsdən buraxılandan sonra da ittihama xitam verilmədi və daim təqib olundu) mühacirət etməyə məcbur oldu. 26 yanvar 2020-ci ildə İsveçrənin Lütsern şəhərində vəfat etdi və orada dəfn olundu. Azərbaycan xalqının xoşbəxliyi, torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan Tofiq Qasıma Azərbaycanın iki kvadratmetrlik qəbir torpağı da qismət olmadı, Məhəmməd Əmin Rəsulazadə, Əlimərdan bəy Topçubaşov... kimi məzarı Azərbaycandan kənardadır. Ruhu şad olsun.
Tofiq Qasım Azərbaycanın müstəqilliyini əziz tutan hər bir şəxsin qəlbində yaşayır və yaşayacaq.
"Paralel.az"