"İngilis dilini öyrənməyim ailə qurmağıma kömək oldu" - VİDEO
Xalq artisti Fidan Hacıyeva şəxsi həyatı ilə bağlı verdiyi açıqlaması ilə gündəmə gəlib.
"Paralel.az" "bizim media"-ya istinadən xəbər verir ki, sənətçi "Nərgiz" dərgisinin "My story" (Mənim tarixçəm) adlı rubrikasının qonağı olub.
Sənətçi bildirib ki, ingilis dilini mükəmməl öyrənməsi onun həyat yoldaşı, ingiltərə vətəndaşı Filiplə tanış olmasına böyük kömək olub:
""Bülbül" adına musiqi məktəbini bitirmişəm. Təhsil ocağında əsas dərslər musiqi idi, lakin digər fənləri də yaxşı oxuyurdum. İngilis dilini zəif bilirdim. Müəllimim də bunu mənə deyirdi. Bu, məndə məqsəd oldu ki, ingilis dilini öyrənim. Xatırlayıram ki, Rusiyadan bir müəllimə gəlmişdi. Ondan özəl dərslər almağa başladım. O, çox tələbkar idi və mənə ingilis dilini çox gözəl şəkildə öyrətdi.
Atam söyləyirdi ki, sən onsuz da musiqiçi olacaqsan, ingilis dilini neynirsən, lazım deyil dil öyrənmək. Ona deyirdim ki, amma mən dil öyrənməyi çox istəyirəm. Məşhur şirkətlərin biri Yeni il tədbirini keçirirdi. Məni ora "Karmeni" ifa etməyə dəvət etdilər. Çıxışım bitəndən sonra mənə bir İngiltərə vətəndaşı, "centlmen" (həyat yoldaşı Filipp - red.) yaxınlaşıb söylədi ki, çox gözəl ifa etdiniz. Məhz bu anda öyrəndiyim ingilis dili mənə lazım oldu. Nə gözəl oldu ki, bu dildə kimləsə danışa biləcək adam tapdım.
Filiplə tanış olandan sonra onu operaya dəvət etdim. O zamanlar isə artıq Akademik Opera və Balet Teatrının solisti idim. O ilk dəfə "Arşın Mal Alan" əsərində canlandırdığım Asiyanı ifamda eşitdi. Səhərisi gün isə mənə məktub yolladı. Məktubda təşəkkürünü bildirmişdi bu dəvətə görə. Eyni zamanda, Asiyanın sözlərinin bir hissəsini ingilis dilinə tərcümə etmişdi. Repertuarımda Azərbaycan bəstəkarlarının əsərləri var və o əsərlərin bir hissəsini ingilis dilinə tərcümə edib, oxumuşam. Mənə elə gəlir ki, bu dili mükəmməl öyrənməyim həyatımda lazım oldu".
Qeyd edək ki, cütlüyün bir qız, iki oğlan övladı var.