Bu bizik?!

Bu bizik?!
 



Bu gün Bakıda Tağı Nağı oğlu və Abbasqulu Kazımzadə ilə birlikdə "Müsavat" firqəsini Məhəmməd Əmin Rəsulzadənin əmisi oğlu, parlament üzvü, jurnalist Məmmədəli Əbdüləziz oğlu Rəsulzadənin doğum günüdür. 

Birbaşa mövzunun acarına keçib demək istəyirəm ki, bəxtsiz Rəsulzadələrin acı taleyində onun da "rolu "olmuşdur...Belə ki, tarixçi araşdırmaçımız Dilqəm Əhmədin hələ keçən il verdiyi məlumata görə vəfatından düz 40 il sonra (3 fevral 1982) bəxtsiz Rəsulzadənin məzarının İstanbulda hansı məzarlıqda olduğunu tapdığını bildirmişdi. Yəni ki, Məhəmmədəli bəyin məzarı yoxa çıxıb. 

Bu haqda Dilqəm Əhməd öz Fb-səhifəsində belə yazmışdı:"Amma təəssüf ki, məzar yeri sistemdə görünmür. Bu nə deməkdir? Əgər biri dəfn edildikdən sonra keçən 5 il müddətində ailə ona məzar yeri düzəltməzsə, ərazi xəzinənin (dövlətin) ixtiyarına keçir və başqası istifadə edə bilir artıq. Hələ ki ilkin görünüş belədir. 

Qohumluq əlaqəsi olmadığına görə məzarlıq müdirliyi detallı yardım göstərmədi. Bəlkə də var, sistemdə görünmür. Təki elə olsun. Ona görə də ya konsulluq, ya səfirlik vasitəsilə müraciətin edilməsinə çalışacağam. Əsas odur ki, ən azından məzarlıq bilindi."

Düşünürəm ki, tapılsaydı dilqəm bəy bu haqda məlumat verərdi. Amma nə olsun ki.məzarı olmasa da bu gün də, sabah da xatırlanır Məhəmməd Əli bəyin xatirəsi ...Unutmayaq!

Mövzunu davam etdirərərk qeyd edək ki, Bakının Novxanı kəndində anadan olan M.Ə.Rəsulzadə böyük əqidə adamı, sədaqətli dost və silahdaş, Məhəmməd Əmin bəyin ən etibarlı adamı ( Abbasqulu Kazımzadə ilə birlikdə), fədakar, təmənnasız, amma əzmkar, mübariz bir insan olmuşdur.
O, 1902-ci ildə M.Ə.Rəsulzadənin gizli “Müsəlman gənclik təşkilatı”,1904-cü ildə "Hümmət "təşkilatılarında olmuş ,1911-ci ilin oktyabr ayında isə Bakıda Məhəmmədəli Rəsulzadə Tağı Nağı oğlu və Abbasqulu Kazımzadə ilə birlikdə «Türk ədəmi-mərkəziyyət Müsavat» firqəsini qurmuşdular...Sonralar 1918 ci il dekabrın 7-də Bakıda təntənəli surətdə açılmış Azərbaycan Parlamentinə gizli səsvermə yolu ilə Bakıdan üzv seçilmiş, 1919-cu ilin əvvəllərində təşkil olunmuş Azərbaycan Cümhuriyyətinin hökumət mətbəəsinin müdiri təyin edilmişdir. 1919-cu ilin oktyabrında "Türk Ədəmi Mərkəziyyət "Müsavat” partiyası” Bakı komitəsinin üzvü seçilmişdi...

Məhəmmədəli Rəsulzadə M.Ə.Rəsulzadənin Stalinlə görüşünü təşkil edənlərdən biri olub. Aprel işğalından sonra Moskvada Xalq Millətlər Komissarlığına tabe olan kooperativ təşkilatında iki ilə yaxın işləyən Məhəmmədəli Rəsulzadə 1922-ci ilin yayında Bakıdan İrana və oradan isə İstanbula mühacirətə gedir. İlk gəncliyində qoşa imza ilə "Şərqi-Rus" qəzetində məqalələri çıxıb. Məmmədəli bəy Türkiyədə ömrünün sonuna qədər Azərbaycan ədəbiyyatının, tarixinin təbliğatı ilə məşğul olub. Həmin dövrdə İstanbulda nəşr olunan "Yeni Qafqasya”, "Azəri türk”, "Odlu yurd”, "Azərbaycan yurd bilgisi” və s. mətbuat orqanları ilə yaxından əməkdaşlıq etmiş Ankarada nəşr olunan "Azərbay-can" jurnalında isə "M.Ə.Rəsuloğlu” imzası ilə məqalələri dərc edilmişdir.

1920-ci ildə həbs olunanda isə onun 35 yaşı var idi...Bundan əvvəl 1908-ci ildə Çar Rusiyası tərəfindən həbs edildiyi haqqında sənəddə 23 yaşı olduğu göstərilir.

Bir neçə kəlmə də ailsəi haqqında ...Tanınmış tarixçi juranlist Nəcibə Bağırzadə özünün «Gecikmiş etiraf kimi» kitabında onun həyatı haqda yazıb: "M.Ə.Rəsulzadənin əmisi oğlu Məhəmməd Əli bəy də «Müsavat»ın yaradıcılarından biri idi. Məhəmməd Əmin Bəylə birgə parlamentdə də çalışdı. Sonra o da mühacirət həyatı yaşadı. Mühacirət dövründə onun da gördüyü işlər oldu. Təəssüf ki, o da ömrünü Türkiyədə başa vurası oldu. Məzarı İstanbuldadır. Bakıda həyat yoldaşı Raziyə xanım, 3 oğlu qalmışdı. 37-də onları da Kazaxıstana sürgün edirlər. Oğlanlardan biri itkin düşür. Biri müharibədən orden-medalla qayıtdığı üçün 46-cı ildə anasını Bakıya gətirə bilir. Məhəmməd Əli bəy doğmaları ilə ancaq 70-ci illərdə əlaqə qurur, məktublaşır. Türkiyəyə gedən professor Abbas Zamanovun vasitəsi ilə. Ancaq görüş baş tutmur.

Doğrudur, sonralar oğlu Aydınla görüşüb və buhaqda şəkilləri var M.Əli Rəsulzadə 1982-ci il fevralın 3-də 100 yaşın tamamına iki gün qalmış dünyasını dəyişir. Və daha bir Rəsulzadə qəriblikdə məzara tapşırılır."

Nə deyim vallah...Rəsulzadələrin hamısı şərəfli ömür yaşayıblar. Dilqəm Əhmədin "Bir cüt ayaqqabının verdiyi zövq" adlı yazısını oxudqca təsirlənməmək mümkün deyil...Yazıram, tanış olun.

"M.Ə.Rəsulzadə Stalinlə bağlı xatirələrində Moskva "sürgünü" zamanı Məhəmməd Əli ilə ayaqqabı ilə bağlı xatirəsi, sevinci isə çox təsirlidir: “Nəyin bahasına olursa-olsun bir ayaqqabı tədarük etmək artıq zəruri olmuşdu. Üstümüzdə qalmış bir qızıl pul var idi. Bununla bəlkə də bir cüt ayaqqabı almaq mümkün idi. Fəqət ayaqqabı haradadır, yoxdur ki alasan. Bu arada amerikalı fəhlələrdən bir hissəsinin Rusiyadakı fəhlələrə dağıtmaq üçün bir gəmi ayaqqabı gəldiyi xəbəri nəşr edildi. Bir neçə gün sonra bu ayaqqabıların “suxarovka” deyilən bazarda satlığa çıxarılacağını öyrəndik. Bunlardan bir cütünü satın almaq ümidi ilə Məhəmməd Əli ilə birlikdə bazara getdik, üstümüzdəki qızıl istənilən qiymətin əsasını təşkil etmək üzrə idi, fəqət kifayət deyildi. Əsl dəyər təşkil edən şeyləri də buna əlavə etməli idik; bu dəyərli əşyadan bir neçə iynə, bir az tikiş sapı və bir qədər də duz vermək lazımmış, bu “əmtəələr” o dövrün qızıldan da qiymətli valyuta malları idi. Şükür olsun ki, bu “valyuta” mallarından bir qədər var idi; verdik, nəhayət, ayaqqabıları aldıq. Böyük bir sevinc içində evə dönürdük. Mən öndə, Məhəmməd Əli arxada addımlayırdıq. Məhəmməd Əlinin səsini eşitdim:
- Bura bax, bu yürüş ancaq bayram hədiyyəsi alan uşaqlarda olur!”
Ruhları qarşısında təzimlə Baba Allahnəzərov.

Paralel.az

0.025264024734497