Yaxşı ki gerçək millət vəkillərimiz var!

Yaxşı ki gerçək millət vəkillərimiz var!
 


Məğrur Bədəlsoy:
İnsan və vətəndaş hüquq və azadlıqlarına ən çox sayğı göstərən Milli Məclisdir.

Ali Məhkəmənin sədri postunun boş olduğu çağ başlıca namizədlər sırasında Milli Məclis sədrinin 1-ci müavini, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, millət vəkili Əli Hüseynlinin adının hallanması, eldə deyildiyi kimi, kürkümüzə birə salmışdı : Bəs bizim məhkəmə, hüquq sahəsində vəkilimiz kim olacaq? Əvəzolunmaz insanların ola bilməzliyi doğrudur, amma əvəzolunmaz şəxsiyyətlər var! Əli Hüseynli belə şəxsiyyətlərdəndir. Fikirləşmək olardı ki, onun hakimiyyətin məhkəmə qoluna başçılığı millətə, xalqa daha çox fayda verə bilər(di). Bu fikirlə razıyıq, amma biri var millətə vəkillik edəsən,  bir də var hakimlik! Fikrimizcə və demokratiya prinsipinə görə, istənilən (seçilmiş) millət vəkili (baş) nazirdən də, (baş) məhkəmə  hakimindən də statusuna görə yüksəkdədir. Nədən xalqın, millətin seçilmişləridir .

Milli Məclis Aparatının yüksək səviyyəli işini vurğulayaq. Təkcə onu deyək ki, əsas insan və vətəndaş hüquqlarından olan  müraciətlərə baxılması qanunverici orqanda elə təşkil edilib ki, digər hakimiyyət qollarına  da örnək ola bilər. Bütün dövlət orqanlarında onlayn – elektron qaydada qəbula yazılmaq qaydası,  forması e-hökumət portalından təqdim edilsə də, formal xarakter daşıyır. Bircə Milli Məclisdən başqa. Milli Məclisin saytında elektron qəbula yazılan günün ertəsi şəxsin elektron poçtuna şəxsən müraciət etmək - qəbul hüququnun vaxtı,  qəbul edəcək vəzifəli şəxsin adı bildirilir. Və göstərilən vaxtda doğrudan da vətəndaşı adıçəkilən vəzifəli şəxsin özü qəbul edir! Daha icra hakimiyyəti orqanlarındakı kimi , məsələn, icra başçısını “JEK”-in zibilpulu yığanı yox! Özü də müraciətdə qaldırılan məsələlərin çözülüb - çözülməməsindən asılı olmayaraq , insan özünü insan kimi duyur! Nədən yanaşma insan kimi olur ! Bir sözlə, Milli Məclis Aparatının,  müraciətlərlə iş şöbəsinin , qəbul şöbəsinin işi ürəkaçandır. Aparatda rəhbər görəvdə də , digər xidmətlərdə də Qarabağ qazilərinin təmsil olunması isə Milli Məclis rəhbərliyinin qazi və şəhid ailələrinə diqqətinin göstəricisidir. Qarabağ qazilərinin işlərini diqqətəlayiq yerinə yetirməsini də vurğulayaq.

Millət vəkillərinin köməkçilərinin işini vurğulamasaq , insafsızlıq olar. Bütün millət vəkillərinin mobil telefon nömrələri köməkçilərinin araçılığı ilə millətə açıqdır . Gerçəkdə köməkçilər vəkillə millət arasında körpü rolunu oynayır, millət vəkili kimi hüquqi yardım göstərir. Yenə də digər hakimiyyət qollarındakı uyğun görəv daşıyıcılarından fərqli olaraq, deputat köməkçiləri millət vəkilinə gerçək yardım edir, millət nümayəndəsinin problemini çözməyə can yandırır. İcra başçısı köməkçilərini bir qırağa qoyaq, hakim köməkçilərindən heç iclasın vaxtını, icranın təmin edilməsi durumunu öyrənə bilmirsən, sadəcə bağlantı nömrələrini də, iddianın, işin özü kimi gizlədirlər . Belədə hansı hüquqdan danışmaq olar?

Tam əminliklə demək olar ki, üç hakimiyyət qolundan bizə ən çox yananı qanunverici hakimiyyətdir. Ən azı, insan ilgisi görürük. Burdaca vurğulayım ki, insan hüquqları komitəsi adını işi ilə tam doğruldur. Komitənin sədri, millət vəkili Zahid Oruc illərdir millətə  vəkilliyi elə gerçək edir ki, hətta yataqda ağır xəstə yatan adi insanları , yaralı qaziləri yoluxmağa can atır, yaralı ürəklərə bununla su çiləyir. Kimsə heç millət vəkilini tanımadığını deyə bilər. Düzdür, razılaşmamaq olmur. Çox millət vəkilinin adı var, özü yox!  Amma biz əsl millət vəkillərindən , millətə gerçək vəkillik edənlərdən danışırıq. Nə yaxşı , gerçək millət vəkillərimiz var! Nə yaxşı , anında bizi dinləyən, dərdimizə dərman axtaran əsl insanlar, vəkillər var! Əli Hüseynli kimi, Zahid Oruc kimi,  Qənirə xanım kimi, Qüdrət bəy, Elman Nəsirli kimi. ..
Paralel.az

0.015180110931396