“Bəzən qanunları düz-əməlli anlaya bilmirik” - Deputat

“Bəzən qanunları düz-əməlli anlaya bilmirik” - Deputat
 

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanuna və Şəhərsalma və Tikinti Məcəlləsinə təklif oluna dəyişikliklərə əsasən 2023-cü il martın 1-dək inşa edilmiş tikinti obyektlərinin istismarına icazə verilməsi üçün onların etibarlılıq və təhlükəsizlik tələblərinə uyğunluğu müayinə ediləcək və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektlərinin yerləşdiyi torpaq sahələrinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi məsələsinə baxılacaq.

“Paralel.az ” xəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentdə çıxışı zamanı deyib.

“Nə gözəl. On minlərlə vətəndaşımız sevinəcək. Daha onlara məxsus torpaqları hərraca çıxarıb başqasına satmayacaqlar və yaxud üzərində məkrli oyunlar qurmayacaqlar”, - o qeyd edib.

Deputat əlavə edib ki, onu narahat edən bu müayinədir: “Bu müayinənin əhatə dairəsini və tətbiq sahəsini özümüz ayrıca əlavə sənəddə hazırlayıb qəbul etdiyimiz qanunlara tikməsək, bu müayinə fərdi hökmlərə və ayrı-seçkiliyə səbəb olacaq. Hazırda gözlərim önündə mənə müraciət etmiş və yerli hakimiyyətlərin qəzəbinə gəlmiş xeyli belə obyektlər var və bilirəm ki, bu qanunun yaratdığı sevinci onların gözündən tökəcəklər.

Təklif edirəm ki, qəbul etdiyimiz qanunlara izahedici və aydınlaşdırıcı əlavələr hazırlayaq və qanunla bərabər də qəbul edək. Qanunu vərəqləyən xalqın sadə nümayəndəsi anlaşılmazlıq yaradan və yaxud vəzifəli şəxsin sui-istafədəsinin və qanunu öz məkrli maraqlarına uyğun şərh edən vəzifəli şəxslərin önünü kəssin. Gəlin qəbul edək ki, qəbul etdiyimiz qanunları bəzən heç özümüz düz-əməlli anlaya bilmirik. Çünki hər birimizin fərqli-fərqli ixtisası, təcrübəsi və ekspertiza sahəsi var. Sadə insanlar isə ümumiyyətlə baş çıxara bilmir. Ona görə də təklif edirəm ki, qanunlara əlavələr hazırlayaq və orada dəyişikliklərin tətbiq sahələri, həyata keçirilmə mexanizmləri, fərdlərə və mülkiyyətçilərə aid ayrı-ayrı torpaq sahələri ilə bağlı məqamlar açıq-aydın göstərilsin”.

Mürtəza
Paralel.az

0.050981044769287