Ramazan orucu Allahın tərbiyə proqramıdır - XX yazı

Ramazan orucu Allahın tərbiyə proqramıdır - XX yazı
 

Siracəddin Hacı:
(QURANİ-KƏRİMDƏKİ ORUC AYƏLƏRİNİN ŞƏRHİ - BƏQƏRƏ, 183-187)
“(O sayılı günlər) Ramazan ayıdır ki, insanlığa rəhbər olan, bu rəhbərliyin açıq-aşkar dəlillərini (bəlgələrini) daşıyan və haqqı batildən ayıran Quran bax (məhz) bu ayda endirilmişdir. Sizdən biri bu aya qovuşanda oruc tutsun, xəstə, ya da yolçu olan kimsə də başqa günlərdə qəza etsin! Allah sizin üçün asanlıq istər, sizi sıxıntıya (çətinliyə) salmaq istəməz. (O) oruc günlərinin sayını tamamlamağınızı, sizi doğru yola qovuşdurduğu üçün Onu ucaltmağınızı və şükür etməyinizi istər” (2/185)

XX YAZI

HİDAYƏT İŞIQ, DƏLALƏT (AZMA) QARANLIQDIR. Allah təkcə insana deyil, bütün varlıqlara hidayət vermişdir: Günəşin, Ayın, hər planetin, suyun, küləyin... öz yolu var... Qurani-Kərim hidayət kitabıdır. İnsanın hidayətə qovuşması Allahın ƏL-HADİ adının təcəllisidir. O, hidayətin qaynağıdır.

ALLAH İNSANA HİDAYƏT RƏHBƏRLƏRİ VERMİŞDİR:
- onu inanmaq, doğru yolu tapmaq özəlliyi-fitrəti ilə yaratmışdır;
- ağıl vermişdir;
- vəhy nazil etmişdir;
- Elçilər göndərmişdir;

Kimə hidayət verilibsə, ona ən böyük nemət verilib. Qurani-Kərimə görə, NEMƏT verilənlər bunlardır:
- ən-Nəbiyyun (elçilər); (4/69)
- əs-Siddiqun (həqiqətə sadiq olanlar); (4/69)
- əş-Şühəda – haqqa şahid olanlar; (4/69)
- əs-Salihin – inandığını həyatına daşıyanlar, islah edən əməlləri olanlar; (4/69)

ALLAH buyurur ki, heç şübhə yoxdur ki, yeganə rəhbərlik Allahın rəhbərliyidir, (6/71) O, doğru yola yönələnlərin hidayətini artırar. (47/17)

HİDAYƏT İLAHİ RƏHBƏRLİKDİR – Fatihə surəsində hidayət istəyənlərə sıradakı Bəqərə surəsinin ikinci ayəsində cavab verilmiş, yol gstərilmişdir: içində şübhə olmayan bu KİTAB müttəqilər üçün bir ilahi rəhbərlikdir. Doğru yol Qurani-Kərimdən başlayır, müttəqi də təqva sahibi olan, məsuliyyət şüuru ilə yaşayan, günahlardan çəkinən, əzabdan qorunan kimsədir.

HİDAYƏT yaradılış hədəfinə, ilahi rizaya, fitrətə, Allahın seçdiyi həyat tərzinə uyğun yaşamaqdır: “O, hər şeyə yaradılışdan bir ölçü və hədəf təqdir etdi, sonra (o ölçüyə uyaraq hədəfinə qovuşacaq) istiqamətə yönəltdi” (44/38-39). Hər varlığın bir məqsədi, işi var, hər varlıq mənalı, hədəfli yaradılıb: “... Biz göyləri, yeri və bu ikisi arasındakıları oyun olsun deyə yaratmadıq... gerçək bir hədəf üçün yaratdıq” (23/115). “İndi Bizim sizi boş yerə və hədəfsiz yaratdığımızı, (hesab vermək üçün) Bizə qaytarılmayacağınızı düşünürsünüz, eləmi?” (29/2-3)
QURANİ-KƏRİM buyurur ki, insan inandım deməklə canını qurtara bilməz: “Yoxsa o (inandıq deyib də) pisliyi davam etdirənlər Bizdən yaxa qurtaracaqlarınımı düşünürlər! Nə bərbad düşünürlər!” (29/4).

QURANİ-KƏRİM buyurur ki, Allah hidayəti istəyənə verir, (2/272) Elçinin işi dəvətdir, (42/52-53) iman et, haqqa yönəl, O da hidayəti yaratsın, (64/11; 13/27) iradə hürriyyətin var, seçim sənə aiddir, hər kəs hidayətə möhtacdır, O, hidayət istəyənin hidayətini artırar. (18/13; 19/76).

HİDAYƏTİN ÜÇ ANLAMI VAR: açıqlama (maariflənmə), doğru yola yönəltmə (azmaqdan qoruma), Allahın bizim üçün hidayəti yaratmasını istəmə. Allah buyurur ki, O, doğru yola yönələnlərin hidayətini artırar, onlara qorunma gücü bəxş edər. Hidayətə qovuşmaq insanı günahlardan, anlamsızlıqdan, ümidsizlikdən, köləlikdən, qorxunc aqibətdən qoruyar.

Hidayət Allahın lütfü ilə insana yol göstərməsidir. Onun hidayət vasitələri çoxdur: ağıl, elm, duyğular, haqq ilə batili ayıran dəlillər, Elçilər, ilahi Kitablar...
Hidayətdə olanın hidayət istəməsi daha çox hidayət tələb etməsi, doğru yolda qərarlılıq diləməsidir: bizi doğru yolda qərarlı qıl, o yolda getməyi ehsan et, ey Rəbbimiz! Hidayət Allahın inananlara vəd etdiyi zəfərə qovuşmaqdır.
Ardı var...
CÜMƏMİZ MÜBARƏK OLSUN, ALLAH AĞLIMIZA, QƏLBİMİZƏ, VİCDANIMIZA BƏRƏKƏT VERSİN, GÖZƏL İNSANLAR!

Paralel.az

0.075125932693481