Günay İbrahimli: "Bu yanaşma mənə qarşı çirkin böhtandır

Günay İbrahimli: 
 

Xəbər verdiyimiz kimi, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi zərərli vərdişlərdən istifadəni, tüfeyli həyat tərzini, mental dəyərlərimizə zidd olan davranışları təbliğ edən, aqressiv hərəkətlərə və özünəqəsdə sövq edən mahnıların siyahısı tərtib edib.

Paralel.az xəbər verir ki, sözügedən kateqoriyalara aid mahnıların ifaçıları siyahısında Günay İbrahimlinin "O kimdir ki?"  mahnısı da yer alıb.

İfaçı bu barədə sosial şəbəkə hesabında yazaraq etirazını bildirib:

""Azərbaycan Respublikasının Konstitusiyası Maddə 51. Yaradıcılıq azadlığı I. Hər kəsin yaradıcılıq azadlığı vardır. II. Dövlət ədəbi-bədii, elmi-texniki və başqa yaradıcılıq növlərinin azad həyata keçirilməsinə təminat verir. Bu gün mediada Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin hazırladığı siyahıda mənim də adımın yer aldığını gördüm.

Bu cür mötəbər və önəmli bir qurumun qeyri-peşəkar və qeyri-ciddi əməkdaşlarının, heç bir açıqlama gətirmədən mənim ifamın və adımın o siyahıya salınmasında, ehtimal edirəm ki, qərəz var. Narkotiki, pis əməlləri, cinayəti, özünəqəsdi, tüfeyli həyatı təbliğ edən şəxs və ifalarla mənim adımın bir siyahıda olması mənə və yaradıcılığıma qarşı aparılan çirkin təbliğat hesab edirəm.

Niyəsə qurumun rəsmi saytında bu xəbərə rast gəlmədim və hesabatda hansısa kitaba istinad edirlər. Təsadüfə baxın ki, hansısa “mübariz” bir şəxs o kitabdan siyahını götürüb, yerli mediamıza yönləndirib və ya qurumun özü bu addımı atıb.

Hər nə isə. Bu siyahıya mənim adımı əlavə edən “psevdointellektual”, "ziyalı", guya mental dəyərlərimizə sadiq olan şəxslər əsas gətirə bilərmi, mənim “O kimdir ki?” adlı ifamda cinayət xarakterli məzmun hansıdır? Neçə şəxs narkotikə qurşanıb? Neçə şəxs özünə qəsd edib və ya intihar səviyyəsinə çatıb? Əllərində statistika və rəqəmlər varmı?”

İfaçı adının siyahıda olmasını "çirkin böhtan" adlandırıb:

“Təbii ki, bu yanaşma mənə qarşı çirkin böhtandır. O şəxsləri Azərbaycan Respublikasının Konstitusiyasını oxumağa dəvət edirəm. Kimi isə təftiş edərkən ədalət əsas meyar olmalıdır. Bu siyahıda sırf mənim adımın və ifamın olmasını əsla qəbul etmirəm. Araşdırmada doğru eyhamlar var.

Buna qarşı deyiləm. Amma heç bir istinad, əsas gətirmədən adımın hallanmasını şəxsimə qarşı qeyri-etik davranış olaraq qiymətləndirirəm.

Monitorinq Mərkəzi işini sanballı, peşəkar mütəxəssislərə həvalə etmədikcə, kimlərinsə şəxsi qərəzini, zövqünü etalon qəbul edib, qaralama aparacaqsa bu işi görməsə yaxşıdır".

0.014572858810425