SOS! "Köçmək əslində ” bəla” deməkdir" - Sadiq Qarayev
Sadiq Qarayev yazır:
- Botanika İnstitutunun taleyi və onun çox qiymətli herbari fondu təhlükə altındadır!
Mərkəzi Nəbatat Bağında aparılan yenidənqurma işləri ilə əlaqədar, yeni lahiyəyə görə Botanika institunun köçürülməsi məsələsi ortaya çıxıb. Bununla bağlı İnstututa xəbərdarlıq edilib.
Köçmək əslində ” bəla” deməkdir. Bu zaman hər şeyin 30-40%-i məhv olur. 2 dəfə köçmək nə demək olar aydındır… Herbarilər- qurudulmuş yarpaqlar, bitki nümunələri isə tamamilə məhv ola bilər. Yəni, Botanika elmimiz 100 il geri gedər.
Biz İnstitut əməkdaşları düşünürük ki, Botanika İnstutu məntiqcə botanika bağında olar. Yox əgər bu heç cür mümkün deyilsə, bir dəfə, mükəmməl şəkildə, uyğun və şəraitli binaya köçmək məqsədəuyğundur.
Sizdən xahiş edirik ki, bu məsləni diqqətdə saxlayasınız və Botanika elminin naliyyətlərini qorumaq, inkişaf etdirməkdə bizə mənəvi dəstək olasınız.
Azərbaycan Respublikasında bitkilər aləmini öyrənən geniş profilli elmi mərkəz kimi tanınan Botanika İnstitutu rəsmi bir qurum kimi 1936-cı ildə SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan botanika bölməsinin bazasında təsis edilmişdir. Həmin ildən Herbari fondu fəaliyyətə başlamışdır. Ondan öncə 1932-ci ildən SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi təşkil edildikdə bir sıra məşhur botanik alimlər Aleksandr Qrossheym, Prilipko, İ.Karyagin burada elmi tədqiqat işləri aparırdılar.
Herbarium (cəmdə “Herbaria”) qorunub saxlanılan bitki nümunələrinin toplusudur. Bu nümunələr bütöv bitki, göbələk, yosun, şibyə, mamır və ya onların hissələridir: bunlar adətən qurudulmuş, preslənmiş formada, kolleksiyadan asılı olaraq konvertləşdirilmiş, su, spirt və ya digər konservantlarda da saxlanılır. Herbari respublikanın biomüxtəlifliyinin sənədləşdirildiyi yeganə mənbə və milli sərvətdir. Ona əsasən bitki, göbələk və s. qrup orqanizmlərin taksonomik qrupları tədqiq edilir, məlumat siyahıları (checklist) və floralar yazılır.
Qeyd edək ki, dünyada 1500-dək tanınmış herbari fondu var və Botanika İnstitutunun herbarisi (beynəlxalq kodu: BAK) onlardan biri olaraq “Index Herbariorum” qlobal kataloquna daxil edilmişdir. İndeks ilk olaraq Bitki Taksonomiyası üzrə Beynəlxalq Assosiasiya tərəfindən (1952–1974), daha sonra Nyu York Nəbatat bağı tərəfindən nəşr edilmişdir və sonradan herbariyə dair işlərdə rəsmi olaraq kod istifadə edilir.
Herbari fondunda 100 illik bir dövrü əhatə edən Azərbaycanın bütün ərazilərindən toplanmış bitki nümunələri qorunur. Bundan öncə isə 1800-cü illərə aid Qafqaz ərazisindən toplanmış herbari nümunələri ayrıca saxlanılır. Bitki nümunələri içərisində ot, kol, ağac bitkilərinə aid 135 fəsilə 1065 cinsi əhatə edən 600 000-ə yaxın herbari nüsxəsi vardır.
Herbari nüsxələri əsasında 3 cildlik I nəşr, 8 cildlik II nəşr Azərbaycan florası, 5 cild 6 kitabdan ibarət mikoflora çoxcildliyi, Azərbaycan Respublikasının Qırmızı Kitabının 1-ci, 2-ci və 3-cü nəşrləri, digər monoqrafik kitablar və yüzlərlə məqalələr dərc olunmuş, bu çap işlərində birbaşa BAK nömrə, toplanma yerləri və s. parametrlər göstərilməklə herbari nümunələrinə istinadlar edilmişdir. Bu nümunələr xüsusi şəraitlə təmin olunmuş otaqlarda temperatur 18 0 C dən çox olmayaraq saxlanılır.
Botanika İnstitutu və Andrew W.Mellon Fondu (ABŞ) arasında imzalanmış Əməkdaşlıq haqqında razılaşma əsasında İnstitut Qlobal Bitki Təşəbbüsünə (GPI) qoşulub və tarixdə ilk dəfə olaraq tip numunələri haqqında məlumatlar GPİ məlumat bazasına daxil edilmişdir. Botanika İnstitutu ilə Berlin-Dahlem Botanika Bağı və Botanika Muzeyi (Almaniya) arasında imzalanmış Razılaşma Memorandumu əsasında Botanika İnstitutunun dəyərli herbari materiallarının qorunması və rəqəmsallaşdırılması istiqamətində uğurlu addım kimi herbari nüxsələri haqqında məlumat və şəkillər Avropa Virtual Məlumat Bazasına daxil etdirilmişdir və davam etdirilir.
"Paralel.az"