İcra başçısı Sumqayıt stadionuna ayrılan pulu necə yeyib?-Ağılasığmaz maxinasiya

İcra başçısı Sumqayıt stadionuna ayrılan pulu necə yeyib?-Ağılasığmaz maxinasiya
 

Azərbaycan futbol ictimaiyyəti bir müddətdir Sumqayıtda tikilən Mehdi Hüseynzadə adına stadionun istifadəyə verilməsini gözləyir.

Prezident İlham Əliyevin 21 noyabr 2019-cu il tarixli sərəncamı ilə yenidən qurulan arenanın açılışı 5 aydır baş tutmur. Stadiondakı işlər ötən ilin dekabrında başa çatsa da, açılış reallaşmır. Səbəb(lər) nədir?

Bu vəziyyət müxtəlif söz-söhbətlərin yaranmasına səbəb olub. Publika.az mötəbər mənbələrdən stadionun açılışını yubadan səbəblərlə bağlı məlumatlar alıb. Stadionun yenidən qurulması zamanı layihədə nəzərdə tutulan əksər məsələlər reallaşdırılmayıb. Əsas problem arenanın tutumu ilə bağlıdır. İlkin layihədə stadionun 16 min tamaşaçı qəbul edəcəyi deyilsə də, yekunda bu rəqəm 9502-ə qədər enib.

Bunun 545 yeri VIP, qonaqlar, rəsmi şəxslər və media üçün nəzərdə tutulub. Bu o deməkdir ki, stadiondan oyunları heç 9 min azarkeş izləyə bilməyəcək. Başqa bir vacib məsələ ehtiyat meydançalarla bağlıdır. Stadionun yanında 2 köməkçi məşq sahəsinin salınması planlaşdırılırdı. Ancaq həmin meydançalardan, ümumiyyətlə əsər-əlamət yoxdur.

Bundan başqa, ilkin layihədə komandaların və qonaqların qalacağı otel nəzər tutulub. Ancaq həmin binanı da gördüm deyən olmayıb. Stadionun qarşısında musiqili fəvvarə də olmalıydı ki, o da ortada yoxdur. Stadionun fasadı da yarımçıqdır. Ön hissə göy-ağlı mansar, yan və arxa hissənin isə adi beton-daşdan olması da diqqətdən yayınmır. “Dünyada bu arenanın analoqu yoxdur” desək, yanılmarıq. Çünki bütün hissə əvvəlcədən planlaşdırıldığı kimi göy-ağ rəngli olmalı idi.

Stadionun işıqlandırılmasında da ciddi problem var. Futbol qurumlarının yoxlaması zamanı məlum olub ki, sistem düzgün qurulmadığı üçün burada oyunlar keçirilə bilməz. Problemlər bununla bitmir. Stadionun adının daşıdığı Mehdi Hüseynzadə ilə bağlı da ciddi səhvə yol verilib.

Normalda arena kimin adınadırsa, həmin şəxsin büstü stadionun qarşısına qoyulur. Sumqayıtda isə vəziyyət tərsinədir. Sovet İttifaqı Qəhrəmanın büstü girişə deyil, stadionun arxasına - dənizə tərəf qoyulub. Ən dəhşətlisi odur ki, büstün üz hissəsində ciddi problem var. Onun dəyişdiriləcəyi bildirilsə də, 5 aydır bu da reallaşmır.

Qeyd etdiyimiz bütün məlumatlar yoxlamalar zamanı aşkarlanıb. Bu da stadionun istifadəyə verilməsinə imkan vermir. Sadaladığımız faktlar kifayət qədər ciddi məsələlərdir.

Arenanın inşasına cavabdeh olan qurum isə Sumqayıt Şəhər İcra Hakimiyyətidir. Məhz qurumun yol verdiyi səhvlər böyük bir şəhərin yeni stadiona qovuşmasına mane olur.

Ölkə başçısı İlham Əliyevin sərəncamı ilə ilkin olaraq 5 milyon manat ayrılmışdı. Təbii olaraq, stadionun daha yüksək məbləğə tikildiyi məlumdur. Çünki təqdim edilən layihə əvvəlcədən araşdırılmış və müsbət cavablandırılmışdı. Ancaq planlaşdırılanların böyük bir hissəsinin reallaşmaması haqlı şübhələrə və yoxlamalara səbəb olub. Görünür ki, stadionun gözlənilən formada təqdim edilməməsi Sumqayıt Şəhər İcra Hakimiyyətinə ciddi problem yaradacaq. Stadionun tikintisində ciddi maliyyə yeyintisinə yol verildiyi bildirilir.

Necə deyərlər, Sumqayıt İcra Hakimiyyəti bir stadionu ərsəyə gətirmək üçün az qala bir stadionu da “yeyib”. Arenanın tutumunun iki dəfə azaldılması, yardımçı meydançaların salınmaması, digər çatışmazlıqlar bunu deməyə əsas verir. Qurum isə 5 aydır tikintisi başa çatan arenanın nə vaxt istifadəyə verəcəyini açıqlanmır.

Şəhərin yeganə komandası "Sumqayıt" isə Azərbaycan Premyer Liqasındakı oyunlarını birtribunalı stadionda keçirir. Komandanın əvvəlcə bu mövsümün əvvəlindən, daha sonra isə fevralda Mehdi Hüseynzadə adına stadionda oynayacağı deyilsə də, bu reallaşmayıb.

Bundan başqa, futbol üzrə ölkə kubokunun finalının yeni arenada keçirilməsi planlaşdırılırdı. Ancaq Şəhər İcra Hakimiyyətinin yaratdığı problemlər buna imkan verməyib. Nəticədə Peşəkar Futbol Liqası oyunun Bakıda keçirilməsinə qərar verib.

Məsələ ilə bağlı aidiyyəti qurumların da mövqeyini öyrəndik. Öncə ev oyunlarını bu stadionda keçirəcək "Sumqayıt" klubunun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədovla əlaqə saxladıq. Klub rəsmisi Publika.az-a açıqlmasında məsələyə belə münasibət bildirdi:

"Stadionun hazırda bizə aidiyyəti yoxdur. Buna görə gedən proseslərdən məlumatsızıq. Bildiyimiz odur ki, işlər yekunlaşıb, açılışa hazırlıq gedir".

Rəşad Məmmədovun Sumqayıt şəhər İcra Hakimiyyətindəki həmkarı Eyvaz Qocayevin açıqlaması isə başqa cür oldu. O, yeyinti ilə bağlı iddiaları əsassız adlandırmaqla yanaşı, Məmmədovun açılışla bağlı açıqlamasını təkzib edib:

"İşlər yekunlaşıb. Açılışla bağlı hələ heç bir məlumat yoxdur. Stadionun tikintisi zamanı yeyinti olması ilə bağlı iddialara gəlincə, hamısı əsassızdır".

Sumqayıtlılar və futbol ictimaiyyəti isə səbrsizliklə Mehdi Hüseynzadə adına stadionun istifadəyə veriləcəyi günü gözləyir. Biz də məsələni diqqətdə saxlamağa davam edəcəyik.

Heybət Məmmədov

 

 

0.048195838928223