Bakı metrosunun növbəti stansiyası şəhərin hansı hissəsində açılacaq?
“Hazırda Bakı Metropoliteninin bənövşəyi xəttinin 4-cü stansiyası - şərti adı "B04" olan stansiyanın inşaat işləri davam edir. Stansiya Heydər Əliyev adına idman-konsert kompleksi ilə Mərkəzi Klinika arasında, Cəlil Məmmədquluzadə küçəsində yerləşir. Stansiyanın istifadəyə verilməsi 2025-ci il üçün gözlənilir, amma 2024-cü ilin sonuna qədər də yekunlaşa bilər. Hazırda fəal inşaat işi ancaq bu stansiyada aparılır”.
Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, yeni stansiya dörd səviyyədən ibarət olacaq. Üç səviyyə üzrə qazıntı işləri başa çatdırılıb, hal-hazırda dördüncü səviyyənin qazıntı işləri aparılır. Bu stansiyanın inşası müasir üsullardan hesab olunan "qruntda divar" yolu ilə aparılır:
“Bu səbəbdən, stansiya yuxarıdan aşağıya doğru qazılır. Ümumən bu inşaat üsulu məhdud məkanda ekoloji tələblərə daha ciddi şəkildə əməl olunması ilə səmərəli stansiya tikintisinə şərait yaradır. Stansiya kompleksinin uzunluğu 170 metrə bərabərdir, ümumi dərinliyi isə relyefindən asılı olaraq 29-32 metr aralığında dəyişir. Bu stansiyanın özəlliklərindən biri ondan ibarət olacaq ki, onun platforması 7 vaqonlu qatarları qəbul edə biləcək. Çünki, bənövşəyi xəttin bütün stansiyaları məhz 7 vaqonlu qatarlar üçün nəzərdə tutulub. Buna görə də, platformanın uzunluğu 144 metrə bərabər olacaq. Stansiyanın özündə bir səviyyədən digərinə keçid üçün qoyulan pilləkənlərlə yanaşı, eskalatorlardan da istifadə olunacaq”.
Bəxtiyar Məmmədov həmçinin qeyd edib ki, Bənövşəyi xətt üzrə inşa edilən "Avtovağzal", "Memar Əcəmi" və "8 Noyabr" stansiyalarında olduğu kimi, bu stansiyada da liftlər quraşdırılacaq. Stansiyanın adının verilməsi Nazirlər Kabinetinin səlahiyyətindədir, zamanı gəldikdə bununla bağlı müvafiq qərar veriləcək.
Paralel.az